Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:54

Aysel Əlizadə və Rəbiqə Nazimqızı da AYB-yə "əlvida" dedi


Rəbiqə Nazimqızı
Rəbiqə Nazimqızı
-

Gənc yazar Aysel Əlizadə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb. A. Əlizadə Lent.az-a açıqlamasında bunu təsdiq edib: “Mən həmkarım Şərif Ağayara Yazıçılar Birliyində olan münasibətə görə bu addımı atdım”.

Gənc yazar onu da qeyd edib ki, Ş. Ağayarın Fikrət Qocanı təhqir etməsinə görə AYB üzvlüyündən çıxarılması doğru deyil: “Buna görə Şərif Ağayarı Fikrət Qocanın evinə, Fikrət Qoca olan məclisə buraxmaya bilərlər. Amma Yazıçılar Birliyi heç kəsin dədəsinin evi deyil ki, kimisə ordan çıxaralar”.

Gənc yazar onu da vurğulayıb ki, özünə hörmət edən hər kəs AYB-dən çıxmalıdır: “Həm də həmin birlik bağlanmalıdır”.

Şairə Rəbiqə Nazimqızı da Azərbaycan Yazıçılar Birliyini sıralarını tərk edib. Onun Kulis.Az-a göndərdiyi məktubda deyilir:

“Bu qərar yarım ildən çoxdur müzakirə olunur. O vaxt daha çox Qismətlə danışırdıq və deyirdi, gözlə, çıxmaq lazım olanda bir yerdə çıxacağıq. Mən də gözlədim. Qismət məni qabaqladı.

"Ədəbiyyat", "Ulduz", "Azərbaycan" nəşrlərində gəncləşdirmə prosesi getmədi. Gənc Ədiblər Məktəbinin növbəti yığmasına baxanda heyrətləndim. Ramil Əhmədi və Emin Pirini çıxmaqla o gənclərdə ədəbi cücərtilər yoxdur. Prezident təqaüdü siyahısında elə imzalar var ki, ümumiyyətlə, onların imzalarını ilk dəfə görürdüm. Bu barədə dəfələrlə Rəşad Məcidlə söhbətlərimiz olub. Bilirəm ki, onluq heç nə yoxdur. Ondan hər dəfə gənc imza tələb edirlər, amma zorla istedad yetişdirmək olmaz.
Aysel Əlizadə
Aysel Əlizadə

AYB-də qrupbazlıq, dostbazlıq davam edir. AYB-yə yaxınlığı şübhə doğurmayan müsabiqələrdə mətnlərə deyil, dostluq-tanışlıq münasibətlərinə əsasən mükafatlar verilir. Bundan başqa, adamlar fikirlərinə görə ittiham olunur. Məsələn, mən demirəm, Şərif Ağayar haqlıdır, mən deyirəm, adamı fikirlərinə görə qurumdan xaric etmək olmaz. Başqa bir uyğunsuz məqam Əkrəm Əylisli ilə baş verdi. Məsələyə ilk sərt reaksiya verənlərdən biri də mən oldum. Kəskin bir yazı yazdım. Amma sonra AYB-nin məlum bəyanatını görəndə diksindim. Yazıçılar Birliyi, az qala, repressiya maşını rolunu oynayırdı, bu artıq mənim də tərəfdarı olduğum ictimai qınaq deyildi, gecikmiş, adekvat olmayan reaksiya idi.

Məsələləri uzatmaq da olar, lakin buna ehtiyac görmürəm. Özümlə bağlı xüsusi narazılıq olmayıb, prezident təqaüdü almışam, ilk kitabımı AYB nəşr edib. Bir sözlə, mənə həmişə münasibət yaxşı olub. Buna görə də minnətdaram, amma məsələ tək məndə deyil axı..."

Beləliklə son günlər AYB-dən çıxanların sayı 7-ə çatıb.
XS
SM
MD
LG