Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:52

YAP libaslı uşaqlar...


YAP namizədinin təşviqat materialını qaldıran yüzlərlə şagird gözə dəyir.
YAP namizədinin təşviqat materialını qaldıran yüzlərlə şagird gözə dəyir.
-
Bölgələrdə YAP namizədinin təşviqatına məktəblilərin cəlb edilməsi ilə bağlı şikayətlər var. Bunu açıq və qapalı tədbirlərdə də müşahidə etmək mümkündür. Hər toplantıda başlarının üstündən YAP namizədinin təşviqat materialını qaldıran yüzlərlə şagird gözə dəyir. Parklarda, küçələrdə tez-tez qarşımıza üzərində «İlhamla irəli!» sözləri yazılmış köynəkdə, YAP günlüklü papaqda olan uşaqlar çıxır. Hətta tozlu-torpaqlı kənd yollarında «qarğı at» çapan uşaqların bəzilərinin əynində də siyasi paltarlar var...

Bu, deyəsən, seçki kampaniyasında tətbiq edilən yeni vasitələrdən biridir. Baxmayaraq ki, uşaqların seçki hüququ yoxdur, amma görünür təşviqat vasitələrini daşımaqda onlar böyüklərə nisbətən daha üzüyoladır...

TƏŞVİQAT GEYİMLƏRİ MƏKTƏBLƏRDƏ PAYLANILIB

Saatlıda yaşayan, Əzizbəyov adına 2 saylı şəhər orta məktəbinin 7-ci sinif şagirdlərindən biri deyir ki, ona belə libası güləş müəllimi verib:

«Tək mənə yox, məşqə gedən uşaqların hamısına verilib».

Adının açıqlanmasını istəməyən İmişlinin 4 saylı tam orta məktəbinin şagirdi isə təşviqat paltarlarının məktəb direktoru tərəfindən paylanıldığını bildirir:

«Məktəbə o qədər paltar gətirmişdilər ki, ondan artıq da qaldı. Bəzi uşaqlar iki dəst alıb. Deyiblər seçkiyədək əyninizdə görməsək, köynəklərin qaytarılması tələb ediləcək».

Seçkinin ağırlığı məktəblərin, müəllimlərin üzərinə düşür.
Seçkinin ağırlığı məktəblərin, müəllimlərin üzərinə düşür.
«MƏKTƏB DİREKTORLARI HƏM YAP-IN, HƏM DƏ SEÇKİ KOMİSSİYASININ ÜZVÜDÜR»

Saatlı rayonunun Hacıqasımlı kənd tam orta məktəbinin tarix müəllimi Namiq Kazımlı seçkinin ağırlığının məktəblərin, müəllimlərin üzərinə düşdüyünü deyir:

«Kənd yerlərində normal şəraitli yer olmadığından YAP-ın təşviqat tədbirlərinin bəziləri məktəblərdə keçirildi. Seçki məntəqələrinin əksəriyyəti məktəblərdə təşkil olunub. Bir çox məktəb direktoru həm YAP-ın, həm də seçki komissiyasının üzvüdür. Onlar uşaqlara YAP paltarını paylamağa məcbur edilirlər»”

«O GÖRDÜYÜNÜZ UŞAQLAR MƏKTƏBLİ DEYİLDİLƏR»

Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov isə bu yaxınlarda Sabirabadda YAP namizədinin təşviqatı məqsədilə keçirilmiş kütləvi tədbirdə məktəblilərin iştirakını inkar edir:

«Onlar sizə uşaq kimi görünə bilər, amma məktəbli deyildilər. Valideynləri ilə birgə tədbirə gələn az sayda uşaq vardı ki, onların da əynində belə paltar görmədim. Rayon məktəblərinin heç birində təşviqat vasitəsi ola biləcək heç bir əşya paylanılmayıb. O tədbirə idarəmizin bir-iki mühasibi könüllü olaraq getmişdi.
Hafiz Həsənov
Hafiz Həsənov
Seçkidir, ola bilsin kimsə öz partiyasının xeyrinə haradasa, nəsə etsin, amma bizə belə məlumat daxil olmayıb».

«UŞAQLARIN SİYASİ FƏALİYYƏTƏ VƏ AKSİYALARA CƏLB EDİLMƏSİNƏ QANUN YOL VERMİR»

«Hüquq və inkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov bildirir ki, uşaqların siyasi fəaliyyətə cəlb edilməsi həm milli, həm də beynəlxalq qanunvericiliklə qadağandır:

«Uşaqlar ictimai təşkilat yarada, onun üzvü ola bilərlər. Amma onların siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir. «Təhsil haqqında» Qanun yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasını qadağan edir. «Mülki və siyasi hüquqlar haqqında pakt»a görə, uşaqlar BMT-nin Nizamnaməsində bəyan olunmuş ideallar, xüsusilə sülh, ləyaqət, azadlıq, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilməlidir. «Uşaq hüquqları haqqında Konvensiya»ya görə, öz baxışlarını formalaşdırmağa qadir olan uşaq özünə aid bütün məsələlər barəsində baxışları sərbəst ifadə etmək imkanında olmalıdır».
XS
SM
MD
LG