Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:06

Riyazi poeziya silsiləsindən mini şeirlər


Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 17 hekayə və 8 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi əsərləri yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun. Çap sırası şərtidir.


Əli Şirin Şükürlü


yıxılmaq – üzü yuxarı

tələsirdi. yaman tələsirdi.
hamını ötüb keçirdi bir-bir. birdən ayaq saxladı
çaşqınlıq içində. ötüb keçdikləri özünə bənzəyirdi.
özünü ötüb keçirmiş bayaqdan demə.

nəsə yadına düşdü bu ötəötdə; yaddaşını unudub
tələsdiyindən. qayıtdı geri təzədən tələsə-tələsə.
qayıtdı yaddaşını götürsün özüylə. indi üz-üzə gəlirdi
az əvvəl ötüb keçdikləriylə. kimi üzünə gülümsəyir, kimi
günahkarcasına, kimi məyus-məyus baxırdı ona.
özünə rast gəlirdi yenə getdiyi yolu geri qayıtdıqca.

dəyib qayıtdı yaddaşını unutduğu nöqtəyə. tələsirdi.
yaman tələsirdi uşaqlıqdan gəzdirdiyi qorxunu məhv etməyə;
uşaqlıqdan qorxardı hundür, uca yerlərdən. harda hündür yer görsə
elə bilərdi onu gözləyir o yer və həmən yıxılacaq ucalıqdan –
o yerdə məskunlaşan. yuxuda da yıxılardı tez-tez.
yıxılmaq – üzü aşağı hərəkət olsa da, bəzən pozulardı bu qayda.
yıxılıb üzü aşağı keçərkən fəzanın hansısa nöqtəsindən
hərəkət dəyişərdi səmtini birdən. başlayardı üzü yuxarı yıxılmağa
və yıxıla-yıxıla ötüb keçər, geridə buraxardı yıxıldığı nöqtəni.
elə hey yıxılardı üzü yuxarı.

yorulmuşdu yıxılmaqdan; aşağı-yuxarı. tələsirdi. qorxunu yox
edəcəkdi birdəfəlik. tələsə-tələsə ötüb keçirdi yenə hamını. “hamı”
elə özü idi – anlamışdı. “hamı”nı ötüb keçdi nəhayət. kəndin, şəhərin,
deyəsən, elə hər yerin ən uca nöqtəsinə gəlib çatmışdı.
dayanıb nəfəsin dərdi bir anlıq. dayanıb xeyli baxdı; aşağı-yuxarı.
qollarını açdı, sanki uçmağa hazırlaşırdı.
sonra yumub gözlərini “hamı”, tərk etdi “hər yer”in ən uca nöqtəsini:

nəyisə unutmadım ki? – düşünürdü yol boyu.

... – 12.06.2013


şair öldü (Ə.Salahzadənin xatirəsinə)

01 sentyabr 2013-cü il. sevdiyim sahildə
dayanmışam yenə. bambalaca dalğalarla
yaxınlaşır bu dəfə sahilə dəniz;
hər dalğa bir təbəssüm. çoxlu-çoxlu təbəssüm
səpələnib dənizin səthinə. çoxlu-çoxlu təbəssümlə
yanaşır sahilə dəniz.
təbəssümlə qarşılayıram dənizi mən də.

səhəri mətbuatda nekroloq:
Salahzadə Ələkbər vəfat edib – ünlü şair, söz adamı.
qırılır içimdə nəsə. siqaret yandırıram.
damağında daim siqaret düşür yadıma şair. hər görəndə
“riyaziyyatçı dost yazı gətir bizə” – deyərdi üzündə xəfif təbəssüm.

dünən təbəssümlə qarşıladı məni dəniz;
çoxlu-çoxlu təbəssümlə. xəfif təbəssümlə
qarşıladım dənizi mən də.
dünən
öldü bir şair, öldü. azaldı yer üzündə
bir təbəssüm.

