Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:47

1920-ci il Gəncə üsyanının gizlinləri


Zakir Murad
Zakir Murad

AzadlıqRadiosunun «İz» proqramı 1920-ci il mayın 24-də başlayan və Gəncədə Cümhuriyyət bayrağını yenidən dalğalandıran məşhur «Gəncə üsyanı»nın izinə düşüb.

-
«Gəncə hər zaman mühafizəkar, milli ruhun modeli olan bir şəhər olduğundan, bu şəhərdə milli ideyanın formalaşması, gerçəkləşməsi üçün əlverişli zəmin olub».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının tarixdə ikinci Gəncə üsyanına həsr etdiyi verilişdə Gəncəli jurnalist Zakir Murad söylədi.

GƏNCƏ—MİLLİ RUHUN MODELİ ŞƏHƏR…

Onun fikrincə, təsadüfi deyildi ki, Cümhuriyyətin qurulması üçün ilk addımlar da Gəncədən başlamışdı:

«Əvvəl millətin müdafiəsi üçün «Difai» təşkilatı yaranmışdı… Birinci Dünya Müharibəsi dövründə «Gəncə Milli Komitəsi» qurulmuşdu. 1917-ci ildə Rusiyada Fevral inqilabı baş verdikdə, Nəsib bəy Yusifbəylinin «Ədəmi-Mərkəziyyət» partiyası yaranmışdı. Sonralar bu partiya Müsavatla birləşdi. Maraqlıdır ki, ümumi proqram kimi Nəsib bəyin partiyasının proqramı qəbul olunmuşdu».

ÜSYANIN SƏBƏBLƏRİ

Zakir Murad üsyanın başvermə səbəbini azərbaycanlıların xarakteriylə bağladı:

«Polkovnik Cahangir Kazımbəy də xatirələrində qeyd edir ki, üsyanın başlıca səbəbi azərbaycanlıların xarakterindən qaynaqlanırdı. Haqsızlıqlara dözüm onlara yad olduğundan onlar öz etirazlarını ucaltdılar. Konkret desək, Qızıl Ordu Gəncəyə girərkən, Azərbaycan ordusunun hissələrini tərksilah etməyə başladı. Həm də bunu alçaldıcı şərtlərlə etdi… Cahangir bəy yazır ki, gələn ordu tör-töküntüdən ibarət idi və onlar soyğunçuluqla məşğul olur, xalqı alçaldırdılar. Ona görə də, situasiyanı öyrənib bu qərara gəldik ki, dirəniş göstərsək, üsyan etsək, bu hakimiyyəti yıxa bilərik».

XALQ SİQNAL GÖZLƏYİRDİ

Zakir Murad bundan sonra təşkilatçıların yerli ağsaqqallarla görüşdüyünü deyir:

«O dövrdə Gəncədə çox nüfuzlu adamlar var idi. Sarı Ələkbər, Qaçaq Qəmbər, Qaçaq Məmmədqasım… Onlar bu qərara gəldilər ki, üsyana başlasınlar. Cahangir Kazımbəylinin rəhbərliyi ilə 3-cü Gəncə Alayından başlayan üsyana həm qaçaqların dəstəsi, həm də bütün xalq qatıldı. Cahangir bəy özü də yazır ki, xalq sanki haqsızlığa qarşı siqnal gözləyirdi. Üsyan başlayan kimi kim necə bacarırsa silahlanıb üsyançılara qoşuldu».

İLK UĞURLAR

Verilişin bələdçisi ilk vaxtlar şəhərin üsyançıların əlinə keçdiyini bildirdi:

«Mayın 24-25-i bütün mövqelər üsyançıların əlində idi. Onlar yaxşı müdafiə olunurdular. Azərbaycanın nizami ordusu da Gəncədə idi--Cahangir bəyin alayı. Mayın 25-də üsyançılar Qızıl ordunun kazarmalarını mühasirəyə aldılar və əsir götürdülər. Sonradan bolşeviklər Yelenedorf (Göygöl) tərəfdən hücuma keçdilər və həmin hücumların da qarşısı alındı. Şəhərdə ağsaqqallardan və ordu komandanlığından ibarət bir şura da yaranmışdı. Amma hamı bilirdi ki, üsyançılara qarşı əks-əməliyyat olacaq».

İKİNCİ İSTİQLAL BAYRAMI… MÜHASİRƏDƏ KEÇDİ

Zakir Murad mayın son günlərində bolşeviklərin əlavə qüvvələr aldığını söylədi:

«Onlar şəhəri amansız top atəşinə tutmağa başladılar. Üsyanın süqutu bundan sonra aydın oldu. Bundan əvvəl—mayın 28-də üsyançılar Azərbaycanın istiqlal bayramını qeyd etdilər. Şəhər mühasirədə olsa da, həmin il 28 May Gəncədə böyük coşqu ilə keçirilib. Amma Qızıl ordu qüvvələri güclənirdi. Zirehli qatar artıq Gəncə stansiyasına girmişdi. Mayın 28-dən sonra hücumlar genişləndi. Mayın 31-dən iyunun 1-nə keçən gecə şiddətli hücumlar oldu. İyunun 2-dən vağzal tərəfdən zirehli qatarlardan atəş açmağa başladılar».

