Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

QİSMƏT. Kathy Acker: I absolutely love to f...k


Qismət
Qismət
-

Acker bir anda böyük uğur qazandı. Onun kitabları haqqında saysız-hesabsız məqalələr yazıldı,

Acker romanlarında çəkinmədən başqa yazıçılardan bəyəndiyi parçaları olduğu kimi plagiat edir və bunu oğurluq yox, mənimsəmə hesab edir.

Bütün bədəni tatularla, pirsinqlərlə dolu olan,qabığına sığmayan bu üsyankar qadın 1997-ci ildə xərçəndən öləndə, 30-dan çox kitab yazmışdı.



"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsində Qismət sizi dünyanın ən məşhur postmodernist yazarları ilə yaxından tanış edəcək..


QİSMƏT


Kathy Acker: I absolutely love to f...k


Bakıda “almaq” sözünün “götürmək”lə əvəzləndiyi illər idi. Məsələn, “maşın almaq istəyirəm” yerinə, “bir maşın götürmək istəyirəm” deyilməyə başlanmışdı.

Bu “götürmək” sözü o vaxtlar təzə-təzə yayılmağa başlayan kredit sisteminin qeyri-rəsmi sinoniminə çevrilmişdi və əlbəttə, bu “götürmək” felinin arxasında bir az da dükandan nisyə siqaret, tum, zavod çörəyi, o dövrün deyimi ilə “çubuş” götürmək vərdişi də sezilirdi.

Həmvətənlərimiz hər sahədə olduğu kimi bu “götürmək” sahəsində də qəribə batil inanclar icad etmişdilər. Bu əndrabadi inanclardan ən yayılmışı belə idi ki, paltar, telefon, maşın almaq istəyirsənsə, mütləq məhlə uşaqlarından, qonşulardan, qohumlardan kiminsə bələdçiliyindən yararlanmalısan. Paltar almaq istəyirsənsə, onda Mameddən soruş, keçən həftə təzə şalvar alıb, telefon almaq istəyirsənsə, Daşqın bilər, dünən bomba qiymətə işlənmiş Samsunq götürüb və s.

Hamı sözsüz bir razılığa gəlibmiş kimi öz ağlıyla, öz seçimi ilə hərəkət etməkdən imtina edib, mütləq başqasının “məsləhətinə” qulaq asırdı və balaca qurdayalanda məlum olurdu ki, o başqası da bir başqasının sözünə qulaq asıb, o başqası da bir başqasının.
Cathy Acker
Cathy Acker

Bu sözəbaxanlıq adamların canına elə yerimişdi ki, hər şeydə başqasının ağzını aramağa ehtiyac duyurdular. Məsələn, məhlədə hansısa oğlanın bir qızdan xoşu gəlirdisə, başqalarının o qıza baxmasını əngəlləmək üçün belə bir fəndə əl atırdılar. Axşam “besedka”da mırt vuranda ortaya bir sual tullayırdılar: “Zərişin qızı necə qızdı?” Əgər məhlə şurası qərar çıxartsa ki, yaxşı qızdır, onda sualı ortaya tullayan oğlan deyirdi ki, qızdan xoşum gəlir. Heç vaxt sevirəm, vurulmuşam deməzdilər. Yaxşı oğlan gərək “sevirəm” sözündən az istifadə edəydi.

Yox, əgər birdən kimsə qız haqqında nəsə oyan-buyan bir cümlə işlətsəydi, onda sualı ortaya atan binəva aşiq siqaretini yerə tullayar, yanındakına deyərdi ki, ver bir dənə də sənin siqaretindən çəkim, görüm necədir. Yanındakından siqaret istəmək söhbəti dəyişmək, özünü etinasız göstərməyə çalışmaq idi. Hamını sükuta qərq eləyən söhbətlər də olurdu:

“Filankəsin qızı necədir?”

“Yaxşı qızdır, amma nişanı qayıdıb...”

***

Kathy Ackerin “Litseydə qan və cəsarət” kitabında nəşriyyat müəllifi oxuculara belə təqdim edir: “Mənsub olduğu burjua ailəsinə, kapitalizmə, iqtidar alətlərinə söyüş və qan püskürən bir qadın – Kathy Acker. Pank şair, eksperimental romançı, performans sənətçisi, seks pozitiv feminist, striptizçi, şevalye qadın, yetkin fahişə, doymayan sevgili.”

“Litseydə qan və cəsarət” romanının konkret sujeti xətti yoxdur. Belə bir ümumiləşdirmə aparmaq olar:

Romanın baş qəhrəmanı 10 yaşında yetkinləşmiş Janey adında bir qızdır. Janey atasıyla birgə yaşayır, anası çoxdan ölüb. Janey tez-tez oğurluq edir, atasının həm qızı, həm də arvadıdır.

