Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

«Exit-poll»a nə qədər vəsaiti ayrılıb və kim ayırıb - açıqlanmadı...


Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı
-
Bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində «exit-poll»u ABŞ-ın «Arthur J. Finkelstein&Associates» (AJF) şirkəti həyata keçirəcək. Adıçəkilən şirkət bu işi «APA Holding»in sifarişi və tərəfdaşlığı ilə görəcək. Sentyabrın 10-da «APA Holding» MMC-nin direktoru Vüsalə Mahirqızı ilə adıçəkilən şirkətin icraçı direktoru Barbara Fiala arasında müqavilə imzalanıb.

«ONLARDAN MÜSBƏT CAVAB GƏLDİ»

«APA-Holding»in prezidenti Vüsalə Mahirqızının AzadlıqRadiosuna bildirdiyinə görə, onlar adıçəkilən Amerika şirkətinin bu sahədə təcrübəsini nəzərə alıblar:

«Biz baxdıq ki, AJF 40 ildən çoxdur bu fəaliyyətlə məşğuldur, müxtəlif ölkələrdə rəy sorğuları, «exit-poll»ar keçirib. Bu dəfə biz onlara müraciət etdik ki, APA-nın tərəfdaşı olaraq Azərbaycanda «exit-poll» keçirə bilərsinizmi və onlardan müsbət cavab gəldi, biz də dəvət etdik».

Vüsalə Mahirqızının dediyinə görə, seçkidən öncə AJF 1500 nəfər arasında sorğu keçirəcək. Sorğu aparılacaq dairə və məntəqələri Amerika şirkətinin özü seçəcək. APA-nın rolu informasiya dəstəyi verməklə bitəcək.

«MALİYYƏ BARƏDƏ MƏLUMATLARI AÇIQLAYA BİLMƏRİK»

Sifarişçi qurum kimi APA-nın bu işlərə ayıracağı maliyyə vəsaitinə gəlincə, şirkət prezidenti bu məlumatı açıqlaya bilməyəcəyini deyir:

«Vəsaitin müəyyən bir hissəsini biz ödəyəcəyik, orda böyük məbləğdən söhbət getmir. Amma AJF ilə bağladığımız müqaviləyə əsasən, maliyyənin həcmini açıqlamırıq».

«MALİYYƏ MƏLUMATLARI CƏMİYYƏTLƏ AÇIQ ŞƏKİLDƏ PAYLAŞILMALIDIR»

IREX hüquqşünası, media hüququ bilicisi Ələsgər Məmmədli seçki qanunvericiliyində media qurumunun «exit-poll» keçirməsi ilə bağlı hər hansı məhdudiyyətin olmadığını bildirir.
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Onun fikrincə, əsas məsələ belə bir məsuliyyəti üzərinə götürən qurumun cəmiyyətə açıq olmasıdır:

«Media, əslində, tərəf olmadığından «exit-poll»a nə qədər vəsait ayrıldığını, maliyyəni kimin və ya hansı mərkəzin ödədiyini, hansı metodologiyalarla işləməsi və s. məlumatları cəmiyyətlə açıq şəkildə paylaşmalıdır».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də media qurumunun «exit-poll» keçirməsində problem görmür. O, bənzər təcrübəni Almaniya və Ukraynada izlədiyini də deyir. Amma mərkəz rəhbəri MSK-nın təlimatını xatırladaraq, «exit-poll»u bu sahədə təcrübəsi olan təşkilatların keçirmək hüququ olduğunu yada salır:

«Belə bir halda «APA Holding»in sorğu keçirməsi həmin təlimatlara zidd sayıla bilər, çünki APA-nın bu sahədə elə bir təcrübəsi yoxdur».

«ƏFSUSLAR OLSUN Kİ...»