GƏNCƏYƏ ATILAN TOPLARIN İZLƏRİ…

Şəhərin hər yandan dövrələndiyini deyən bələdçimiz vəziyyətin çox ağır olduğuna da diqqət çəkdi:

«Həmin top atəşinin nişanları bugünədək Gəncədə qalmaqda idi. Bəzi binaların kərpiclə hörülmüş üst hissəsində topların izləri vardı… Üsyançılar iyunun 2-dən 4-dək mühasirəni yarıb adamları xilas etmək üçün çalışırdılar. Nəhayət, iyunun 4-də mühasirə yarıldı və camaatın bir hissəsi həm Gəncəçay, həm də Quşqaraçay tərəfdən çıxmağa başladılar və ətraf kəndlərdə gizləndilər. Üsyanın təşkilatçılarından olan Cahangir bəy də yazır ki, ayın 4-də mən alayı buraxdım və qalan hissələrlə həlqəni yarıb çıxmağa müvəffəq oldum…».

GÜRCÜSTAN NİYƏ KÖMƏYƏ GƏLMƏDİ?

Qırmızı Ordu - 1920
Qırmızı Ordu - 1920
Zakir Murad 1920-ci ilin aprel-may aylarında situasiyanın çox gərgin olduğunu deyir:

«Azərbaycan sovetləşən kimi onun adından Gürcüstana müharibə elan olundu. Halbuki Azərbaycan Cümhuriyyətinin Gürcüstanla dostluq və yardım barədə müqaviləsi vardı. Gəncə üsyançıları da inanırdılar ki, gürcülər bu əhdi unutmayıblar və qiyam qaldırsalar, gürcülər köməyə gələcəklər. Onlar Gürcüstana emissarlar da göndərdilər. Amma xəbər gəldi ki, gürcülər artıq bolşeviklərlə bir-birinə hücum etməmək barədə anlaşıblar…».

BU ÜSYANDA 12 MİN NƏFƏR QURBAN GETDİ

Zakir Murad bu üsyanı müstəqillik dadmış insanların etiraz səsi sayır:

«Gəncəlilər bu yolda 12 min adam itirdilər. Bəzi məlumatlara görə, bolşeviklər tərəfdən 8 min adam ölüb. Mən Gəncəli Cəlil kişinin dediklərini eşitmişəm. Onun üsyan vaxtı 14-15 yaşı varmış. 2000-ci ildə o mənə amansız hücumlardan, şəhərin top atəşinə tutulmasından, camaatın təşvişindən bir çox səhnələr danışırdı… Danışırdılar ki, şəhərdə başıpapaqlı kimi görsələr öldürürdülər. Alim Firudin bəy Köçərli, eləcə də Gəncəli maarifçi Mirzə Abbas Abbaszadə öz evinin qarşısında öldürüldü. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovli ilə birlikdə 79 nəfər yüksəkçinli zabit qətlə yetirildi».

TƏŞKİLATÇILARIN BAŞINA NƏLƏR GƏLDİ?

Zakir Murada Cahangir bəyin həyat yoluna da aydınlıq gətirdi:

«1888-ci ildə Gəncədə doğulmuşdu. Peterburq Hərbi Məktəbini bitirmişdi. Birinci Dünya müharibəsində çar ordusunda xidmət etmişdi. Həm də təyyarəçi idi. Gəncə üsyanının tanınmış araşdırıcısı Xanlar Bayramov onu Azərbaycanın ilk təyyarəçisi sayırdı. Cümhuriyyət qurulanda Vətənə dönür və alay komandiri olur. Üsyandan sonra Türkiyəyə mühacirət edir. Sonra onu Polşaya çağırırlar. Polşa ordusunda xidmət edir. Diviziya komandiri olur. İkinci Dünya müharibəsi başlayanda əsir düşür. Onu Almaniyaya gətirirlər. Emil Kur adlı bir Yelenedorflu (Göygöl) alman onu Abverə təqdim edir. Cahangir bəy orada bolşeviklərə qarşı mübariz kimi hörmətlə qarşılanır. 1943-cü ildə Berlində keçirilən Azərbaycan qurultayında da iştirak edir. Bir az sonra Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Ceyhun bəy Hacıbəyli ilə birgə Milli Birlik Partiyası yaradırlar. Almanların məğlubiyyətindən sonra SSRİ legionerlərin və onlara yaxın adamların təhvil verilməsini tələb edir. Cahangir bəylə birlikdə Türkiyəyə, sonra Polşaya gələn İsrafil bəy İsrafilbəyov tutulub təhvil verilir və güllələnir… Amma Misir kralı Fərrux Cahangir bəyə Romada sığınacaq tapmaqda yardımçı olur. Daha sonra Cahangir bəylə Düdənginski Münhendə açılan AzadlıqRadiosunun Azərbaycan redaksiyasında fəaliyyətə başlayırlar. 1954-cü ildə əvvəlcə Düdənginski, daha sonra Cahangir bəy DTK tərəfindən qətlə yetirilir. Üsyanın digər təşkilatçıları-- Cavad bəy Şıxlinski Türkiyəyə mühacirət etdi və 1959-cu ildə orada dünyadan köçdü. Dediyim kimi, general Məhəmməd Mirzə Qacar da güllələndi».
XS
SM
MD
LG