Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:27

Əl içindən oğurluq... (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 17 hekayə və 8 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib.


Taleh Eminoğlu


Tanrı qapıları


(Sufi silsiləsindən)

Ayaqlarım yerüzünə,
əllərim göyüzünə mismarlanıb elə bil.
Nə yerə hopuram mən,
nə də qopuram göydən.
Çəkilmişəm tarıma,
yerlə göy arasında.
Ayaq izim, əl izim
Tanrı qapılarında.
Yer qapını döyürəm,
göy qapını döyürəm.
Açan yoxdu, açan yox.
Nə səs gəlir,
nə hənir.
Gözlükdən də baxan yox.
Göyüzünün açarın
mələklər yerə salıb,
yerüzünün qıfılı
neçə ildir pas atıb.


Tanrı eşqi

(Sufi silsiləsindən)

Tanrı eşqi qucaq-qucaq,
Amma dərdi tək-tək verir.
İnsan dərdi qucaq-qucaq,
Amma eşqi tək-tək sevir.

Hamı eşqdə dərd axtarır,
Dərd içində eşq varikən.
Hamı dərdə doğru qaçır,
Qarşısında eşq varikən.

Göyüzündə eşq hökmdar,
Yerüzündə dərd sultandır.
Dərdi gülə-gülə çəkən,
Başdan-başa eşq olandı

Tanrı, mənə dərdi çox ver,
Dərd içində eşq taparam.
Dərdi qucaq-qucaq versən,
Onu eşqlə qucaqlaram.

Evimin əyri yolu
Mənim evimə gələn əyri yol,
kimin evindən başlayır görən?
Evimin çürümüş taxta qapısı,
Kimin qapısına oxşayır görən?


Axan ulduz

Axan ulduzu görüb arzu tutma gözəl qız,
O ulduzun sahibi elə indicə ölüb,
O adam da bir zaman, arzu tutub sənin tək,
Kimsə öləndən sonra axan ulduzu görüb.


Əl içindən oğurluq

Bir qadın əlində saxlayıb
bir kişinin xoşbəxtliyin.
Bir kişi itirib
bir qadının xoşbəxtliyin.
Ona deyin axtarmasın,
əlindən salmayıb.
Ona salam verən kişi
əlinin içindən oğurlayıb.
XS
SM
MD
LG