Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:20

Son seçkilərin cib xərcliyi


Bakıda etiraz aksiyası, 28 yanvar 2007
Bakıda etiraz aksiyası, 28 yanvar 2007

-
Dövlət büdcəsinə 45 milyon manata başa gələn prezident seçkiləri geridə qaldı.
Bu, hələ dövlətin çəkdiyi xərc idi. Yarışa qatılan partiyaların da bir əli cibində oldu. Seçkiöncəsi təbliğata ayrılan pulları ürəklə açıqlayan kim, seçicisini nigaran qoyan, nəyin neçəyə başa gəldiyini bilmək istəyənləri intizarda saxlayan kim... Ayrılan maliyyə bir növ məhəkdaşı və ya lakmus kağızı rolunu da oynadı. Axı bilicilər siyasi partiyaların seçkiyə yanaşma ciddiliyini həm də xərclənən pullara görə ölçürlər.

Azərbaycan cəmiyyəti siyasi fəaliyyətdə pulun önəm dərəcəsini müəyyənləşdirmək üçün misilsiz fürsət qazandı – seçkilər kimin kim olduğunu, siyasi fəaliyyətin gerçək hədəfini gün işığına çıxara bilir. Beləcə, bir sualın da cavabı tapılır və prezidentlik yarışında pulun yeri aydınlaşır.

Siyasi partiya sözçülərini dinləsən, puldan çox insan resurslarının rolunu önə çəkirlər. Onlar partiya üzvlərinin fədakarlığına, könüllü işinə, olanını verməsinə bel bağladıqlarını deyirlər. Hədəfə çatmaq üçün kimi şəxsi avtomobilini işlədib, kimi də cibindəki pulu əsirgəməyib, kimi borc götürüb, kimi dostuna və ya qohumuna əl açıb...

Seçki cüzdanını açıqlayanlar arasında namizədlərin varlısı da var, borclu qalanı da.

SEÇKİÖNCƏSİ PULLAR: KİMİN NƏYİ VARDI...

Ümid Partiyası seçkilərə təxminən 80 min manat ayırıbmış. Partiyanın sədri İqbal Ağazadə belə deyir.

Ədalət Partiyasının seçkiöncəsi pulu yoxmuş. Dediklərinə görə, təbliğat və tanıtım işlərini ictimai əsaslarla, yəni pulsuz görüblər.

«Müasir Müsavat Partiyası bankdan 50 min manat kredit götürmüşdü» – sədr Hafiz Hacıyevin sözləridir.

Xüsusi reportajlar - 05.11.2013

Canlı müzakirə

Seçki təbliğatına Azərbaycan Demokrat Partiyası – 3 min, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 6 min manatla başlayıblar. Bu rəqəmləri partiya sədrləri – Sərdar Cəlaloğlu və Qüdrət Həsənquliyev dilə gətiriblər.

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə yarışa 6 min manatla qoşulub, o da qonum-qonşunun köməyi ilə.

Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyevin və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçkilərə nə qədər pul ayırdığını öyrənmək cəhdləri cavabsız qalıb.

AYLAR ÖNCƏ YARDIM...

Bir məsələni də yada salmağa dəyər: 2013-cü ildə bəzi partiyalar dövlətdən maliyyə yardımı aldı. Onların arasında prezidentliyə iddialılar da vardı. Deməli, məntiqlə həmin maliyyədən təbliğatda da yararlana bilərdilər. Rəsmi rəqəmləri xatırlayaq:
Yeni Azərbaycan Partiyası – 1 milyon 200 min manata yaxın; Ədalət, Milli Dirçəliş Hərəkatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ümid partiyasının hərəsi azı 100 min manat.

Dövlət dəstəyinə hələ qayıdacağıq.

Mediada partiya liderlərinin əmlak və gəlirləri elə çox dartışılmasa da, seçkilər müzakirələrə yol açdı və sanki yeni ənənə yaratdı. Jurnalistlər namizədlərin mal-mülkündən, maliyyə ehtiyatlarından söz açmağa başladılar. Canlı debatlarda səslənən ittihamlara cavab olaraq namizədlər də gəlir və mülkləri barədə bilgiləri açıqlamağa məcbur qaldılar. Amma hamısı deyil, bəyannaməni təkcə MSK-ya təqdim etməyi yetərli sayanlar da oldu. Onların gəlir və mülkləri barədə bilgilər seçicilərə qapalı qaldı

PREZİDENTLİYƏ NAMİZƏDLƏRDƏN KİMİN NƏYİ VAR?