Atası başqa bir qadına aşiq olur və qızını evdən uzaqlaşdırıb, Nyu-York City-də bir məktəbə göndərir. Janeyin 13 yaşı olanda 80 yaşlı bir yazıçı ilə yaşamağa başlayır və bir gün evə girən iki nəfər onu oğurlayıb bir iranlıya satırlar. İranlı ondan professional fahişə düzəltmək istəyir. Onu bir otaqda bağlı saxlayır, Janey bir gün bir qələm və bir dəftər tapır, qərara gəlir ki, öz həyat hekayəsini yazsın.

Hadisələri belə sadə ifadə etdiyimə baxmayın, Kathy Ackerin romanında hər şey elə də sadə və aydın deyil. Roman boyunca bəzən anlamaq olmur ki, yazan kimdir, nəql edən kimdi, danışan kimdi.

Acker romanlarında daha çox "beat" nəslinin ustalarından olan Uilyam Berrouzun "cut-up" texnikasından istifadə edir. Çəkinmədən başqa yazıçılardan bəyəndiyi parçaları olduğu kimi plagiat edir və bunu oğurluq yox, mənimsəmə hesab edir.



Məsələn, “Litseydə qan və cəsarət” romanında Nathaniel Hawtorne-un məşhur “Qızıl damğa” əsərini şəhr edir və şərh edə-edə onun əsərini mənimsəyir, yaxud Bataldan, Delözdən və başqa filosoflardan bəyəndiyi fikirləri öz əsərində istinadsız istifadə edir.

Aleksandr Skidan onun haqqında yazır: “Ackerin əsərləri heyrətamizdir, çünki onda hələ stilistik qaydalar möhkəmlənməmişdi (sonralar tənqidçilər pank, kiberpank, denarrativ, dekonstruksiya kimi üslubları bir-birindən seçəcəkdilər), açıq-saçıqlıq hələ ifadə üsulu deyildi, ilk dəfəydi ki, bir qadından insan ruhunu fəth edən qarışıq və azğın bir intonasiya ilə qışqırıq çıxırdı.

Onun nəsrinə səmimilik qatan bu keyfiyyəti sonrakı əsərlərində tədricən yoxa çıxır. Bəlkə mən yanılıram, amma iş orasındadır ki, (təqribən belədir, az ya da çox belədir) sonralar xeyli yazıçı onu yamsılamağa başladı ki, bu da həmişə olduğu kimi, onun gətirdiyi yeniliyi gözdən saldı, insanların duyumunu kütləşdirdi. Onun mətnlərində gözlənilməzlik effekti (ahəngsizliyin ahəngdarlığı), bununla belə həm də təbiilik itdi, təkrarçılıq başladı, buna müvafiq olaraq əvvəlcədən gözlənilən, bilinən mətnlər doğuldu.

Acker bir anda böyük uğur qazandı. Onun kitabları haqqında saysız-hesabsız məqalələr yazıldı, bəziləri onları elə gurultulu hesab edirdi ki, hətta markiz de Sadın qələmindən çıxmış, radikal formanın və qadağan olunmuş dilin birləşdiyi “Təmiz şüurun tənqidi” əsərinin rok-n-roll versiyası da adlandırırdılar. Bu, yaralayan və partladan (darmadağın edən) ədəbiyyat idi.” (Sitat gətirilən parçanın tərcüməsi Namiq Hüseynlinindir.)

“Litseydə qan və cəsarət” romanında insest, pedafillik, abort, bədii formaların seks pozaları kimi dəyişməsi, kişi və qadın bədəninin, eləcə də parkın, binanın əllə çəkilmiş rəsmləri, sxemləri mövcuddur. Roman başdan-ayağa açıq-saçıq dillə yazılıb, fəsillərdən biri yarı farsca, yarı ingiliscə yazılmış sözlər, şeir parçaları şəklindədir.

Kathy Acker postmodern dünyanın mərkəzsizliyini, parçalanmışlığını formaların qeyri-sabitliyi ilə ifadə edib və əlbəttə ki, qəlibləşmiş sujet-kompozisiya modellərinə qarşı misli görülməmiş bir üsyana qalxıb.

Bütün bədəni tatularla, pirsinqlərlə dolu olan,qabığına sığmayan bu üsyankar qadın 1997-ci ildə xərçəndən öləndə, 30-dan çox kitab yazmışdı.

***

Bir dəfə məhlə uşaqlarından biri siqaretinin kötüyünü sümürə-sümürə “vızıv”lıq konturu qalmış tələbə səsilə belə dedi : “Alə, bir qız tapın sevək də. ”Dedim, brat, nəğd alaceysən, ya kreditnən?" Əvvəl gözünü döydü, sonra söhbəti başa düşdü, hırıldadı.

Seks sözünün ancaq adı ilə kayf tutan məmləkətimizin insanları “second hand” bir ömrü aybaay, kredit-kredit yaşayır, eləmədikləri şeyləri eləyirmiş kimi danışırdılar və kim nə qədər çox seksi düşünürdüsə, o qədər də əhvalat uydurmağa, söyüşcül olmağa başlayırdı.

Mən ən çox o illərdə söyüşcül olmuşam.


Kathy Acker-in "Şəhvət" romanını burda oxu
XS
SM
MD
LG