02.09.2013


tərsinə zaman

gəlin
zamanın tərsinə gərdişinə baxaq. bəli. bəli,
məhz tərsinə gərdişinə
gözlənilmədən doğulan birinin timsalında.

hamı heyrət içində donub qalmışdı
doğum evində. ana çevirib üzünü divara
hönkürtü vururdu dəhşət içində. körpəsi
qoca doğulmuşdu – mocüzəyə bax.

hərarət hiss elədi ana üzündə. yanağında gəzən
bambalaca barmaqlardan içinə süzülən xoş duyğuların
bir anda oyatdığı analıq sevgisiylə çevrilib
bağrına basdı qoca korpəsini.
bir qucaqlıq qoca gəlmişdi dünyaya.

bir neçə gün sonra
tutub qocasının əlindən evinə döndü ana.
sevdi qocasını kiçildə-kiçildə.

yaşıdı körpələr böyüdükcə, o kiçilirdi. yaşlanma – böyümək imiş demə.
o kiçilirdi; başqa münasib ad tapa bilmir adam bu vəziyyətdə.
o kiçilirdi, yəni böyüyürdü tərsinə.
əvvəl ortayaş adama çevrildi, sonra cavana. qoluna taxdığı saatın
əqrəbləri tərsinə fırlanırdı. tərsinə dəyişirdi təqvimdəki günlər də; ayın 30-u,
sonra 29-u, ... beləcə 1-i son günü olurdu yaşadığı ayların. illər də beləcə
tərsinə vurudu ömrünü başa.

tərsinə yaşayırdı zamanı. çayda axına qarşı üzən adama bənzəyirdi
hamının bir istiqamətli xətt boyunca yaşadığı məkanda.
amma nə qədər çətin olsa da
hamı kimi sevir, hamı kim sevinir, hamı kimi qüssələnirdi.

sonra yeniyetməyə çevrildi, sonra uşağa.
bir gün həmyaşıd oldu oğluyla, getdi məktəbə.
bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.

bir günsə çevrilib körpəyə köçdü dünyadan.
ana qocalıb ölmüşdü, görmədi körpəsini.

tərsinə gərdişinə baxdıq zamanın
gözlənilmədən qoca doğulan birinin timsalında.
amma nəticə eyni; zaman
eyni nöqtədə qapandı deyəsən.

... – 03.10.2013


Riyazi poeziya silsiləsindən mini şeirlər

1. düz xətt
nə əvvəli, nə axırı var;
hər addım iki nöqtə qeyd edər üstündə
zamanın.

2. mütənasiblik
adamlar
tərk edib onu kənara çəkilirdi...
o öz içinə.

3. dördbucaqlı
fotolar –
donmuş məkan və zaman
salınıb çərçivəyə.

4. dairə
özüylə başladı həyat,
özündə bitdi.

5. sıfır
heç nə yox olmur;
yenidən başlanır hər şey.

6. şüa
dayandığın nöqtədə hayana çönsən
sonsuzluq açılar üzünə.

7. parça
bir ömür –
iki ədəd arasında məsafə.


mutasiya

son vaxtlar
içini yeyirdi hər gün.
içini yeyən – düşüncəsi.
və hər gün içini yeyə-yeyə
sürətlə dəyişdiyinin fərqində idi.

bu dəyişiklik yaşlanma deyildi təkcə;
bir gün quşa bənzəyirdi,
bir gün – ağaca,
bir gün - pələngə,
bir gün – tülküyə,
bir gün – dovşana,
bir gün – canavara,
bir gün – pişiyə,
bir gün - çiçəyə...

hər gün dəyişirdi
və çıxmırdı evdən
ta öz şəklini alana qədər.

hər gün
bir cavanla rastlaşırdı küçədə eyni vaxtda;
eynən özünün bənzəri. surətini çıxartmışdılar sanki
parlaq, keyfiyyətli kağızda. hər dəfə
“mən solmuş fotosuyam bu gəncin” – düşünürdü təbəssümlə.