Ümid Partiyasının namizədi İqbal Ağazadə deyir ki, onun adına əmlak yoxdur, amma:

İqbal Ağazadə
İqbal Ağazadə

«Adıma əmlak olmamağı, o demək deyil ki, mənim heç nəyim yoxdur. MSK mənim adıma olan rəsmi məlumatları istəyir. Məsələn, bu qərargah (Ümid Partiyasının qərargahı nəzərdə tutulur – V.Ə.) mənim anamın adınadır. Bura nə 2000-ci, nə 2003-cü, nə də 2007-ci ildə olub və vaxtilə – 1996-cı ildə bir mağazaymış. Mən də qonşuluqda yaşamışam. Mağaza satılanda biz alıb, özəlləşdirmişik. Ehtiyac duymamışam ki, öz adıma sənədləşdirim. O zaman nə siyasətdə idim, nə də siyasi proseslərdə. Anamın adınadır, amma mən istifadə edirəm. Bu o demək deyil ki, mənim bura mənəvi hüququm çatmır, – çatır. Amma hüquqi baxımından bura mənim əmlakım deyil...».


«QƏRARGAH ANAMIN, EV QOHUMUMUN...»

«...İndi yaşadığım ev bir qohumumun adınadır. O ev alınanda, mən başqa evdə qeydiyyatda idim, o zaman qanunlar sərt idi, icazə vermirdilər. Bir qohumum ora qeydiyyata düşdü. Münasibətlərimiz o qədər yaxşı, o qədər səmimidir ki, ortam o qədər güvənlidir ki, onu dəyişmək heç ağlımın ucundan da keçmədi. Adıma əmlak yoxdur, heç bir əmlak».

İqbal Ağazadə maliyyə hesabatını da MSK-ya təqdim edib:

«Rəsmi qaydada Azərbaycan Respublikasının Milli Məclisindən millət vəkili maaşı alıram və rəsmi gəlirim bundan ibarətdir».


«GİZLƏDİLƏSİ BİR ŞEY YOXDUR»

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyevə də eyni sualı ünvanladıq:

Fərəc Quliyev
Fərəc Quliyev

– Sizdən əmlak və gəlir bəyannamənizi ala bilərik?


– Heç bir problem yoxdur. Dostlardan bəziləri deyir ki, mənim adıma heç nə yoxdur. Bu, normal deyil. Mənim nəyim varsa, hamısı öz adıma sənədləşdirilib. Avtomobilim, torpaq sahəm, mənzilim var. Hər bir vətəndaşa da bunu arzulayıram. Normal şeylərdir, bu da MSK-ya göstərilib, gizlədiləsi bir şey yoxdur...

– Söylədiklərinizi sənəd şəklində əldə etmək olar?

– Xeyr, mən onu sizə verməli deyiləm, axı. Nəyə görə mən sizə sənəd verməliyəm?


MAŞININI, TELEFONUNU KREDİTLƏ ALAN İŞSİZ NAMİZƏD

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev:

- Bir dənə kreditə maşınım var. Banka hər ay 650 manat ödəyirəm. Bir dənə telefonum var, – bankdan kreditə götürmüşəm. Beşotaqlı evim var, ailəmlə birlikdə qalıram. O vaxt Ermənistandan ermənilər bizi deportasiya edəndə, oradakı evimizi burdakı ilə dəyişdirmişəm. Mənim mülküm bundan ibarətdir – istənilən orqan istənilən vaxt yoxlaya bilər.
Hafiz Hacıyev
Hafiz Hacıyev

– Aylıq gəliriniz nə qədərdir və bu qədər krediti necə ödəyirsiniz?

– Uşaqlarım işləyir. Biri ayda 700 manat alır, biri 630 manat, yoldaşım müəllim işləyir, dostlarım kömək edir. Rayonda qardaşım işləyir, təsərrüfatla məşğuldur, kömək edir. Belə çətin vəziyyətdə yaşayırıq.


