Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:25

MSK ilkin nəticələri elan etdi, İlham Əliyev qalib elan olundu

İlham Əliyevi ilk təbrik edən ölkə başçısı kim oldu, müxalifətin növbəti planları nədir? 9 oktyabr seçkilərinin tam xronologiyasını burada oxu.

15:04 10.10.2013
İ. Ağazadə: Bizim üçün dünən dünəndir
«Ortada Mərkəzi Seçki Komissiyasının rəsmi nəticəsi var. MSK-nın da elan etdiyi nəticəyə də nə mən, nə beynəlxalq təşkilatlar, nə də Avropa Məhkəməsi belə qarışa bilməz».
Bu sözləri APA-ya müsahibəsində seçkilərin ilkin nəticələrinə münasibət bildirən prezidentliyə namizəd İqbal Ağazadə deyib.
«Bizim üçün dünən dünəndir. Seçki bitib və biz artıq yeni seçkiyə - növbəti ilki bələdiyyə seçkilərinə hazırlaşırıq. Yolumuza davam edirik. Bütün siyasi partiyaları da barış və dialoqa, bundan sonrakı seçkilərə hazırlığa dəvət edirik. Hesab edirik ki, hakimiyyətin də bütün siyasi qüvvələri bu istiqamətdə hər şeyə yanaşmağı bacarmalıdır».
Ümid partiyasının sədr müavini Aynur İmranova isə Facebook profilində partiyadan istefa verdiyini açıqlayıb.
«Bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün Ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram» deyə açıqlamada bildirilir.
12:42 10.10.2013
C. Həsənli: «Seçkilər azad və ədalətli olmayıb»
«Seçkilərin nəticələri xalqın azad iradəsini ifadə etməyib»
Bu barədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahının oktyabrın 10-da yaydığı ilkin rəydə belə deyilir.
«Prezident seçkiləri qeyri-demokratik şəraitdə keçirilib, azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik qanunvericilik bazası olmayıb, bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib, seçki kampaniyası dövründə və seçki günü saysız-hesabsız saxtakarlıqlara və qanun pozuntularına yol verilib. Son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib» deyə ilkin rəydə bildirilir.
12:40 10.10.2013
Q. Həsənquliyev: «İlham Əliyevi təbrik edirik»
«Prezident seçkisində qalib gəlmiş İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram».
APA-nın məlumatına görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev deyib. O, digər namizədləri seçkinin nəticələrini tanımağa çağırıb.
12:19 10.10.2013
S. Cəlaloğlu: «Seçkinin nəticələri çox ciddi konyunkturaya məruz qalıb»
«Nəticələr ciddi konyunkturaya məruz qalıb»
Bunu Azərbaycan Demokrat Partiyasının prezidentliyə namizədi Sərdar Cəlaloğlu «Media forum»a açıqlamasında deyib:
«Düzdür, İlham Əliyevin bu seçkidə qalib gəlməsinin şübhə altına almaq düzgün deyil. Amma elan edilmiş rəqəmlər dəyişikliyə məruz qalmış rəqəmlərdir. Bu rəqəmlərlə seçkidə xalqın kimi dəstəklədiyini təyin etmək mümkün deyil».
Sərdar Cəlaloğlu hesab edir ki, real nəticələrə görə, o, 10-15 faiz səs toplayıb.
9 oktyabr seçkisində dövlət başçısı olmaq üçün 10 namizəd yarışıb.
Nəticələrə görə Sərdar Cəlaloğlu isə 0,63 faiz səslə sonuncu yerdə dayanır.

Davamı

XS
SM
MD
LG