Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 21:44

Ət-ət, pampers-pampers, çörək-çörək...


Cavid Zeynallı
Cavid Zeynallı
-

Sayt və qəzetlərdə istedadına şübhə etmədiyim bir adamın orta məktəb şagirdinin yazdığı inşa səviyyəsindən aşağı olan bir yazısına rast gələndə, bir az əsəb, bir az təəssüf hissi ilə itirdiyim vaxtıma heyfislənirəm.

Və adamı öz imzasını bilə-bilə gözdən salmağa məcbur edən əlahəzrət səbəbi xatırlayanda susmaq nədir, mumlamaqdan savayı çarə qalmır.



Cavid Zeynallı


Bu köşənin pulu pampersə gedəcək


“Azadlıq” radiosunun “Pen klub” proqramında “Köşə yazarlığı Azərbaycan yazıçılarını tükəndirib məhv edir?” mövzusunda debat keçirilib. Əslində, bu sual illərdən bəri aktual olan, dəfələrlə dartışılsa da, açıq qalan məsələdir. Ədəbiyyata, daha doğrusu, illərlə köşə yazmaq üzündən ortalığa normal əsər çıxara bilməyən istedadlı adamlara ürəyi yananlar təəssüfü təəssüf üstündən gətiriblər ki, özünü qəzet künclərində xərcləyən neçə-neçə qələm adamı gözgörəti məhv olub.

Bəs deməzsənmi, həmin istedad dağarcıqları ortalığa elə bir sanballı əsər qoyardılar ki, “Nobel” mükafatı yallı üstündə uca vətənimizə təşrif gətirərdi. Mən ölüm, istehzanı dərd eləməyin, şeytan məni dümsükləyir ki, adam kişi olar, boğazdan yuxarı çərənləmə, könlündə yazmaq azarı olan adam yuxusundan kəsər, münasib yerini əziyyətə salıb oturar bir yerdə, Allah verəndən yazıb-tökər.

Mən də bu məlun şeytanı inandıra bilmirəm ki, ay dönük, onlar doğrudan-doğruya istedadlı adamlardır, sözdən savayı pənah aparmağa sığınacaqları yoxdur. Və onu da öz-özümə pıçıldayıram ki, yazmaq təkcə ovqat və istedad deyil, həm də dincə qoyulmuş candır, gündəlik məişət qayğıları ilə məşğul olan beyindir. Zalım həqiqət də üzümə irişir: bu boğazıma təpdiklərinin hamısı bəhanə deyil ki? Həqiqətin sualı qarşısında mənim üzümün biri ağ, o biri qaradır, ona görə dərinə getmədən söhbətin ağzını azdırmaq lazımdır.

Yazıçını hər gün köşə yazmağa məcbur edən bircə səbəb var: DOLANIŞIQ. Mərdi namərd yoluna gətirən bu doqquz hərflik bəla Azərbaycan yazıçısının boğazına çöküb, hər gün onun qanını içməkdən doymur. Bu məmləkətin Zamini, Şərifi, Pərvizi, Seymuru, cari məsələlərdən yazı qaralayıb yeri gələndə “xaltura” ilə məşğul olmağa könüllü qol qoymurlar. Və nə gizlədim, elə indicə ürəyimə axmaq bir sevinc doldu: ilahi, nə yaxşı mənim həyatım köşədən aldığım qonorarın ümidinə qalmayıb. Aldığım maaşla başımı dolandırıram və işdi-şayət, qonorar ümidinə qalsaydım, “xaltura” nədir, sözün müqəddəsliyinin dalına bir təpik ilişdirər, yazının lap anasını da ağladardım ki, təki üç-dörd min işarə sayı tez dolsun.

Elə ona görə də, sayt və qəzetlərdə istedadına şübhə etmədiyim bir adamın orta məktəb şagirdinin yazdığı inşa səviyyəsindən aşağı olan bir yazısına rast gələndə, bir az əsəb, bir az təəssüf hissi ilə itirdiyim vaxtıma heyfislənirəm. Və adamı öz imzasını bilə-bilə gözdən salmağa məcbur edən əlahəzrət səbəbi xatırlayanda susmaq nədir, mumlamaqdan savayı çarə qalmır.

Kimsə haqlı irad səsləndirə bilər: fəhlənin hər gün daş daşıyıb güzəran qurmağı normaldırsa, yazı-pozu adamının da gündəlik yazmağı faciə deyil. Razı! Amma çörəyi daşdan çıxan onlarla adam tanıyıram, üç-beş ilə bir ev qaralayıb başını içinə sala bilir, gündəlik köşə yazan qələm əhli isə ikicə sot torpaq almağın da öhdəsindən gələ bilmir. Lütfən, gündəlik yazmağa Orxan Pamuku misal çəkib özünüzü əziyyətə salmayın, necə deyərlər, bu xına, o xınadan deyil. Pamuk bəy əfəndi romanının bir fəslini yazmaqdan ötrü Türkiyəni ələk vələk edəndə, bizim köşə yazarlarımız yayda dincəlmək üçün on beş günlük bir dağ kəndinə üz tuta bilmirlər.

Facebokda status yazmışdım: hər gün məcbur olub köşə yazmaq bədbəxtliyin başqa adıdır. Üstəlik əlavə etmişdim, məncə, dolanışıq qayğısı olmasa, köşə yazarları yazmağa tüpürüb bir müddət qələmdən uzaq gəzərlər. Pərviz Cəbrayıl fikrimi təsdiq etdi: əlbəttə, yalnız söz demək, ortalığa mövqe qoymaq ehtiyacı hiss edəndə yazmaq olardı. Kaş dərdimiz söz demək ehtiyacı hiss edəndə mövqe sərgiləməkdən ötrü yazmaq olardı! 30-40 manat qonorardan sarı can çürütmək yox!

O ki qaldı “köşə yazmaq bədii yaradıcılığa mane olurmı?” sualına, bir yarımçıq hekayəm var, onu tamamlamaqdan ötrü ovqata düşmüşdüm ki, bu köşəni yazmaq həvəsi gəldi. Bu saatdan sonra hekayə yazmaq nədir, heç cümlələrin üzünə də tüpürmək istəmirəm. Bir şey ki pul gətirmir, onun ovqatına düşməyə nə verirlər?

Dördcə min işarəlik bu yazının qonorarı ilə evə iki kilo ət, oğluma bir bağlama pampers alacam. Hesablayıb baş sındırmayın, yerdə qalanı da bir-iki günlük çörəkpulu ancaq edər. Bax, biz beləcə ət-ət, pampers-pampers, çörək-çörək qəzet səhifələrinə, sayt künclərinə səpələnmişik.

Di, qan-qaraçılıq olmasın, boş verin, cəhənnəmə səpələnmişik...

kulis.az
XS
SM
MD
LG