«TORPAĞIM, BAĞIM, GƏMİM, YAXTAM, VİLLAM... YOXDUR»

Sosial-demokratların təmsilçisi Araz Əlizadənin dediyinə görə, adına olan 5 maşının yalnız biri ona məxsusdur:

«Mənim bir maşınım var. Bir maşınım Türkiyədə qəzaya uğrayıb, sənədləri də qalmayıb – hələ də mənim adımdadır. Daha 3 maşın da adımdadır – almışam, vəkalətnamə ilə satmışam, adımdan çıxarılmayıb. Beləliklə, adımda 5 maşın var və 143 kvadratmetr sahəsi olan mənzil.
Araz Əlizadə
Araz Əlizadə
Ayrı heç nəyim yoxdur – nə torpağım, nə bağım, nə gəmim, nə yaxtam, nə villam».

Araz Əlizadə maliyyə məsələlərini çözməkdən ötrü bank kreditlərindən də istifadə etdiyini deyir:

«Bizdə heç kəs maaş almır. İşsizlər partiyasıyıq. Üzvlərin 90 faizindən çoxu işsizdir. İki nəfər xırda bizneslə məşğul olan var. Onlar partiyaya yardım edirlər – kirayəhaqqını vermək və s. Kommunal xərclərlə birlikdə partiyanın qərargahına görə ayda 200 manat kirayəpulu ödəyirik».


MOSKVADAKI EV, NARDARANDAKI BAĞ...

Ədalət Partiyasının namizədi İlyas İsmayılov deyir ki, nə əldə edibsə, qanuni şəkildə olub:

«Moskvada işlədiyim vaxt mənə ev veriblər, o ev hələ də durur. İki oğlum var, biri Rusiya vətəndaşıdır.
İlyas İsmayılov
İlyas İsmayılov
Mənim adıma olsa da, o ev, əslində, onun evidir. Hər halda deklarasiya verməyə məcbur oldum. Bakıda 46 kvadratmetrlik mənzilim var. Həyat yoldaşım da, özüm də elmlər doktoru, professoruq. O zaman deputat yoldaşların təsiri ilə hamımız ərizə yazdıq ki, bizə ev verilsin, çünki hazırda 46 kvadratmetrə heç mənim kitablarım sığışmır. Ev veriblər, o da tikilir. Bir də 1988-ci ildə Nardaranda tikdirdiyim 50 kvadratmetrlik bağ evim var. O da təmirsizdir. Gəlirim MM-dən aldığım maaş və pensiyamdır, vəssalam».


NƏ XARİCİ QRANT, NƏ BANK HESABI

Seçkilər dövründə AXCP sədri Əli Kərimlinin olduqca iri məbləğdə bank əməliyyatları apardığı və 1 ilə 8 milyon dollar xərclədiyi haqda ittihamlar da səsləndi. O, «Azadlıq» qəzetində həmin ittihamları belə cavablamışdı:

«Heç zaman heç bir bankdan kredit götürməmişəm. Heç bir bankda heç bir hesabım olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açmışam ki, 2005-ci ildə parlamentə seçildiyim, amma mandatım ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsi ilə alım.
Əli Kərimli
Əli Kərimli
Heç bir xarici ölkədə mülkiyyətim və bank hesabım yoxdur. Nə özümün, həyat yoldaşımın, nə oğlumun belə bir hesabı və mülkiyyəti var. Bütün mülkiyyətim özümə aid mənzil (1993-cü ildə gənc mütəxəssis kimi almışam), bağ sahəsi və içində yarımçıq, uzun illərdir başa çatdıra bilmədiyim tikili, bir də həyat yoldaşımın 1991-ci ildə gənc mütəxəssis kimi aldığı mənzil olub. Sonradan oğlum Türkelin Böyük Britaniyada təhsil xərclərini qarşılamaq üçün həyat yoldaşımın evini satmışıq. Söylədiyim kimi, bağ evim hazırda yoxdur, yarımçıq tikili var, qismət olsa, nə zaman başa çatdırsam, bu haqda da mütləq ictimaiyyətə məlumat verəcəyəm».


«QƏDRİMİZİ BİLƏN DOSTLARIMIZIN SAYƏSİNDƏ...»

