13:24
9.10.2013
MÜŞAHİDƏÇİ DÖYÜLÜB
Oktyabrın 9-da 81 saylı Beyləqan Seçki Dairəsinin 8 saylı məntəqəsində AXCP sədri Füzuli Qəhrəmanlı döyülüb.
Bu haqda AzadlıqRadiosuna Füzuli Qəhrəmanlı özü məlumat verib:
«Mən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə edirdim. Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu».
Füzuli Qəhrəmanlı deyir ki, polis şöbəsində ondan ilkin izahat alınıb:
«İndi isə xəstəxanada həkim müayinəsindəyəm. Həkim deyir əməliyyat olunmalıyam».
81 saylı Beyləqan Seçki Dairəsinin sədri Azər Əliyev AzadlıqRadiosuna deyib ki, hadisə məntəqədə yox, kənarda baş verib:
«Çöldə dalaşıblar, məntəqənin yerləşdiyi ərazidə, adını qoyublar ki, hadisə məntəqədə olub. Məntəqədə belə hadisə baş verməyib».
13:33
9.10.2013
MSK: 2 MİLYON ADAM SƏS VERİB
Saat 12:00-a olan məlumata görə, ölkə seçilərinin 2 milyona yaxını səsvermədə iştirak edib.
Ən fəal seçki dairələri 36 saylı Xəzər, 14 saylı Salyan-Neftçala, Xəzər-Pirallahı seçki dairələridir. Burda seçki fəallığı 42-43 faizdir.
İnformasiya Mərkəzinin sədri Rüfət Gülməmmədovun açıqlamasına görə, gün ərzində onların qaynar xəttinə, Facebook səhifəsinə, elektron ünvanlarına müraciətlər gəlib. Qaynar xəttə 70-ə yaxın zəng olub. Müraciətlər ya seçki məntəqələrinin ünvanını dəqiqləşdirmək, ya da hüquqi məsələ ilə bağlı olub. Şikayət xarakterli müraciət olmayıb.
13:55
9.10.2013
YENİ AZƏRBAYCAN PARTİYASI MƏLUMAT YAYIB
Prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər edirlər.
Yeni Azərbaycan Partiyasının səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara görə, Cəmil Həsənlinin seçki məntəqələrindəki yerli müşahidəçiləri, eləcə də onun təmsil etdiyi radikal qüvvələrin nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar.
“Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusi ilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir.
Yeni Azərbaycan Partiyası seçki məntəqələrindəki müşahidəçiləri vasitəsi ilə daxil olan məlumatları dəqiqləşdirir. Nəticə barədə Mərkəzi Seçki Komissiyasına və kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.
Xəbəri yap.org.az saytı yayıb.
13:56
9.10.2013
İQBAL AĞAZADƏ SƏS VERİB
Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının 7 saylı məntəqəsində səs verib.İqbal Ağazadə deyib ki, günün sonunda seçki prosesi ilə bağlı məlumat yayacaqlar.