hər gün
çıxırdı evdən və daşıyırdı özüylə
bir gün – quşu,
bir gün – ağacı,
bir gün – pələngi,
bir gün – tülkünü,
bir gün – dovşanı,
bir gün – canavarı,
bir gün – pişiyi,
bir gün - çiçəyi...

dovşan satırdılar yol qırağında,
tutub ayaqlarlndan yelləyirdilər başı aşağı.
saxlayıb avtomobili aldı dovşanı. bir az irəlidə
yenidən saxlayıb avtomobili buraxdı onu səhraya.
gördü dayanıb özünün bənzəri cavan azca aralı
baxır üzündə təbəssüm. ilk dəfə gülümsəyən görürdü o cavanı.
dağılır şübhəsi: “klon deyilmiş, gülümsəyirsə”.

qayıtdı evə. əlində bir dəstə çiçək. neçə illlərdi qapıya öyrəşən
dümağ pişiyin çöməlib qarşısında, xeyli baxdı gözlərinə. baxdı
tumarlaya-tumarlaya başını. xeyli baxdı. sonra çiçəkləri keçirib
qapının dəstəyinə girdi mənzilinə.
səhər oyanıb yuxudan, yenidən şahidi oldu dəyişikliyin; indi gah dovşana,
gah da pişiyə bənzəyirdi. xeyli düşündü, sonra uzanıb yerinə yumdu gözlərini.

o,
dovşan-pişik ilində doğulmuşdu.

çiçəklər saralırdı qapının dəstəyində.
pişik cırmaqlayırdı qapını.
bir dovşan dolaşırdı səhrada;
axır kimsə bir gün tutub satacaq onu deyəsən.

... – 30.09.2013


bir məsələ - üç məchul

bir düz xətt çəkib
iki nöqtə qeyd etdi üstündə. sonra
bir məsələ gəldi ağlına.

məsələ:
yolçu yola çıxdı.
A məntəqəsindən B məntəqəsinə qədər
məsafə.
yolçunun sürəti
gah yavaş, gah orta, gah da ki yüksək.

sual:
nə qədər vaxt gərəkdi yolçuya
yetişsin mənzil başına?

həlli:
yolçu yola çıxdı.
getdi sürətlə. getdi, getdi, getdi və
dayanıb nəfəs dərdi azacıq;
hələ çox var mənzil başına.

yoluna davam etdi yolçu.
getdi orta sürətlə. getdi, getdi və
dayanıb nəfəs dərdi aramla;
hələ var mənzil başına.

yenidən davam etdi yoluna.
getdi yavaş-yavaş. getdi və
dayanıb nəfəs dərdi zorla;
az qalır mənzil başına.

beləcə
çıxıb A nöqtəsindən üz aldı B nöqtəsinə yolçu.
getdi dayandı, getdi dayandı. getdi gah sürətlə,
gah asta-asta. getdi nəfəs dərə-dərə. hər addımdan
addıma azalsa da tükənmədi məsafə.
getdi, gözdən itdi hardasa. yetişmədi mənzil başına.
üç məchullu məsələ həll edildi amma,

cavabı:
məsafə - sonsuz.
sürət – bir ömür.
vaxt - əbədi.

... – 01.06.2013


“maestroya qədimsayağı məktublar” silsiləsindən

2-ci məktub – qar adam əhvalatı

ikinci məktubu yazıram sənə, maestrom;
birinci məktubdan fərqli olaraq
nə ilk, nə son görüşdən söhbət açıram,
nə də sevgi etirafı edirəm sənə.