Müsavat başqanı İsa Qəmbər bildirir ki, xüsusi gəlir mənbələri yoxdur, çünki o, partiya başqanı vəzifəsindən başqa heç bir yerdə çalışmır:

- Müsavat Partiyasında elə maliyyə imkanları yoxdur ki, rəsmən maaş müəyyənləşdirib öz seçilmiş vəzifəli şəxslərinə maaş ödəyə bilsin, ona görə də çox məhdud imkanlarla keçinməli oluram.

- Həyatınızı necə təmin edirsiniz?
İsa Qəmbər
İsa Qəmbər

- Dostların sayəsində – bizim qiymətimizi, qədrimizi bilən dostlarımızın sayəsində... Əmlakıma gəlincə, mənzilim var, o mənə atamdan qalıb. 1982-ci ildən o mənzildə yaşayıram. Başqa mülkiyyətim yoxdur. Bank hesabım da heç zaman olmamışdı, amma iki il öncə Azərbaycanda parlament seçkilərində mənim hüquqlarım tapdandığı üçün Avropa İnsan Haqları Məhkəməsi hakimiyyəti məhkəmə hökmü ilə cəzalandırıb, təxminən 7 min 500 avroluq kompensasiya cəzası vermişdi. Həmin paranı mənə köçürmək üçün bank hesabı istəmişdilər. O zaman bir bank hesabı açmışdım və o pul da ora gəldi və təxminən borclara - xərclərə getdi.


KİM NƏ VERƏR, VERƏR...

Bank kreditləri, ailə və dost köməyi, bir də dövlətdən alınan maaş – həyatını təmin etmək üçün hərənin bir yerə ümidi var. Bəs bu rəhbər siyasətçilər partiyalarını necə və hansı pulla idarə edirlər?

AXCP oktyabrdan bəri ciddi pul ehtiyacı yaşayır, çünki təzə qərargah kirayələyiblər. Qarşı tərəfin istəyi ilə kirayəyə nə qədər haqq verdiklərini açıqlamırlar. Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyir ki, qərargah hazır olandan sonra cəbhəçilər başlayıblar nizamlı şəkildə üzvlük haqqını yığmağa:

«Ezamiyyətlərə və ya vicdan məhbuslarına xərcimiz çıxır. Onu bu qaydada edirik: məsələn, Nəsimi rayonundan məhbus yoldaşımız varsa, təşkilatçı olur o rayon, bütün o biri rayonlardan kimin gücü nəyə çatır, həmin rayonda təhkim edilmiş adama verir. Beləcə, sözügedən ailənin xərcləri ödənilir. Tutalım, mitinqdə plakat yazdırmaq lazımdırsa, dostumuz var, deyir ki, vərəqləri mən öz hesabıma çıxaracağam».

Partiya sözçüsü 3-4 il öncə AXCP-nin azı 40 min üzvü olduğunu deyir. Nizamnaməyə görə, hər üzv maaşının 1 faizi qədər üzvlükhaqqı ödəməlidir. Kağızda belə yazılıb, amma gerçək başqadır:

Natiq Ədilov
Natiq Ədilov

«Reallıq budur ki, üzvlərimizin çoxu işsizdir. Ona görə də bunu tətbiq edə bilmirik».

Müsavat Partiyası da bənzər sözləri deyir və bildirir ki, minimum 50 qəpik üzvlükhaqqı verən var. Tərəfdarların maliyyə çətinliyinə görə, konkret məbləğ müəyyən edilməyib. Kimin nəyə köməyi çatırsa, onu da verir.

50 qəpik, hətta bir manat ilk baxışdan az görünə bilər, amma bu qəpiklər Azərbaycan reallığında partiyaları ayaqda saxlayır. Hər halda partiya sözçüləri belə söyləyirlər.

Müsavat Partiyası maliyyə məsələləri şöbəsinin müdiri Kərimxan Zeynalov:

«Partiya yalnız üzvlərin ianə ödənişlərindən maliyyələşir. Bizim başqa heç bir maliyyə qaynağımız yoxdur».


«PARTİYA İŞLƏRİ PULSUZ GÖRÜLÜR...»

