Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:38

Baş Prokurorluq Anar Məmmədlinin həbsinə dair məlumat yayıb


Anar Məmmədli
Anar Məmmədli
-
Dekabrın 18-də Baş Prokurorluq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə (SMDTM) və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinə qarşı cinayət işi açıldığını bildirib.

Baş Prokurorluğun yaydığı məlumata görə, cinayət işinin araşdırılmasına bu il oktyabrın 29-dan Azərbaycan Respublikasının vergilər və maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlandığı diqqətə yetirilir.

Məlumatda deyilir ki, iş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib və zəruri ekspertizalar təyin edilib. Təhqiqata vergilər və maliyyə nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri də cəlb olunub.

Baş Prokurorluq bildirir ki, «İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanmış sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276 min 10 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə etmişdir».

19 MİN 535 MANAT VERGİ ÖDƏNMƏYİB

Baş Prokurorluq adları çəkilən qurumların vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadəsinə, qanunsuz gəlir əldə olunmasına, vergidən yayınmasına əsaslı şübhələrin olduğuna diqqət çəkir. O da bildirilir ki, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib, ümumilikdə 109 min 529 manat gəlir götürüb, 19 min 535 manat məbləğində əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməyib.

Məlumatda «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi təsisçilərinin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edilməsinə, təsisçi imzalarının saxtalaşdırılmasına əsaslı şübhələrin olduğu da vurğulanır.

Məlumatda daha sonra deyilir: «Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir».

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.
XS
SM
MD
LG