Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:34

Rüstəm İbrahimbəyov Bakıya qayıdacağı tarixi açıqlayır


Rüstəm İbrahimbəyov (2010-ci ilin fotosu)
Rüstəm İbrahimbəyov (2010-ci ilin fotosu)
Milli şuranın sədri Rüstəm İbrahimbəyovun ABŞ səfəri başa çatır. O, Dövlət departamentində, Kongresdə görüşlər keçirib. AzadlıqRadiosunun müxbiri Richard Solash R.İbrahimbəyovla Amerika səfərinin son günü söhbət edir

- Vaşinqtona səfərinizin əsas məqsədi nədir?


- 20 ildə ilk dəfə olaraq Azərbaycanda demokratik qüvvələrin geniş koalisiyası olan Milli şuranı yaratmaq mümkün olub. Milli şuraya bir çox müxalifət partiyaları, QHTlər, vətəndaş cəmiyyəti, hüquq müdafiə təşkilatlarının nümayəndələri, görkəmli ictimai xadimlər qoşulublar. Bu təşkilat qarşıda gələn prezident seçkiləri ilə əlaqədar sənəd qəbul edib və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Mən də bu məsələlərlə bağlı Vaşinqtona gəlmişəm ki, burada həm hakimiyyətin, həm də Konqresin görkəmli nümayəndələri ilə görüşüb onları bizim proqramımız və niyyətimizlə tanış edim, onların rəyini öyrənim.

Məsələ burasındadır ki, ABŞ dünyada demokratiyanı dəstəkləyən və onun inkişafında maraqlı olan bir ölkədir. Ona görə də mən ümid edirdim burada bizim təşəbbüslərimizi dəstəkləyəcəklər və ümidimdə yanılmadım. İndi mən eyni işi Türkiyədə, Avropada və Rusiyada görmək fikrindəyəm. 93-cü ildən bəri Azərbaycanda saxtakarlıq edilmədən bir dəfə də olsun seçki keçirilməyib. Geniş beynalxalq dəstək olmadan qarşıda gələn seçkilərin də az-çox demokratikliyinə nail olmaq mümkün deyil. Odur ki, Milli şura belə bir beynəlxalq dəstəyi həm Amerikda, həm Rusiyada, həm Türkiyədə, həm də Avropada axtarır. Budur mənim səfərimin məqsədi.

- İndi kimlə görüşməyi nəzərdə tutursuz?

- Mən artıq bütün görüşləri başa vurmuşam. Ötən həftə tamamilə intensiv danışıqlarda keçib. Dövlət departamentində 2 görüşüm olub - Dövlət katibinin köməkçisi Uzra Zeya və onun müavini Thomas Melia ilə, Konqresdə Benjamin Carterlə, ABŞ-ın Rusiayda və Azərbaycandakı keçmiş səfirləri James Collins Richard Kauzlrichlə, Milli Demokratiya Fondundan (NED) Nadia Diuk və bu təşkilatın digər nümayəndələri – ümumilikdə isə 20-yə yaxın müxtəlif qurumların 50-dən artıq təmşilçisi ilə görüşlərim olub və özümcün müəyyən etdim ki, bu qurumlar Azərbaycandakı vəziyyətdən yaxşı xəbərdardırlar. Mənə deyirdilər ki, vətəndaşların hüquqlarnın qorunması nöqteyi-nəzərindən Azərbaycandakı durum çox ağırdır, total korrupsiyanı qeyd edirdilər, bildirirdilər ki, ABŞ-ın Azərbaycanla beynəlxalq təhlükəsizlik və enerji sahələrindəki əməkdaşlığına bamayaraq Azərbaycanda demokratiya məsələləri onları narahat edir və qarşıda gələn prezident seçkilərinin mümkün qədər demokratik keçirilməsinə köməklik üçün bütün qüvvə və səylərini qoyacaqlar, bu məqsədlə imkan daxilində çöxlu beynəlxalq müşahidəçilərin cəlb olunmasına çalışacaq, Azərbaycan rəhbərliyindən tələb edəcəklər ki, seçkilərdə iştirak edən bütün siyasi qüvvələrə bərabər imkanlar yaradılsın: sərbəst toplaşmaqda, seçicilərlə görüşməkdə eyni hüquqlar təmin olunsun, tərəflərə televiziyada bərabər vaxt verilsin.

Hazırda biz, müxalifət Bakıdan kənara çıxmaq imkanından məhrum edilmişik. Öz ofisimizə belə girə bilmirik, polis bizi içəri buraxmır. Az-çox sözün düzünü deyəni küçədən oğurlayıb günlərlə qazamatda saxlayırlar, bir sıra gənc fəallar həbsdədir, İlqar Məmmədov kimi görkəmli şəxsləri uydurma ittihamlarla tuturlar, çünki prezident seçkilərində öz namizədliyinin irəlü sürəcəyini elan edir. Bütün bu vəziyyəti nəzərə alaraq bizə dəstək vəd etdilər. Yəni birbaşa bizə yox, demokratik seçki mühitinin yaradılmasına.