Hər iki partiyada ştatlı işçilər yox səviyyəsindədir. Müsavat Partiyasında yalnız bir-iki texniki işçiyə cüzi maaş verilir: «Heç olmasa, yolpulu məsələsi həll edilsin». AXCP-də 3 ildir mətbuat xidmətini yönəldən Natiq Ədilov, özü demişkən, «indiyədək partiyadan bir qara qəpik də» almayıb. Eləcə də Kərimxan Zeynalov. Sual doğur: Könüllü şəkildə özünü partiya işinə verən bu adamlar, bəs həyatlarını, ailələrini necə təmin edirlər?

Natiq Ədilov: «Vallah, dolanmaq deyəndə ki, məsələn, mənə qardaşlarım kömək edir. Özümün heç bir yerdən bir manat da gəlirim yoxdur. Dolanmaq da ki, buna nə cür dolanmaq demək mümkündürsə... Camaatın əksəriyyəti necə yaşayırsa, biz də elə».

«BELƏ BİR REJİMDƏ...»

İndi heç bir partiyanı təmsil etməyən, ABŞ-da yaşayan Rəsul Quliyev partiyaların üzvlükhaqqı hesabına ayaqda durmasına inanmadığını bildirir və gülərək deyir:

Rəsul Quliyev
Rəsul Quliyev

​«Partiya üzvlərinin hesabına maliyyələşmə gülünc bir şeydir. Bu, mümkün olan bir şey deyil. Ola bilər ki, hansısa partiya müəyyən kömək edir. Kömək edirsə, deməli, haradasa işləyir. İşləyirsə, deməli, buna icazə veriblər ki, kömək etsin. O öz başından edə bilməz – mümkün olan şey deyil bizim sistemdə. Hansısa partiyaya maliyyə köməyi göstərən hər hansı adamı kömək istəyindən, ya da üzvlükhaqqı vermək imkanından hökumətin məhrum etməyi heç 5 dəqiqə çəkməz».


«GƏL, GÜNÜMÜZÜ GÖR...»

AXCP-nin sözçüsü deyir ki, cəbhəçi elə kateqoriya insandır ki, təzyiqlərdən qorxan adam deyil və dərhal əlavə edir:

«Amma elə gözəgörükən pul da olmayıb ki, onlara təzyiq olunsun. Pula görə yox, elə əqidəsinə görə, o qədər müəllimlər işdən çıxarılıb ki. Amma kiminsə məhz partiyaya üzvlükhaqqı verdiyinə görə işdən çıxarılmasına rast gəlməmişik».
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hər hansı partiyanın üzvləri və imkanları barədə iddialarının doğru olub-olmadığını öyrənməyin yolunu təklif edir:

«1992-ci ildə cəbhə hakimiyyətə gələndə, orda reyestr aparılmışdı. Təşkilatın təxminən 40 min üzvü vardı. Hər kəndə, hər şəhərə gedəndə nə qədər üzvlərlə rastlaşırdıq. Yəni, 40 min çox böyük rəqəmdir. Amma indi «yüz min üzvüm var» deyən partiyaların rayonlarda bir nəfər də üzvünü tapa bilmirsən.
Sahib Məmmədov
Sahib Məmmədov
Demirəm yoxdur, sadəcə, həddən artıq şişirdilib rəqəmlər. Hərəsi deyir ki, 30 min, 40 min, 100 min üzvü var. Belə çıxır ki, səsvermə qabiliyyətli əhalinin 3-dən biri partiya üzvüdür? Məsələn, indi çox deyirlər ki, filan partiya xaricdən maliyyələşdirilir. Məncə, hazırda xaricdən maliyyələşmə yox dərəcəsindədir. Əvvəllər ola bilərdi, tutalım, hansısa QHT. İndi belə şeyin olduğunu ağlım kəsmir».

Sahib Məmmədovun sözlərinə görə, istisnalar da var. Məsələn, YAP-da üzv sayının reyestri aparılır və çox ciddi şəkildə üzvlükhaqqı toplanır:

«Bu, hakimiyyət partiyasıdır. Üzv olanlar, təbii ki, bunu edirlər. Hansı yolla, ya necə? – Bilmirəm».

Nə qədər üzvlükhaqqının toplandığını öyrənə bilməsək də, Yeni Azərbaycan Partiyasının internet səhifəsində qeyd edilir ki, üzvlərin sayı 610 mini keçir.

