Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:07

ABŞ səfiri Azərbaycanda azad və ədalətli seçki prosesini təmin etməyə çağırır


Richard Morningstar
Richard Morningstar
-
Birləşmiş Ştatlar Azərbaycan hökumətinin prezident seçkisini oktyabrın 9-a təyin etməsini alqışlayır.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstarın adından yayılan bəyanatda deyilir. Səfir Azərbaycan hökumətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırır:
“Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olub. Biz Azərbaycan rəsmilərinə müraciət edərək onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq”.

AZAD VƏ ƏDALƏTLİ SEÇKİLƏR SADƏCƏ, SEÇKİ GÜNÜ BAŞ VERƏNLƏRLƏ MƏHDUDLAŞMIR
Bəyanatda daha sonra deyilir ki, səsvermə günü pozuntu hallarının məhdudlaşdırılması məqsədilə MSK-nın həyata keçirdiyi maarifləndirmə onları ruhlandırır.
“Bununla belə, azad və ədalətli seçkilər sadəcə, seçki günü baş verənlərlə məhdudlaşmır. Seçki öncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün partiyaların və maraqlı qrupların KİV-ə bərabər çıxışını, hər hansı müdaxilə olmadan ölkənin hər yerində seçki kampaniya aparılmasını və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir. Bura gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan ictimai meydanlardan istifadə edə bilməsinə imkan verən sağlam vətəndaş dialoqu mühitinin yaradılması da daxildir”.
ABŞ səfiri İlqar MəmmədovTofiq Yaqublu, eləcə də gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə prosesinin sürətləndirilməyə, şəffaf və ədalətli qərar çıxarmağa çağırır.
Bundan əlavə, səfir Azərbaycanı seçkilərin monitorinqinin aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) rəsmi dəvətin təqdim olunması barədə şifahi vədi yerinə yetirməyə də dəvət edir.
Bəyanat bu sözlərlə bitir:

“Rəsmilər yerli seçki müşahidəçilərini qeydiyyata almalı və ölkənin hər yerində seçki fəaliyyətini sərbəst şəkildə və qanuna müvafiq formada izləməyə icazə verilməlidir. Hökumətin konstruktiv iştirakı, eləcə də sərbəst və dinc fikir mübadiləsi sayəsində bu prezident seçkiləri Azərbaycan cəmiyyətini gücləndirmək üçün imkan yaradır və beləliklə də Azərbaycanın gələcək sabitliyi ilə bağlı bizim ortaq maraqlarımızı daha da möhkəmləndirir”.
XS
SM
MD
LG