bir hadisə yadıma düşdü o gün
sahilə yaxın körpüdən aşağı
iri bir daşın üstündə oturub seyr edərkən
dənizin uzaqlara ötürdüyü sonsuzluğu.
iki oğlan bir qız yaxınlaşdı sahilə,
sahildə oturub dənizi seyr edən ortayaş adama
baxıb gülümsədilər. heç ağlına gəlməzdi bu gənclərin bəlkə də -
saçlarına dən düşən bu adamı cəmisi on il əvvəl
misilsiz bir gözəl sevirdi dəlicəsinə.
mən də sənlə bağlı bir hadisəni xatırladım
isti yay günlərinin birində:

dekabr ayı idi səhv etmirəmsə. qar yağırdı. əvvəlcə narın yağsa da
getdikcə güclənirdi. həmişə görüşdüyümüz kafedə
vaxtı xərcəyirdik qənimət kimi, - unutmamısan yəqin ki.
qar adamdan söz açdım sənə. maraqlı gəldi deyə
babamın babasının əsiri olan qar adamdan
başladım danışmağa bəzəyə-bəzəyə:

babamın babasına aşiq olur qar adam. gəlib atını minər gecələr
çaparmış gizlin o ki var. və babamın babası günlərin birində fəndlə
ələ keçirə bilir onu, yəni qar adamı – sevdaya düşən. o gündən
başlayaraq neçə il xidmət eləyir babamın babasına qar adam.
günlərin birindəsə çıxıb gedir. ya çıxıb gedir sadəcə, ya küsüb gedir.
elə gəldiyi gündən çıxıb gedirmiş - bilirəm,
babamın babası fərqində deyimiş sadəcə. çox qüssələnir babamın babası
gedişdən sonra. iş işdən keçibmiş amma. aşiq olsa da
getməliymiş qar adam; gəldiyi gündən də çıxıb gedirmiş.

axı bütün gedişləri mən yaxşı tanıyıram - özün bilirsən.

zəng gəldi; yaxın bir adamın ölüm xəbərini çatdırdılar
göznənilmədən. adi qarşıladım. bütün hadisələr
adiləşərdi sanki nə qədər sən yanımdasan.
təkcə sən adlı hadisə vardı o gün o kafedə yenə də.
təkcə sən adlı hadisə həmişə olduğu kimi.

nədənsə
sənə bunları yazmaq keçdi könlümdən
bir isti yay günündə.

yavaş-yavaş cavanlar sahildən uzaqlaşır, xatirələr məndən .
az sonra hava qaraldığından üz alıram
sənə nə vaxtsa doğma olan bir otaqlı mənzilimə.
yenə kimsəsizlik qarşılayır məni kandarda. neçə ilin kimsəsizliyi –
mənimlə doğmalaşan. açıb kompyuteri
sevgi haqqında yazımı keçirirəm nəzərdən:
qadın və kişinin bir-birinə cinsi tələbinin
düşüncəylə
istəyə çevrilməsidir - sevgi. estetik hadisədir amma...
bu da sevgiyə verdiyim fəlsəfi tərif.
bir qədər düşünüb altından xətt çəkirəm. xətt çəkirəm –
yol olsun, yenidən sevgiyə qayıdım deyə.

qayıdışları sevirəm axı – bunu da yaxşı bilirsən.

... – 21.06.2013


doğulmayan adamın tərcümeyi-halı

mən doğulmasaydım nə olardı görəsən;
ata-anamın oğlu və beş bacının bir qardaşı
olmazdı ən azından. nənəm sevincindən oynamazdı doğulmadığım o gün
və məşhəddən gətirdiyi, qardaşının şərəfinə olan bu adı verməzdi mənə.

yaşadığım o ev, o həyət olardı yəqin ki, - mənsizlik böyüyərdi orda.
oxuduğum o məktəbə, o universitetə mənsizlik yollanardı və
o yoxluğu kimsə başqa biri doldurardı bəlkə də. dostlarım kiminsə
dostu olar, sevdiyim qızları başqası sevər, məni sevənlər sevərdi
başqa birini. mən olmadığım hər yerdə kimsə olardı sözsüz,
məkan tarazlığını itirməsin deyə. kimsə olardı; eynən mən taledə,
eynən mən yaşda, mən boy-buxunda.
təkcə zahirən fərqlənə bilərdik bir-birimizdən. bəlkə də
elə bənzəyərdik bir-birimizə.