«PARTİYA GÖRMƏMİŞƏM, AXI...»

Bəs siyasi partiyalar, üzvlər, üzvlükhaqqı barədə sadə vətəndaşlar nə düşünürlər? «Ömrünüzdə hansısa partiyaya üzvlükhaqqı ödəmisiniz?» sualını Bakı sakinlərinə yönəltdik. Sorğuda qatılanların çoxu pul ödəmək bir yana, heç bu məsələ ilə maraqlanmadığını söylədi:

– Yox, maraqlanmıram, çünki başqa o qədər iş-gücüm var ki. Daha doğrusu, vaxtım olmur.

– Partiyaya üzvlükhaqqı? Partiya görməmişəm, axı. Heç vaxt verməmişəm. Puldan söhbət getmir, mən «şofer baba»yam.

– Yeni Azərbaycan Partiyasına. Çünki inamlı partiyadır. O partiyanın sözü hər yerdə keçir. İndiyədək, yəni 5 ildə haradasa 100 manatdan çox ödəmişəm.

- Olub, amma sovet hökumətinin vaxtında... Rusiyada yaşayıb gəlmişəm, partiyaları gərək yaxından tanıyasan ki, sonra onlar haqqında nəsə deyəsən.

– Bəli, Kommunist Partiyasının üzvü olaraq vermişəm. İndi heç bir partiyanın üzvü deyiləm. İşim elə olub ki, hansısa partiyaya mənsub ola bilməzdim.

– Yox, heç birinə. Nəsə lazım olmayıb. İnanmıram heç birinə.

– Xeyr, olmayıb. Maraqlı deyil mənim üçün. Biz fəhlə sinfiyik.

– İki ildir YAP-a üzvlükhaqqı ödəyirəm. Bir manat verirəm.
Milli Şuranın 12 oktyabr mitinqi
Milli Şuranın 12 oktyabr mitinqi

– Yox, sözün düzü, heç bir siyasi partiyaya qoşulmamışam... Sırf başqa planlar, məqsədlər var, ona görə.

– Yox, heç birinin üzvü deyiləm. Mənə nə xeyri var üzvü olum? Sovetin vaxtında üzvlük ödəyirdik, o bundan yaxşı idi. Hərdən göndərirdilər, hökumətin hesabına gedib istirahət edirdik. Az qazanırlar ki, bir az da biz verək? Onsuz da hamısını soyub, işləyib onlara veririk də.

– Bitərəfəm. 70-80 yaşdan sonra nə mənası var? Qıymaq olar pulu, amma yaxşı pensiya versələr bizə. Hansı ədalətli partiyadırsa, ona ödəmək olar.

– Yox, elə bir məqam olmayıb. Biz evdar xanımıq, bizim getdiyimiz yer mağazadır...

– Vermərəm! Pul niyə verirəm? Pul özümdə, cibimdə. Qoy desinlər, pulu da var, malı da var, gözəldi, dili də var, dili də var, ay bala... (mahnı kimi oxuyur).


ÜZVLÜKHAQQI = KOMMUNAL+KİRƏYƏ+YOLPULU

«Partiyanın cibi»ndə nə qədər pul var?» sualına «min manat» cavabını verən də oldu, indi «sıfırdan aşağı vəziyyətdə» qaldığını söyləyən də. Partiya təmsilçiləri üzvlük haqlarından yığılan məbləğin, demək olar ki, çoxunun işıq, su, telefon və kirayəyə xərcləndiyini deyirlər.

«Bu qədər büdcə ilə siyasi uğur qazanmaq mümkün deyil» – Vaxtilə deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyevin fikridir:

«Maraq qrupları, şirkətlər, insanlar, həm də pul verirsə, bu, artıq dəstəyin daha böyük formasıdır. Heç kim maliyyə ayırdığı siyasətçinin səhvini sabah başqa yerdə danışmaz və daha çox onun müdafiəçisinə çevrilər. Eyni zamanda hansısa vətəndaş hansısa siyasətçiyə maliyyə ayırırsa və sonra ona səs verirsə, o səsi qorumaqda daha çox maraqlı olur, nəinki maliyyə ayırmayanda. İstənilən halda maliyyə - ciddi maliyyədən söhbət gedir – uğurun əsas faktorlarından biridir».

