Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Amerikanı da güdənlər olub... Britaniya


Britaniya baş naziri David Cameron və Almaniya kansleri Angela Merkel
Britaniya baş naziri David Cameron və Almaniya kansleri Angela Merkel
.
Britaniya baş naziri David Cameron Avropa İttifaqının son sammitində ABŞ və Birləşmiş Krallığın müşahidə və güdmə əməliyyatlarını müdafiə edib.
Cənab Cameron qaçaq ABŞ casusu Edward Snowden-in və onun yaydığı məlumatları dərc edən qəzetlərin insanların həyatını risk altında qoyduğunu deyib.
Avropa İttifaqının sammitində ABŞ və Britaniyanın İtaliyanın kommunikasiya sistemlərini güdməsi kəskin tənqid olunduqdan sonra, Cameron bildirib ki, Washington və London Avropa müttəfiqlərini terrorizmə qarşı mübarizə məqsədilə müşahidə ediblər.
Baş nazir Cameron Avropa İttifaqının sammiti bitdikdən sonra mətbuat üçün açıqlama verib.
Bu sammitdə Almaniya kansleri Angela Merkelin telefon söhbətlərinin ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən izlənməsi barədə iddialar hiddətlə qarşılanmışdı.
NSA-nin həmçinin Fransada bir ay ərzində 70 milyon kommunikasiyanı güddüyü bildirilmişdi.
Agentliyin keçmiş casusu Snowden-in açıqlamaları ABŞ-ın Avropa müttəfiqləri ilə münasibətlərini son dərəcə pisləşdirib.
Washington hazırda bu müttəfiqlik münasibətlərinin “təmirinə” yönəlmiş tədbirlər barədə düşünür.
Qərbi Avropa müttəfiqləri isə, bu istiqamətdə konkret addımların atılmasını istəyir.
“Burada söhbət bizim Birləşmiş Ştatlarla münasibətlərimizin qorunub saxlamasından gedir, - deyib Fransa prezidenti François Hollande - etimad bərpa edilməli və möhkəmləndirilməlidir”.
Angela Merkel və François Hollande iddia olunan güdmə praktikasına son qoyulması üçün ABŞ-ı danışıqlara və xüsusi saziş imzalamağa çağırıblar.
Almaniyanın suallarına cavab alınması üçün, Berlin tezliklə öz baş casuslarını Washingtona göndərəcək.
Suallardan ən böyüyü kanslerin telefonunun nə məqsədlə güdüldüyü olacaq.
François Hollande
François Hollande
Avropa İttifaqının 28 üzv ölkəsinin başçıları tərəfindən imzalanmış bəyanatda deyilir ki, Snowden-nin açıqladığı informasiya, kəşfiyyat məlumatlarının paylaşılmasının vəziyyəti barədə ciddi narahatlıq doğurur.
Avropa Parlamenti terrorçu əməliyyatlar üçün maliyyə vasitələrinin toplanmasına dair məlumatın ABŞ-la mübadiləsi haqqında sazişin ləğv edilməsinə səs verib.
Avropa İttifaqının bəyanatında “ittifaq ölkələrinin öz arasındakı münasibətlərə” də toxunulub.
Şərhçilər bu ifadə ilə Britaniyanın nəzərdə tutulduğunu söyləyirlər.
BRİTANİYA AVROPANI ONUN ÖZ XEYRİ ÜÇÜN GÜDÜR?
Bundan bir qədər əvvəl İtaliya baş naziri Enrico Letta NSA-ni və Britaniyanın əsas kəşfiyyat qurumu GCHQ (Hökumət Kommunikasiyaları Baş Qərargahı) agentliyini öz ölkəsinin hökumətini və bizneslərini izləməsini “anlaşılmaz və qəbuledilməz” adlandırmışdı.
Çünki biz topladığımız informasiyaları başqa Avropa ölkələri ilə paylaşırıq
GCHQ həmçinin Belçikanın “Belgacom” firmasını izləməkdə ittiham edilmişdi. Avropa İttifaqının əsas qurumları bu şirkətin müştəriləridir.
David Cameron avropalı həmkarlarını inandırmağa çalışıb ki, əslində, Londonun kəşfiyyat fəaliyyəti Avropa İttifaqı ölkələrinin xeyrinədir.
“Çünki biz topladığımız informasiyaları başqa Avropa ölkələri ilə paylaşırıq” – deyib Cameron.
O, kəşfiyyat informasiyanı sızdıranları “ümumi düşmən” adlandırıb.
Bununla belə, David Cameron sızdırılmış məlumatları dərc edən qəzetlərin konkret olaraq adını çəkməyib və bu da təbiidir.
O sadəcə olaraq jurnalistləri “daha düşüncəli” olub, kəşfiyyat işinin əhəmiyyətini anlamağa çağırıb.
35 dünya liderinin NSA tərəfindən izləndiyi barədə Snowden-dən gələn məlumatları Britaniyada “The Guardian” qəzeti dərc etmişdi.
