Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:01

Cəmil Həsənli: «Azərbaycan Vilnüsdə nəzərdə tutulan sənədləri imzalamasa...»- [Video]


Cəmil Həsənli: «Azərbaycan Vilnüsdə nəzərdə tutulan sənədləri imzalamasa...»
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Cəmil Həsənli: «Azərbaycan Vilnüsdə nəzərdə tutulan sənədləri imzalamasa...»

-
«Azərbaycanda insan haqlarının pozulması, xüsusən müxalif düşərgəyə yönəlmiş basqılar ABŞ-da ciddi narahatlıq doğurur»– Bu sözləri ABŞ-a səfərdən yenicə qayıtmış Cəmil Həsənli söyləyib. Noyabrın 27-də ABŞ səfərinə dair mətbuat konfransı keçirən keçmiş prezidentliyə namizəd təmsil etdiyi Milli Şuranın gələcək fəaliyyətinə də toxunub.

«AZƏRBAYCANDA BAŞ VERƏN PROSESLƏRDƏN DOLĞUN XƏBƏRDAR İDİLƏR»

Cəmil Həsənli on gün boyunca ABŞ Senatında, müxtəlif insan hüquqları təşkilatlarında, Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu «beyin mərkəzləri»ndə qatıldığı görüşlərdən təəssüratını jurnalistlərlə paylaşıb. O, sözügedən görüşlərdə Azərbaycandakı seçkisonrası mühit, Milli Şuranın gələcək fəaliyyəti, insan hüquqları, özəlliklə siyasi məhbus mövzularının dilə gətirildiyini deyib:

«Açıq-aydın qeyd olundu ki, Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və bunun nəticəsidir ki, Azərbaycanda bu qədər siyasi məhbus var. Diqqətimi çəkən o oldu ki, keçirdiyim görüşlərin böyük əksəriyyətində Amerika siyasi dairələri və qanunvericiləri Azərbaycanda baş verən proseslərdən dolğun xəbərdar idilər. Özəlliklə seçkilər, seçki pozuntuları, demokratiya və insan haqlarının vəziyyəti, siyasi məhbuslarla bağlı məsələlərdə onların çox məlumatlı olduqlarını gördüm. İstisnasız, bütün görüşlərdə Milli Şura diqqət hədəfində oldu. Amerika siyasi dairələri də Milli Şuranın uğurlu bir model olduğunu qeyd etdilər».

«AZƏRBAYCANIN YOLU AVROPADAN, QARABAĞIN YOLU İSƏ AZƏRBAYCANDAN KEÇƏ BİLƏR»

Cəmil Həsənli Amerikada keçirilən görüşlərdə bu günlərdə gerçəkləşəcək Vilnüs sammitinin də müzakirəyə çıxarıldığını söyləyib. Onun fikrincə, Azərbaycan özünün Avropaya inteqrasiya yönünü tam mütləqləşdirməlidir:

«İlk dəfə olaraq Azərbaycanın qarşısında maraqlı perspektiv açılır. Bu perspektiv ondan ibarətdir ki, Azərbaycanın yolu Avropadan, Qarabağın yolu isə Azərbaycandan keçə bilər. Beləcə, Azərbaycan da Avropa Birliyi strukturlarının fonunda ədalətin bərpası, işğal altında olan torpaqların azad edilməsi üçün əlavə imkanlar qazanardı. Ona görə də Azərbaycan bu tərəfdaşlığa qoşulmalıdır. Azərbaycan Vilnüsdə nəzərdə tutulan sənədləri imzalamalıdır. Hesab edirəm ki, Azərbaycan belə davranmasa, Milli Şura bütün konstitusion haqları ilə buna etiraz edəcək».

«HƏBSDƏ JURNALİST VARSA...»

Cəmil Həsənli ölkədə baş verən son olaylara da toxunub. O, ötən həftəsonu ölkə başçısı İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatına layiq görülməsini ədalətli saymır:

«Ölkədə həbsdə jurnalist varsa, bunu etmək olmazdı. Daha öncə beynəlxalq təşkilatlar İlham Əliyevi «media yırtıcısı » nominasiyasına layiq görmüşdü. Demokratiya, insan haqları, söz azadlığı baxımından ölkə belə bir vəziyyətdədirsə, qələm əhlinin, media nümayəndələrinin bu addımı anlaşılan deyil. Belə bir mükafatın Vilnüs sammiti ərəfəsində verilməsi, görünür, mətbuatın Azərbaycan rəhbərliyinə etimad etməsi görüntüsünü yaratmaq xarakteri daşıyır».

«TƏƏSSÜF Kİ, BELƏ SƏRƏNCAMLAR ELƏ SƏRƏNCAM OLARAQ QALIR»

İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı imzaladığı sərəncama gəlincə:

«Bunu hansısa formada Rəsulzadəyə böyük qayğı kimi yox, dövlət başçısının borcu kimi qiymətləndirmək lazımdır. Amma təəssüf ki, belə sərəncamlar elə sərəncam olaraq qalır. Bu ilin əvvəlində oxşar sərəncam Əlimərdanbəy Topçubaşovun 150 illiyi ilə bağlı verilib. Amma bugünədək heç bir dövlət tədbiri keçirilməyib. Sərəncamlar verilir, təbliğati faydası əldə edilir, amma həyata keçirilməsi istiqamətində ciddi fəaliyyət hiss olunmur».

Cəmil Həsənli mətbuat konfransında Milli Şura daxilində sədr və həmsədrliklə bağlı fikir ayrılıqlarından, qurumun bundan sonrakı fəaliyyətindən də söz açaraq bildirib ki, demokratiya olan yerdə fikir ayrılığı təbiidir. Onun dediyinə görə, sədr və ya həmsədrin kimliyi, bütövlükdə gələcək fəaliyyət istiqamətləri yaxın günlərdə keçiriləcək sessiyada aydınlaşacaq.
XS
SM
MD
LG