-
Orduda dəyişikliklər gedir. Ölkə mediası müdafiə nazirinin müavinindən tutmuş ayrı-ayrı hərbi birliklərin komanda heyətinədək müxtəlif təyinatlar barədə vaxtaşırı məlumatlar yayır. «İşlər yaxşıya doğru gedir» də deyən var, bunun əksini iddia edən də. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli ikincilərdəndir. Onun son dəyişikliklərə münasibəti müsbət deyil. Fikrini də onunla əsaslandırır ki, bugünədək vəzifəyə gətirilən hərbçilərin çoxu ehtiyata göndərilmək yaşındadır. Bəzi irəli çəkilənlərin keçmiş nazirin ordudan uzaqlaşdırdığı kadrlar olması da diqqət çəkir.
Cəsur Sümərinlinin fikrincə, belə dəyişikliklərlə Azərbaycan ordusunu NATO standartlarına yaxınlaşdırmaq, çətin ki, mümkün ola. Axı yeni təyin olunanlar arasında adı korrupsiyada hallananlar da var:
«Bu səbəbdən hesab edirəm ki, həmin şəxslər NATO standartlarına uyğun deyillər. Həmin zabit və generallardan bəlkə də ordu quruculuğuna keçid dövründə istifadə etmək olardı. Strateji yanaşma, yaxın dövr üçün konkret planlar olmasa, orduda ciddi dəyişikliklər etmək mümkün olmayacaq. Hakimiyyət qısa müddətdə ordunun müasir, savadlı kadrlarla təmin olunması istiqamətində strategiya qəbul etməlidir. Bu strategiya, misal üçün, 5 il ərzində savadlı kadrların yetişdirilməsini, xeyli sayda Azərbaycan zabitinin xarici hərbi təhsil müəssisələrinə göndərilməsini, ali hərbi məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsini nəzərdə tutmalıdır. Məhz bu şəkildə ordunu müasir kadrlarla gücləndirmək mümkün olacaq».
«BAŞ VERƏNLƏR ALDANIŞDIR»
Müdafiə nazirinin keçmiş müavini, hazırda mühacirətdə olan İsa Sadıqov ötən 18 ili ordu quruculuğunda itirilmiş imkanlar dövrü sayır. Onun fikrincə, 18 ilə Azərbaycan ordusunu, ən azı, Gürcüstan ordusu qədər NATO standartlarına yaxınlaşdırmaq olardı. İsa Sadıqov indiki dəyişikliklərin ordunu Qərb standartlarına yaxınlaşdırmayacağını düşünür:
«Məqsəd NATO standartlarına keçid və ya güclü ordu yaratmaq deyil. Təyinatlara fikir verin, burda söhbət islahatlardan deyil, yerdəyişmələrdən və ordunun durumuna təsir göstərməyən tədbirlərdən gedir. Nə qədər ki kənardan təcrübəli hərbçilər gəlməyib, bu dəyişikliklər nəticə verməyəcək. Baş verənlər aldanışdır».
Keçmiş nazir müavini ordudakı problemləri cəmiyyətdəki problemlərdən ayrı tutmağın əleyhinədir:
«Axı ordu cəmiyyətin bir hissəsidir, cəmiyyətdə baş verənlərin orduda da baş verməsi gözləniləndir. Deməli, sistem dəyişməlidir. Bu kadr «islahatı», yerdəyişmə, ola bilsin, haradasa nəyəsə kömək etsin, amma güclü ordu quruculuğuna, əsgər ölümlərinin qarşısının alınmasına xidmət etməyəcək».