AXCP mətbuat xidməti rəhbəri Natiq Ədilov həmin fikirlər razılaşmır. O düşünür ki, təkcə pula köklənmək siyasi fəaliyyətin fiaskosudur və deyir ki, maddi sıxıntı təkcə bir partiyanın deyil, Azərbaycan insanının problemidir:

«Problemlər aradan qalxsa, AXCP-nin də maliyyə adlı problemi qalmayacaq. Avtoritar rejimdə pul da öz qüvvəsini itirir. Məsələn, əlimizdə pul ola-ola, qərargah tapa bilmirdik».


PULU NECƏ TAPMALI?

Harvard məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev ABŞ təcrübəsini misal çəkərək bildirir ki, orada siyasətçilər böyük maraq qruplarındansa, vətəndaşlardan xırda ianələrlə maliyyə toplanmasına üstünlük verirlər. Yəni, seçildikdən sonra, bir var hansısa lobbiçiliklə məşğul təşkilatın maraqlarını güdəsən, bir də var, on minlərlə sadə vətəndaşlar qarşısında hesabatlı olasan.

Bəxtiyar Hacıyev Azərbaycan cəmiyyətində maliyyə məsələsini həll edə bilməməkdə günahı partiyaların özündə görür:

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

«Hansısa partiya xaricdən maliyyələşməylə bağlı ittihamlara əhəmiyyət verirsə və maliyyəsiz qalmağı üstün sayırsa, bu, onun günahıdır. Dövlətdən alınan dəstəyi kimsə qınaqla qarşılayırsa, bundan imtina edib, maliyyəsiz qalırsa, fəaliyyətini davam etdirə bilmirsə, bu da partiyanın öz səhvidir. Vətəndaşlardan ianə toplamağa utanırsa və ya bu işi təşkil edə bilmirsə, bu da onların səhvidir. Çünki hər 3 halda – istər xaricdən, istər dövlətdən hansısa formada, istərsə də vətəndaşlardan ianə qəbul etmək vacibdir. Maliyyəsiz hansısa ciddi bir siyasi uğur qazanmaq bir az sadəlövhlük olardı».

Bəxtiyar Hacıyev, hələ 9 oktyabr seçkilərinə xeyli vaxt qalmış, Milli Şuraya pul tapmaq üçün yardımını təklif etmiş, amma son razılaşma əldə olunmamışdı. Dediyinə görə, indi də təklifində israrlıdır.

«BALAMIZA DƏYMƏSİN - BALA PAYLAMAĞI LAZIM DEYİL»

Maliyyələşmədə dövlət dəstəyindən yararlanmağa gəlincə, deyəsən, heç yüz minlərlə manat da bəs etməyib. İl heç yarı olmamış bu məbləği xərcləyib qurtaranlar da var. Bunu namizədlərin seçki hazırlığı üzə çıxardı.

Dövlət büdcəsindən pul almayıb, bu addımı tənqid edənlər də az deyil. Cəbhəçi Natiq Adilov deyir ki, həm hakimiyyətin bu niyyətini, həm də reallaşdırma yollarını tənqid etmişik. Onun sözlərinə görə, pul ayrılan partiyalar qondarmadır. Natiq Ədilov bu halda bir məsəli nümunə çəkir: «Əjdaha balamıza dəyməsin - bala paylamağı lazım deyil».

Müsavat başqanı İsa Qəmbər bildirir ki, çağdaş demokratik ölkələrin hamısında dövlət tərəfindən partiyaların maliyyələşməsi məsələsi var və Azərbaycanda olması da təbiidir:

«Dövlətin pulu dövlətin puludur, İlham Əliyevin, ya da kiminsə pulu deyil. Sadəcə, həmin ölkələrdə partiyaların dövlət tərəfindən maliyyələşməsi ədalətli prinsiplərə əsasən həll olunur. Azərbaycanda isə bunu qəsdən uzun illər ləngitdilər və ona nail oldular ki, parlamentdə heç bir real müxalifət partiyası, real müxalifətçi qalmasın. Bundan sonra qanun halına salıb, partiyalara, az da olsa, dövlət büdcəsindən maliyyə ayırmağa başladılar».
XS
SM
MD
LG