mən doğulmasaydım
bu fikirlər kimin ağlına gələrdi indi.
mən yaşadığım bu şəhərdə,
bu şəhərdəki bu evdə kim yaşayardı mənim yerimə.

hər ömür bir məkan-zaman kəsiyi;
bir az sevgi, bir az nifrət,
bir az sevinc, bir az kədər,
bir az ümid, bir az da ümidsizlik.
yəni bu müstəvidə adda-budda xoşbəxtlik
kim azalardı üzü öz yoxluğuna mənim yerimə.

ya da mən
indi, elə bu an, bu zaman
elə bu şəhərdə, bu küçədə, bu evdə
kimin yoxluğunu doldururam görəsən.
kimin yerinə azalıram
nənəmin məşhəddən gətirdiyi,
sevinc içində mənə verdiyi adı.

... – 21.10.2013


dəyişməzlik

ağac - hasarın arxasında, qonşu həyətində. budağı sınıb ağacın.
aşıb hasarın üstündən sərilib səkiyə. yaxşı ki sınıb. indi deyəcəm niyə;
çox böyümüşdü, eybəcər görünürdü öz nəhəng görkəmiylə.
budaq sınıb, ayrılıb ağacdan. bir sınıq yeri, iki yara. biri budaqda, o biri
ağacda. bir ayrılıq – ən azı iki yara imiş sən demə.
budaq sınıb, sərilib səkinin üstünə. yaxşı ki sınıb, daimi deyil ki heç nə.
bir dəyişməzlik var daimilikdə; zəhləm getmiş monotonluq.

qadın – yaşlanıb. amma hələ də gözəllik boylanır vücudundan.
qadın yaşlanıb. azalıb bir gözəllik; zaman hissə-hissə aparıb onu özüylə.
qadın yaşlanıb. yaxşı ki yaşlanıb; gedib bir gözəllik asta-asta, gəlib başqa biri. başqa biri - bax, yaşlı qadınla üz-üzə gələn o gənc, o gözəl qızın simasında.
yaxşı ki gedir bir gözəllik, başqası gəlir. yoxsa bezdirər adamı dəyişməzlik,
nə qədər gözəl olsa da.

ağac – budağı sındı o gün möhkəm külək əsəndə. ağac. budağı sındı.
nə yaxşı sındı. dəyişdi bir az ağac, azalsa da ayrılıq bahasına.
ağacın budağı sındı; nə yaxşı. nə yaxşı yan keçdi o gözəl, o yaşlı qadın
sınan budaqdan. axı o, o gözəl qadın gəzdirir qocalan gözəlliyi hələ də.

ağac – sındı budağı. yaxşı ki sındı, artıq eybəcər görünürdü nəhəng görkəmiylə.
ağac – sındı budağı. yaxşı ki sındı. nə yaxşı – sındı. nə yaxşı yan keçdi sınan
budaqdan o gənc, o yaraşıqlı qız. axı o, o gənc yaraşıqlı qız gözəllik paylayır hələ ki zalım zamana.

ağac – sındı budağı. nə yaxşı sındı.
qadın. gözəl, yaşlı qadın sağ qaldı. nə yaxşı sağ qaldı, bir az da qocaldı.
ağac – sındı budağı. nə yaxşı sındı.
qız. gənc, gözəl qız sağ qaldı. nə yaxşı sağ qaldı. yaşayır dəyişən gözəllik.

nə yaxşı sındı ağac. nə yaxşı qocalır qadın. nə yaxşı yaşayır qız.
nə yaxşı daimi deyil heç nə. yoxsa bezdirər adamı dəyişməzlik, əbədi olan –
həmişə “indi”.

... – 26.09.2013
XS
SM
MD
LG