«BU, İLK GÜNÜN SEVİNC ÇILĞINLIĞI DEYİL»
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc yeni nazirin son addımlarını müsbət dəyərləndirir və baş verənləri ilk günlərin sevinc çılğınlığı saymır:
«Zənn edirəm ki, hərbi sahədə gediləcək yol xəritəsi hazırdır və bu, ilk günlərin sevinc çılğınlığı deyil. O, sadəcə, kadrları dəyişmir. Burda məsələ köhnə nazirin baxışlarına uyğun olanların yeniləri ilə əvəzlənməsi də deyil. Ortada orduda idarəetmə sisteminin, əsgər-zabit münasibətlərinin şəffaflığı, qərarların doğru-dürüst icrası, mənəvi-psixoloji mühitin dəyişməsi kimi hədəflər var».
«YENİ NAZİR... HƏMİN İSTİQAMƏTDƏ APARACAQ»
Zahid Oruc hərbi sahədə görülən işləri Qərb modelinə, NATO sisteminə doğru atılan addımlar sayır:
«Etiraf etmək lazımdır ki, iqtisadi əlaqələrimizin, xarici ticarət dövriyyəmizin əsas hissəsi Avropa ölkələri ilə bağlıdır. Hüquq və siyasət baxımından da biz onlarla tərəfdaş olmağa önəm veririk. Təhlükəsizlik baxımından da onlar ən mütərəqqi mərhələyə çatıblar. Keçmiş sovet dövrünün mirasını Rusiyanın özü inkar edərək aradan qaldırmağa çalışırsa, bizim Rusiya hərbi standartlarını ölkəmizdə tətbiq edib nə qədər uğur qazana biləcəyimizlə bağlı suala da ehtiyac qalmır».
Deputat inanır ki, yeni müdafiə naziri Qərb və aparıcı ölkələrin modern ordu quruculuğundan xəbərdar olduğu üçün Azərbaycan ordusunu da həmin istiqamətdə aparacaq:
«Həm də ümidliyəm ki, Türkiyə ilə münasibətlər yüksək səviyyəyə çatdırılacaq. Vaxtilə küsdürülmüş Türkiyə generaliteti Azərbaycan ordusunda yer alacaq, ordu quruculuğuna cəlb ediləcək. Ona görə də bu təyinatın güclü ordu quruculuğu və NATO ilə münasibətlərə təsir göstərəcəyinə inanıram».
«...BİR AZ DA REPRESSİYAYA OXŞAYIR»
Hərbi ekspert Üzeyir Cəfərov fərqli düşünür və kadr dəyişikliyi məsələsində yeni nazirin tələsik qərarlar qəbul etdiyini bildirir:
«Faktiki olaraq hazırda köhnə müdafiə naziri Səfər Əbiyevlə çalışan şəxslərin ordu sıralarından uzaqlaşdırılması prosesi gedir. Bu, bir az da repressiyaya oxşayır. Yəni hərbçilər, yeri gəldi-gəlmədi, uzaqlaşdırılır. Onların yeganə günahı Səfər Əbiyevin vaxtında vəzifədə olmalarıdır. Belə yanaşma heç düzgün deyil. Təkəbbür və lazımsız təyinatlar ordunun güclənməsi üçün deyil, şəxsi maraqlardan doğan amillərdir. Şıdırğı kadr təyinatları 3-cü, 4-cü dərəcəli işlər olmalıdır. İndi ordunun qışa hazırlığı məsələsi gündəliyə çıxmalıdır. Amma gördüyümüz odur ki, biri vəzifədən çıxarılır, o biri vəzifəyə gətirilir. Bu, ordu quruculuğunu möhkəmləndirən əsas şərt deyil».
«PREZİDENTİN MÜDAXİLƏSİNİ İSTƏYƏCƏYİK»
Üzeyir Cəfərov prezidentə üz tutaraq sadaladığı məsələlərə onun müdaxilə etməsini istəyir:
«Ordu kimi ciddi qurumu kimlərinsə ambisiyalarının ixtiyarına buraxa bilmərik».
Hərbi ekspert onu da sözlərinə artırır ki, yeni nazir orduda gerçəkdən qayda-qanun yaratmaq istəyirsə, o zaman özünün səlahiyyətində olan işləri başqasına həvalə etməməlidir.