Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Mübariz Qurbanlı: «Ermənistan zəif bənd olaraq...»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna müsahibəsində Ermənistanın Gömrük İttifaqına daxil olmaq qərarını belə şərh edir:

– Ermənistan bu gün yarı-müstəqil ölkədir. Bunu hamı birmənalı qeyd edir. Rusiyanın rəsmi dairələri, rəsmi şəxsləri Ermənistanı «Rusiyanın forpostu» adlandırırlarsa, həmin ölkənin hava, quru sərhədini Rusiya mühafizə edirsə, iqtisadiyyatının 80 faizi Rusiya şirkətlərinin nəzarəti altındadırsa, belə bir ölkəyə müstəqil demək məntiqlə ziddiyyət təşkil edərdi. Ona görə Ermənistanın Rusiyadan asılılığı kifayət qədərdir. Ermənistanın müstəqil qərarlar qəbul etmək imkanı sıfıra bərabərdir. Belə bir şəraitdə Ermənistanın Avropa Birliyinə assosiativ üzv olmaq cəhdi elə beşiyindəcə boğuldu və boğulacaq. Bu gün Rusiyanın hər hansı çağırışı, sifarişi, göstərişi Ermənistan üçün birmənalı yerinə yetirilir. Ermənistan prezidentinin Rusiyaya səfəri zamanı Gömrük, Avrasiya İttifaqı ilə bağlı verdiyi vədlər, bəyanatlar, imzaladığı sənədlər deyilənləri bir daha təsdiqləyir. Ermənistanın Gİ-na girməsi heç nəyi dəyişmir, bu ittifaqda olsa da, olmasa da, Rusiyanın vassalı idi və həmin ittifaqda olmaq siyasətinə heç bir yenilik gətirməyəcək. Gİ-na girmək onun iqtisadi inkişafına, hansısa formada divident əldə etməsinə də gətirməyəcək, çünki iqtisadiyyatı çökmüş vəziyyətdədir. Digər tərəfdən, Gİ-na girib, paralel Ümumdünya Ticarət Təşkilatının üzvü kimi fəaliyyət göstərəndə müəyyən ziddiyyətlər ortaya çıxacaq. Görünür, bu ziddiyyətləri gözaltına alıblar və ya almayıblar.

– Hansı ziddiyyətlər yarana bilər?

– Gömrük İttifaqının özünəməxsus şərtləri var. Onlar da istər-istəməz Ermənistanın ÜTT üzvü kimi fəaliyyətinə mənfi təsir göstərəcək. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin tərəfindən ortaya atılmış Avrasiya İttifaqı məsələsində də Ermənistan zəif bənd olaraq Rusiyanın yanında duracaq. Yəni, Ermənistan prezidentinin bu məsələdə müqavimət imkanları yox idi. Heç buna təzyiq demək olarmı, bilmirəm. Kimə təzyiq edəcək? Təzyiqsiz də nə deyirlər, onu edir.

– Bəs Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyada nə isə dəyişə bilərmi? Avropa rəsmiləri məhz həmin münaqişə ətrafındakı çətin duruma görə Ermənistanın Rusiyanın təzyiqi altında olduğunu deyirlər.

–Bütövlükdə Dağlıq Qarabağ münaqişəsi bölgədə geopolitik, geostrateji, geoiqtisadi maraqlar naminə istifadə olunur. Bu münaqişədən yararlanmaq istəyənlər var. Həmin münaqişə vasitəsilə Azərbaycana təsir göstərmək istəyənlər var. Ermənistan da işğalçı tərəfdir. Ona görə Ermənistanın Gİ-na girməsi onun bu məsələdə, Qarabağda işğalçı mövqeyi ilə əlaqədar asılılığının göstəricilərindən biridir. Ancaq hansı ittifaqa girir-girsin, Dağlıq Qarabağ ərazisi işğal olunmuş ərazidir. Həmin hüquqi prinsiplər işğal olunmuş əraziyə şamil olunmayacaq. Beynəlxalq hüquqda «işğal olunmuş ərazilər» anlayışı var. Azərbaycan torpağıdır və işğal olunmuş ərazidir. Ona görə Ermənistan hara girir-girsin, oradakı hüquqi məsələlər işğal olunmuş ərazilərə şamil edilə bilməz.
XS
SM
MD
LG