Biz dedik ki, əgər seçkilər ədalətli keçirilsə və indiki prezident çoxluq qazansa, biz xalqın bu seçimini qəbul edəcəyik. Əsas odur ki, seçim sərbəst olsun, bizim məqsədimiz kimisə hakimiyyətdən devirmək deyil, bizim məqsədimiz xalqın öz hakimiyyətini müəyyən etmək kimi Konstitusiya hüququnun təmin olunmasıdır.

-Dövlət departamentindən konkret tələbləriniz nə oldu?

Biz Dövlət departamentindən tələb yox, nəzakətlə xahiş edirik ki, Azərbaycanda azad, ədalətli və demokraik seçkilərin keçirilməsinə kömək etsin. Yəni seçkiqabağı mühitin sağlamlaşdırılmasına nail olmaq üçün Azərbaycan rəhbərliyiniə güclü təsir göstərsin, hakimiyyət normal seçki kampaniyası keçirməyə imkan versin. Seçkilərin gedişi haqda obyektiv nəticə cıxarmaq, saxtakarlıq varsa onu elan etmək üçün kifayət qədər xarici müşahidəçilərin seçkilərə dəvət olunmasını təmin etsin. Başqa sözlə, xahiş etmirik ki, bizi dəstəkləsinlər, xahişimiz Azərbaycanda demokratiyaya dəstəkdir.

- Sizi yenicə müxalifətin lideri seçiblər, bu vəzifədə nəyə nail olmağa çalışacaqsız?

- Biz bəyannamə və beynəlxalq ictimaiyyətə müraciət qəbul etmişik. Orada bütün məqsəd və niyyətlərimiz öz əksini tapıb. Bu sənədlərin mahiyyətini qısaca belə ifadə edərdim ki, biz əsas diqqəti qarşıdakı prezident seçkilərinə yönəldirik. Bizim namizəd qalib gələrsə, cəmi 2 il bu kürsüdə oturacaq. Keçid dövrü elan olunacaq və bu dövrdə referendum yolu ilə Konstitusiyaya müvafiq düzəlişlər edilməli, 2 ildən sonra yerli, parlament və yeni prezident seçkiləri keçirilməli və bununla da onun rolu başa çatmalıdır.

- Siz kinomatoqrafsız, bu peşəniz yeni olan siyasi müxalifət rolunuza təsir edirmi?

- Mənim yaradıcılıq təcrübəm mənə çox kömək edir. Çünki bütün bunlar mənim üçün nisbətən yeni sahədir və bu olaylar mənə ancaq birbaşa iştirakçı kimi yox, həm də kənardan hər şeyi izləyən yazıçı kimi maraqlıdır. Məsələn, mən bütün dünya siyasətinə təsir edən ABŞ Dövlət departamenti haqda çox eşitmişdim, amma indi bilavasitə bu təşkilatın binasına girəndə mənə hər şey maraqlı idi. Eynilə Konqres, hərgah ki, cavanlığımda bir dəfə orada olmuşdum...Amma mən yaradıcılığı davam etdirirəm, yazıram, öz ssenarim əsasında çəkilən bir film üzərində işləyirəm. Siyasət vaxtımı alır, amma mən qələmi əlindən qoymayan yazıçı olaraq qalıram.

- Cənab İbrahimbəyov, bəs Azərbaycana nə vaxt qayıdacaqsınız?

- Mən sabah ABŞ-ı tərk edirəm, lakin qarşıda hələ Avropa turnesi, Türkiyə səfəri var və Amerikada gördüyüm işi bu ölkələrdə də həyata keçirəcəyəm, buna çoxlu vaxt lazımdır. Milli şuranın işində internet vasitəsilə iştirak edirəm. 18-i və 28-i iclaslarımız var, 28-də vahid namizədin irəli sürülməsi nəzərdə tutulub. Bu 2 iclasda ola bilməyəcəyəm, amma iyulun əvvəlində Azərbaycana dönməyim istisna olunmur. Bütün bunlar Milli şuradakı vahid namizədin müəyyənləşməsindən asılıdır. Məsələ burasındadır ki, Bakıda məni gözləyən real həbs təhlükəsi var. Məni öz hakimiyyətinə təhdid kimi görən rəsmilər, məni dayandırmaq üçün hər şey edə bilərlər. Mən isə hesab edirəm ki, ölkə xaricində ümumi işə daha çox fayda verərəm, nəinki ölkə daxilində məhbus kimi.

- Azərbaycana qayıtmaqdan qorxursuz?

- Baxır “qorxu” sözü ilə nəyi nəzərdə tutursuz? 74 yaşında adam nədən qorxasıdır ki...Söhbət faydadan gedir, mən Azərbaycanda demokratiyanın inkişafı üçün ölkə xaricində daha çox fayda verə bilərəm, yoxsa Azərbaycanda türmədə. Bax bu praqmatik nöqteyi-nəzərdən mən fikirləşirəm ki, hələ Azərbaycana qayıtmayım. Həm də axı Azərbaycandan kənarda çoxlu işlərim var. Hər dəfə Azərbaycandan çıxanda və ölkəyə daxil olanda məni sərhəddə xeyli gözlədirlər. İndi də Azərbaycana getsəm, təsəvvür edin, xaricə buraxmadılar. Mənimsə Avropa təşkilatlarında,Türkiyədə görüşlərim var. Qorxduğum budur, yoxsa özümə görə yox.
XS
SM
MD
LG