Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:52

Neft şirkətləri daha şəffaf çalışmağa məcbur qalacaq [Video]


Neft şirkətləri daha şəffaf çalışmağa məcbur qalacaq
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
-
Ölkələrin mədən sənayesi yeni şəffaflıq standartlarına görə hesabat verməsi məcburi olacaq.

Bu fikir Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının dekabrın 13-də keçirdiyi illik konfransda səslənib. Yeni və 7 bəndlik standartlardan dövlət neft şirkətinin keçmiş prezidenti Sabit Bağırov söz açıb:

«Bütün hesabatlar tam olmalı, hökumətin mədən sənayesindən əldə etdiyi bütün gəlirləri əks etdirməlidir. Bu hesabatda əksini tapan məlumatlar həqiqətəuyğun olmalı, onların etibarlı sayılmasına tam təminat verilməlidir. Hesabatlar aydın və oxunaqlı yazılmalı, ictimaiyyətə çatdırılmalı və müzakirələrə açıq olmalıdır».

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Richard Morningstar şəffaflıq təşəbbüsü ilə bağlı qəbul edilən yeni standartlara ciddi önəm verdiyini bildirib:

«Bu, Azərbaycan vətəndaşlarına daha yaxşı imkan yaradır ki, onlar ölkənin zəngin resurslarının necə bölüşdürüldüyü, necə işlədildiyi barədə məlumat əldə etsinlər.
Richard Morningstar
Richard Morningstar
Sizin cəhdləriniz Azərbaycanın neft və qaz sektorunda şəffaflıq, cavabdehlik, məsuliyyət və yaxşı idarəçiliyin tətbiq olunması üçün yaxşı imkanlar açır».

Səfir deyib ki, təbii resursların bolluğu ölkənin bəxtinin gətirməsi anlamına gəlsə də, bu resursların məsuliyyətli və şəffaf idarə olunması hökumətlərə xeyli çətinlik də yaradır.

KİMƏ SATIR, NEÇƏYƏ SATIR?

Mədən sənayesində şəffaflıq təşəbbüsü indiyədək yalnız gəlirləri əhatə edirdisə, yeni qaydalarda şirkətlərdən xərclərin açıqlanması da tələb olunur. Konkret nələrin açıqlanacağına Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyası Şurasının koordinatoru Zöhrab İsmayıl aydınlıq gətirir:

«Misal üçün məcburi olacaq yeni qaydalara görə, dövlət neft şirkəti mədən sənayesində fəaliyyəti üzrə hökumətə ödədiyi bütün növ vergiləri açıqlayacaq. Bu məlumatları bütün neft şirkətləri açıqlayacaq. Məlumatlarda göstəriləcək ki, şirkət nə qədər neft çıxarır, nə qədər ixrac edir, kimə satır, neçəyə satır. Dövlət neft şirkəti sosial ödəmələri də açıqlayaraq, nə tikməsi, harada tikməsi, neçəyə tikməsi və s. barədə bilgi verəcək».

Zöhrab İsmayılın sözlərinə görə, 2013-cü ilin hesabatı yeni standartlara uyğun hazırlanacaq:

«İlk hesabatın 2014-cü ilin sonunadək açıqlanması nəzərdə tutulur, amma memorandumun tələblərinə görə, hesabat yayda açıqlanmalıdır».

Zöhrab İsmayıl
Zöhrab İsmayıl
HESABAT VAXTINDA AÇIQLANMASA...

İqtisadçının fikrincə, yeni standartlara uyğun hesabat vaxtında açıqlanmasa, bu, ölkəyə problemlər yarada bilər:

«Açıqlanmasa, 2015-ci ildə Azərbaycan validasiya keçməli, yəni beynəlxalq katibliyin seçdiyi auditor şirkəti Azərbaycanın hesabatını dəyərləndirməlidir. Həmin hesabat standartlara uyğun gəlməsə, o zaman hesabatın düzəldilməsinə bəlli vaxt verilir. Düzəlişlər gerçəkləşməsə, həmin ölkə Şəffaflıq Təşəbbüsündən çıxarılır».

Bu durum, təbii ki, ölkənin şəffaflıqla bağlı imicinə ciddi zərbə sayılacaq. Zöhrab İsmayıla görə, Azərbaycan bu qlobal təşəbbüsə könüllü qoşulub və yeni standartların tətbiqi ölkə qanunvericiliyinə də zidd deyil:

«Biz Mədən sənayesində şəffaflığın artırılması üzrə QHT koalisiyası olaraq Azərbaycanın bu təşəbbüsdən çıxarılması halını ağlımıza da gətirmir və bu barədə fikirləşmək belə istəmirik. Biz istəyirik ki, Azərbaycan Şəffaflıq Təşəbbüsündə qalmaqla daha dərin və detallı hesabatlar təqdim etsin».

«HƏYAT YOLDAŞLARINDAN BİRİ OLMASA, EVLİLİK DƏ OLMAZ»

Şəffaflıq təşəbbüsü ilə bağlı qəbul edilən yeni standartlarda ölkələrin könüllü edə biləcəyi məsələlər də var.
Neftçilər
Neftçilər

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leshchenko-nun fikrincə, yeni standartlar neft müqavilələrinin şəffaflığının artırılmasını hədəfləyib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə vətəndaş cəmiyyətinin roluna toxunan «Ödədiyini Açıqla» beynəlxalq koalisiyasının Avrasiya üzrə nümayəndəsi Oliana Valigura bu münasibətləri evliliyə bənzədib:

«Vətəndaş cəmiyyəti şəffaflıq təşəbbüsü üçün qanunilik tətbiq edir. Həyat yoldaşlarından biri olmasa, evlilik də olmaz. Daha aydın olsun deyə, belə misal çəkirəm. Yəni müstəqil vətəndaş cəmiyyəti olmasa, şəffaflıq təşəbbüsünün heç bir mənası qalmaz».

Oliana Valigura-nın fikrincə, yeni standartlar tətbiq edilməsə, mədən sənayesində şəffaflığa nail olmaq mümkün olmayacaq.

Azərbaycan mədən sənayesi ilə bağlı builki hesabatını gələn ilin sonunadək açıqlamalıdır. Hesabat yeni standartlara uyğun hazırlanmalıdır.
XS
SM
MD
LG