Anar Məmmədli MSK-nın təlimatındakı təcrübə və peşəkarlıq kimi məsələlərin də aşılmaz əngəl olduğunu düşünmür. Onun fikrincə, «exit-poll» keçirən təşkilat seçkidən xeyli əvvəl görəcəyi işlə bağlı güclü təbliğat aparmalı, fəaliyyətinin şəffaflığını təsdiqləyəcək bilgilər yaymalıdır ki, sorğunun nəticələri şübhə doğurmasın:

«Ancaq əfsuslar olsun ki, bunu APA barədə deməyə çətinlik çəkirəm. Həmin sorğunun nə qədər uğurlu olacağını indidən söyləməyə çətindir. İkincisi, maliyyə şəffaflığı məsələsidir. Bu cür sorğular keçirərkən bütün məsələlər, o cümlədən sifarişçi təşkilatın ayırdığı maliyyə vəsaitinin miqdarı aydın bilinməlidir. Bəlkə də bu məlumatlar yaxın vaxtlarda açıqlanacaq».

Anar Məmmədli
Anar Məmmədli
Anar Məmmədliyə görə, bənzər sorğuları sorğu təcrübəsi olan təşkilat keçirsəydi, daha yaxşı olardı.

«BİZ YALNIZ SİFARİŞÇİYİK...»

Vüsalə Mahirqızının fikrincə, «APA Holding» yalnız media qurumu kimi deyil, həm də analitik bir agentlik kimi fəaliyyət göstərir və zaman-zaman, xarici media qurumları, o cümlədən analitik şirkətlərin sifarişi ilə onlar üçün təhlillər də hazırlayır. «Exit-poll» keçirməklə bağlı təcrübəyə gəlincə, sifarişçi təşkilatın rəhbəri deyir ki, bunu onlar deyil, sifariş verdikləri şirkət keçirəcək:

«Biz yalnız sifarişçiyik. Tərəfdaş şirkət əlbəttə təcrübəlidir və müxtəlif ölkələrdə «exit-poll» təcrübəsi var».

«100 MİN DOLLARA YAXIN VƏSAİT TƏLƏB OLUNA BİLƏR»

«Exit-poll»a ayrılan vəsait açıqlanmasa da, Anar Məmmədli bəzi təxmini rəqəmlər səsləndirir:

««Exit-poll» ölkə üzrə məntəqələrin 10 faizində keçirilsə, bu zaman təxminən 100 min dollara yaxın vəsait tələb oluna bilər».

Oktyabrın 9-da Azərbaycanda «exit-poll» keçirəcək Arthur J. Finkelstein&Associates (AJF) şirkətindən bu məsələyə münasibət öyrənmək mümkün olmadı.

ƏVVƏLKİ «EXİT-POLL»LAR

Azərbaycanda daha öncə «Mitofsky International», «Saar Poll» «PA Consulting» şirkətləri «exit-poll» keçiriblər. Onların heç biri maliyyə vəsaiti ilə bağlı məlumatları açıqlamayıb.
Azərbaycanda parlament seçkiləri - 7 noyabr 2010
Azərbaycanda parlament seçkiləri - 7 noyabr 2010

Həmin təşkilatlardan biri Amerikalı Müşahidəçilər Qrupu missiyasının təşkilatçısı «Bob Lawrence&Associates» şirkətidir. ABŞ prezidenti Barack Obama-nın seçki kampaniyasının keçmiş rəhbəri David Plaff-ın Bakıya qalmaqallı səfərini təşkil edib, eləcə də prezident seçkiləri zamanı səsvermə prosesini müsbət qiymətləndirib. Həmin David Plaff Azərbaycan iqtidarını dəstəkləyən lobbiçilərin dəvətini qəbul etdiyi üçün aldığı 50 min dollarlıq qonorarı qalmaqaldan sonra demokratik qruplara ianə etməyə məcbur qalıb.

İşçi qrupda adının çəkilməsini istəməyən ekspertlərdən biri tədbiri təşkil edən, adı çəkilməyən həmin təşkilatların pulunun elə Azərbaycan hakimiyyəti tərəfindən ödənildiyini bildirmişdi. Həmin məlumatda o da bildirilirdi ki, sadəcə, həmin pul qrant və ya maliyyə yardımı şəklində amerikalı təşkilat vasitəsilə ötürülür ki, daha mötəbər görüntü yaransın.

«Renaissance Associates» şirkəti isə 2005-ci ildə Azərbaycanda qalmaqallı Mitofsky «exit-poll»unu təşkil edib. Mitofsky ölümündən əvvəl yazdığı xatirələrində sifarişçilərin «exit-poll» nəticələrini saxtalaşdırmağa cəhd göstərdiyini yazmışdı.
XS
SM
MD
LG