Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:23

Sevinc Babayevanın bacısı: «Həkim mənə dedi ki, bacınızı zəhərləyiblər, 6 ay ömrü qalıb»


Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)
Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)
-
Noyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçən prosesdə Sevinc Babayevanın bacısı ilə xalası ifadə verib.

Bacısı Təranə Səfərova Sevincin Gülər Əhmədova ilə restoranda balıq yeməsindən sonra zəhərləndiyini deyib:

«Sevinc mənə dedi ki, Gülər Əhmədova ilə restoranda yemək yemişəm məni orda zəhərləyiblər. 1 saylı xəstəxana qəbul eləmədi, sonra getdik gömrük xəstəxanasına, 1 həftə orda qaldı. Qalib adlı həkim mənə dedi ki, bacını zəhərləyiblər, onun 6 ay ömrü qalıb. Sonra sağaldı, işlərinin başına qayıtdı.

Təxminən payız ayları idi, evə gəldi, rəngi qapqara olmuşdu. Anama dedi ki, mən gedirəm Türkiyəyə müalicə olunmağa. 2 həftəyə qayıdacağam. 2 gün sonra Türkiyədən bizə zəng vurub yaxşı olduğunu dedi. Pulunun olub olmadığını soruşduq, bildirdi ki, qızıllarını özü ilə götürüb. Sonra bizə pulu olmadığı xəbər elədi. Mən, bacım oğlu Ayxanla ona pul apardıq. Bizi Sevincin qaldığı evin sahibi Səlçuq Ağlayanla oğlu qarşıladı.

Sevinc pis gündə idi, rəngi solmuşdu, arıqlamışdı. Yataqda yorğan-döşəyi belə yox idi. Soyuducusu boş idi. Getdik ona geyim, yemək aldıq. Ona evdən bayıra çıxmağa icazə vermirdilər. Telefon əlaqələrini ancaq Səlçuqun nömrəsindən edirdi. Hər dəfə deyirdi ki, telefon zənglərim dinlənilir, artıq suallar verməyin.

Sonra getdik bir restorana, ordan Gülər Əhmədova ilə «skype»la əlaqə saxladılar. Bacım dedi ki, siz səsinizi çıxarmayın ki, bilməsinlər siz buradasız. Gülər Əhmədova dedi ki, Sevinc sən narahat olma mən Ramiz Mehdiyevlə danışmışam, pulu vermişəm. O da prezidentlə söhbət edib. Sən geci 5 günə qayıdacaqsan, narahat olma».

Gülər Əhmədova Təranə Səfərovanın bu fikirlərinə etiraz edib, onun yalan danışdığını bildirib:

«Sən burda yalandan hörmətli adamların adını çəkirsən»

Gülər Əhmədova onların Elşad Abdullayev tərəfindən öyrədildiyini bildirib:

«Elşad Abdullayev məhkəməyə də gəlmədi. «Skype»la da danışığa razı olmadı. Bunlar hamısı E.Abdullayevin qurmalarıdır. Sən mənim adımdan yox, həm də ölkənin hörmətli adamlarının adından yalan danışırsan».

Gülər Əhmədova daha sonra Sevinc Babayevanın bacısına bəzi suallar verib:

«Bacının neçə universitet oxuduğunu bilirsənmi? Hansı işlərdə işləyib? Bacının Ayxandan başqa oğlu olubmu?».

Təranə Səfərova isə sualların cavabını bilmədiyini deyib:

«Bu sualların cavabını sən yaxşı bilərsən, çünki onu sən idarə edirdin».
«DEYİRDİ Kİ, QAYIDANDA «KOMPOZİTOR» ONA VƏZİFƏ VERƏCƏK»

Məhkəmədə Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva da ifadə verib. O da bacısı qızının zəhərlənmə ehtimallından danışıb. Onun dediyinə görə, Sevinc əvvəlcə ona zəng edəndə, Bolqarıstanda olduğunu söyləyib:

«Əvvəlcə yerini gizlədirdi. Sonrakı zənglərində dedi ki, Türkiyədədir. Müalicə üçün gəlib».

Xalasının dediyinə görə, Sevinc ona Səlçuq Ağlayanın təhlükəli adam olduğunu, onu rus dilində danışmağa qoymadığını, bütün danışıqlarına nəzarət etdiyini və üstündə silah gəzdirdiyini söyləyirmiş:

«Sevinc bizi inandırmağa çalışırdı ki, o, bu prosesdə sadəcə vasitəçilik edib, puldan bir qəpik də ona çatmayıb. Gülər onu qayıtmağa qoymurdu. Deyib ki, qayıdışı ancaq o, deyəndə baş tuta bilər. Sonra da deyib ki, qayıdandan sonra «kompozitor» ona vəzifə verəcək».

«SEVİNC MƏNƏ DİRİ LAZIMIYDI, ÖLÜ YOX»

Gülər Əhmədova deyib ki, o, Sevinc Babayevadan Türkiyədən qayıtmasını tələb edib:

«Birinci videoteatrdan sonra Sevincdən üzüm dönmüşdü. Sevinc Türkiyədə olanda onunla «skype» ilə bir neçə dəfə əlaqə saxlamışam. Digər videoteatrlar çıxandan sonra ona çox əsəbiləşmişdim. Tezliklə müalicə alıb gəlməsini, bu böhtan və yalanlara aydınlıq gətirməsini tələb edirdim. Hətta dedim ki, biletini də mən alıram, çıx gəl. Mənə dedi ki, Elşadgildən, Elsevərdən çox qorxuram. Məni uşağımla hədələyirlər».

Gülər Əhmədova Sevinc Babayevaya Türkiyədə müalicəsi üçün 2 dəfə pul yolladığını deyib:

«Sevinc Babayeva Elşadın bütün zibillərini, nə videolar çəkdiyini bilirdi. Mən onun müalicəsi, dərmanları üçün nə bacarmışamsa, etmişəm. 2 dəfə pul yollamışam. Sevinc mənə diri lazımıydı, ölü yox. Əgər bu gün o burda olsaydı, mən burda olmazdım, 8 yaşlı oğlum da qapılarda qalmazdı».

Proses noyabrın 12-də davam edəcək.

Bu ilin fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
XS
SM
MD
LG