Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:19

AzadlıqRadiosu Bakını Xədicə İsmayılovaya qarşı təhdidləri dərhal araşdırmağa çağırır


Araşdırmaçı jurnalist Xədicə İsmayılova
Araşdırmaçı jurnalist Xədicə İsmayılova
-
Azadlıq və Azad Avropa Radioları Korporasiyası Azərbaycan hökumətini jurnalist Xədicə İsmayılovaya qarşı şantaj və hədə-qorxu kampaniyasını araşdırmağa çağırır. Radiodan yayılan rəsmi məlumatda bildirilir ki, iyulun 26-da yenidən araşdırmaçı jurnalist Xədicə İsmayılova şantaja məruz qalıb, onun qanunsuz yollarla əldə edilmiş intim görüntüləri internetdə yayılıb. Bu görüntülərin yayılmasından əlavə, onun dostu, müstəqil yazar və ictimai fəal Emin Millinin guya xanım jurnalisti gözdən salmağa yönələn saxta müsahibəsi yayılıb.

AzadlıqRadiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edən Xədicə İsmayılova 2012-ci ilin martında ilk dəfə şantajla üzləşmiş, onun qaldığı mənzildə gizli quraşdırılmış videomüşahidə qurğuları ilə çəkilən intim görüntüləri hökumət yönlü internet saytlarda yayılmış, ardınca da rəsmi mediada həmin videoya dair təbliğat aparılmışdı.

Hökumət rəsmiləri bu hadisənin araşdırılacağına söz versələr də heç bir tədbir görülməyib. Xədicə İsmayılova bildirir ki, müstəntiqlər yalnız onun dostlarını, ailə üzvlərini potensial şübhəlilər kimi dindirib.

Son günlər onun haqqında yenidən videoların yayılmasını özünə qarşı “mənəvi terror” adlandıran xanım jurnalisrt bundan əlavə fiziki məhvinə dair çox ciddi təhdidlər də aldığını deyir.

AzadlıqRadiosundan yayılan məlumatda qeyd olunur ki, prezident İlham Əliyev oktyabrda keçiriləcək seçkidə iştirak edərək siyasətdə az rast gəlinən bir hal kimi 3-cü dövr üçün prezident olmağa hazırlaşır. Xədicə İsmayılovanın prezident ailəsinin maliyyə fəaliyyəti barədə araşdırmaları isə prezidentin bu məqsədlərinə maneələr törədir.

Azadlıq və Azad Avropa Radioları Korporasiyasının fəaliyyətdə olan prezidenti və icra direktoru Kevin Klose Xədicə İsmayılovanı cəsur journalist kimi xarakterizə edərək ona qarşı son təxribatlardan hiddətləndiyini bildirir:

“Biz Azərbaycan hökumətindən Xədicəyə qarşı hücumları etibarlı və bütün detalları ilə araşdırmağa çağırır, jurnalisti riskə atan hərəkətləri pisləyirik. Biz onları ictimai maraqlar naminə çalışan jurnalistlərə dəstək və müdafiə barədə vədlərini yerinə yetirməyə çağırırıq.”

Azərbaycandakı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu da Xədicə İsmayılovaya qarşı “əxlaqsız və çirkin” hücumları pislədiyini bildirib. Təşkilat əlavə edib ki, “yerli xüsusi xidmət orqanları” yeni “biabıretmə kampaniyası”na da hazırlaşır.

Əməkdaşlarına hücumdan savayı aprelin 28-dən bu yana AzadlıqRadiosunun Türkiyədən peyk kanalları ilə Azərbaycana yayılan proqramlarının siqnallarına da müdaxilələr edilir. Beynəlxalq Yayım Bürosunun rəsmilərinə görə peyk siqnallarına maneələr qeydə alınıb. ABŞ Dövlət Departamenti rəsmilərinin bu maneələrin araşdırılmasına dair Azərbaycan hökumətinə müraciətləri də hələlik təmin edilməyib.
XS
SM
MD
LG