Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:23

«Hökumət Xədicə İsmayılovaya çirkin hücumlara son qoymalıdır»


Xədicə İsmayılova
Xədicə İsmayılova
-

Azərbaycan hökumət rəsmilərinin korrupsiyası ilə bağlı geniş yazıların müəllifi olan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı qarayaxma kampaniyası qətiyyətlə pislənilir. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu barədə bəyanat yayıb.

İsmayılovaya qarşı çirkin hücumlardan ən sonuncusu iyulun 29-da gizli yolla çəkilmiş intim xarakterli videonun internetdə yayılması olub. RATİ Azərbaycan hakimiyyətini İsmayılovaya qarşı davamlı təzyiqləri dərhal araşdırmağa, onun təhlükəsizliyini təmin etməyə və cavabdeh şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.

«Bu çirkin hücum Azərbaycan hökumətinin öz vətəndaşlarını lazımi şəkildə qoruya bilməməsinin, ölkədə jurnalistlərə qarşı düşmən mühitin hakimliyinin və media azadlığının kritik durumunun göstəricisidir», deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ xatırladır ki, 2012-ci ilin martında da jurnalist oxşar təhdidlə üzləşib, onun gizli kamera ilə çəkilmiş intim videosu internetdə yerləşdirilib. Lakin İsmayılova bundan sonra da susmayıb və öz əhəmiyyətli araşdırma fəaliyyətini davam etdirib. Jurnalistin bu işi üzrə də ciddi istintaq aparılmayıb, hər hansı təqsirləndirilən şəxs istintaqa cəlb edilməyib və cəzalandırılmayıb.

Xədicə İsmayılova yüksək çinli azərbaycanlı məmurlar və onların ailə üzvlərinin korrupsiya əməllərini ifşa edən çoxsaylı qalmaqallı araşdırmaları ilə tanınır. Bu fəaliyyətinə görə jurnalist daim hökumət-meylli qüvvələrin hədəfinə tuş gəlir.

Qurum xatırladır ki, Xədicə İsmayılova belə bir hücumun qurbanı olan ilk azərbaycanlı jurnalist deyil. Bu cür əməllərlə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid, maliyyə direktoru Azər Əhmədov, müxbirlər Natiq GüləhmədoğluQan Turalı da üzləşiblər. Jurnalistlərin şəxsi həyatın toxunulmazlığı hüququ pozularaq, onların intim görüntüləri internetdə yayımlanıb. Bu isə onu göstərir ki, Azərbaycan hökuməti kəşfiyyat agentliklərinin texniki və insan resurslarından qanunsuz istifadə edərək, hökumətə qarşı tənqidi yazılar yazan jurnalistlərə qarşı mərkəzləşdirilmiş qarayaxma kampaniyası həyata keçirir.
XS
SM
MD
LG