Müsəlman dünyasına rəğbəti ilə tanınan “The İndependent” isə yenə də Snowden-ə istinadən Britaniyanın Yaxın Şərqdə interneti monitorinq etdiyi barədə məqalə ilə çıxış etmişdi.
ABŞ-a QARŞI QƏTNAMƏ?
Lakin belə görünür ki, Almaniya bu məsələnin yalnız Avropa İttifaqı ilə məhdudlaşmasına imkan verməmək niyyətindədir.
Almaniya Braziliya ilə birlikdə BMT Baş Assambleyasına elektron kommunikasiyalarının mühafizəsi barədə qətnamə layihəsi təqdim etməyə hazırlaşırlar.
Hər iki ölkənin başçıları ABŞ tərəfindən güdüldükləri barədə iddialarla çıxış ediblər.
Maraqlıdır ki, iki ölkəyə qadın liderlər rəhbərlik edirlər və onlar şəxsi kommunikasiyalarının izlənməsinə çox həssas yanaşırlar.
Dilma Rousseff
Dilma Rousseff
Hüquqi baxımdan belə bir qətnamənin icrası icbari olmasa da, bu, indiyədək ABŞ kəşfiyyat orqanlarının fəaliyyətini pisləyən ən ciddi sənəd olacaq.
Qərb diplomatlarından adının çəkilməsini istəməyən biri deyib ki, Baş Assambleyanın belə bir qətnaməni qəbul edəcəyinə şübhə yoxdur, çünki dünyada çoxları, NSA tərəfindən güdülmələrindən məmnun deyillər.
Braziliya prezidenti Dilma Rousseff bundan əvvəl onun şəxsi kommunikasiyaları da daxil olmaqla ölkəsinə aid kommunikasiyaların NSA tərəfindən güdülməsi barədə iddialara görə Vaşinqtona dövlət səfərini ləğv etmişdi.
Braziliyada NSA-in güddüyü qurumların arasında dövlət neft şirkəti “Petrobras”ın da olduğu iddia edilib.
Braziliyanın Xarici İşlər Nazirliyi BMT Baş Assambleyası üçün qətnamə layihəsinin tərtibində iştirakını təsdiq edib.
Bununla belə, Associated Press agentliyi diplomatik mənbələrə istinadən bildirir ki, qətnamə ABŞ da daxil olmaqla heç bir ölkəyə qarşı “qərəzli” olmayacaq.
Qətnamə layihəsi gələn həftə Baş Assambleyanın sosial, humanitar, mədəniyyət və insan haqları ilə məşğul olan alt komitəsinə təqdim olunacaq.
Almaniya və Fransa bu ilin sonunadək Amerika ilə kəşfiyyat və təhlükəsizlik məsələlərinə dair yeni transatlantik qaydalar barədə sazişin imzalanmasına çağırıblar.
Angela Merkel
Angela Merkel
Angela Merkel bildirib ki, o, Barack Obama-dan üzrxahlıq yox, hərəkət gözləyir.
BRİTANİYA VAXTİLƏ ABŞ-ı GÜDÜB
Britaniya və ABŞ-da insan azadlıqları qrupları öz ölkələrinin güdmə əməliyyatlarına yönəlik hərəkətlərini tənqid edirlər.
Britaniyanın “Liberty” təşkilatının rəhbəri Shami Chakrabarti və Amerika Vətəndaş Azadlıqları İttifaqının (American Civil Liberties Union) başçısı Anthony Romero birgə bəyanatlarında deyiblər ki, “The Guardian” qəzetinin yazıları ABŞ və Birləşmiş Krallıq tərəfindən etimadın ciddi şəkildə pozulduğunu göstərir.
David Cameron-dan fərqli olaraq, bəyanat müəllifləri bildiriblər ki, "The Guardian” qəzetinin məqalələri pislənməməli, əslində alqışlanmalıdır.
Britaniyada mənzillənmiş “Big Brother Watch” təşkilatının rəhbəri Nick Pickles deyib ki, ABŞ və Britaniya hələ internetin və Facebook-un olmadığı vaxtlarda yazılmış qanunları pozublar.
Ən maraqlısı isə budur ki, heç demə həmin o internetin olmadığı vaxtlarda, İkinci Dünya Müharibəsi illərində, London ABŞ-dakı təcridçi qruplaşmaların fəaliyyətini izləyib.
Bu qruplar ABŞ-ın müharibəyə girməsinin əleyhinə çıxış edirdilər.
Britaniya Milli Arxivində üzərindəki məxfilik qrifi bu yaxınlarda qaldırılmış sənədlərdən görünür ki, baş nazir Winston Churchill 1940-cı ildə ABŞ prezidenti President Franklin D. Roosevelt-lə dövlət katibi Cordell Hull və ABŞ-ın Londondakı səfiri Joe Kennedy-nin telefon danışıqları barədə hesabatları müntəzəm şəkildə oxuyurmuş.
ABŞ dövlət katibi John Kerry çıxışlarından birində, təxminən belə bir fikri ifadə etmişdi ki, müasir dünyada hamı-hamını güdür.
XS
SM
MD
LG