Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:42

2014-cü ildə 5 «Asan Xidmət» mərkəzinin açılması planlaşdırılır


Asan Xidmət
Asan Xidmət
-

“MÜBARİZƏMİZ DAVAM EDİR”

“Hamımızı təkadamlıq kameralara salıb, əlimizi qandallayıb döyürdülər”.

Bunu “Azadlıq” qəzetinə AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoy 15 sutkalıq həbsdən çıxandan sonra deyib.

Bildirib ki, “həbsdə bizə qarşı müxtəlif təzyiqlər oldu. Əvvəlcə Orxan Eyyubzadəni döydülər. Sonra məni təkadamlıq kameraya salıb əlimi qandallayıb döydülər. Ötən gün isə Tural Sadiqlini 8 nəfər tək kameraya salıb döydülər. Məni və digərlərini qandallayaraq döyürdülər”.

BU İL 5 “ASAN XİDMƏT” MƏRKƏZİNİN AÇILMASI PLANLAŞDIRILIR

2014-cü ildə regionlarda 4 və ya 5 "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır.
Trend agentliyi yazır ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmçinin mart ayında Bakının Sabunçu rayonunda 4 saylı "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır: "Bu mərkəz fəaliyyətə başladıqdan sonra Bakıda qeydiyyat yerindən asılı olmayaraq vətəndaşlar istənilən mərkəzə müraciət edə biləcəklər".

İnam Kərimov deyib ki, fevral ayından etibarən isə Bakıda da vətəndaşlara səyyar formada "ASAN xidmət" göstərilməsinə başlanacaq: "Yəni, vətəndaşlar mərkəzlərə gəlmədən bu xidməti sifariş edə biləcəklər. Əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar istisna olmaqla, bu xidmət müəyyən xidmət haqqı ödəmək şərtilə həyata keçiriləcək".

BAKIDA OĞURLANAN 34 AVTOMOBİL HƏLƏ DƏ TAPILMAYIB

Modern. az saytı yazır ki, 2013-cü il ərzində Bakı şəhəri üzrə 154 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması faktı qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, görülən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 120-si tapılaraq sahibinə qaytarılıb, 34 avtomobilin axtarışı isə hələ də davam etdirilir.

Bölmə rəisi, həmçinin qeyd edib ki, hesabat ilində yol polisi əməkdaşları tərəfindən axtarışda olan 7 cinayətkar tutulub, 2 fakt üzrə isə narkotik maddə aşkar edilib.

“REJİSSORLARIN SƏLAHİYYƏTİ ÖZLƏRİNƏ QAYTARILMALIDIR”

Bunu “Bizim Yol” qəzetinə müsahibəsində rejissor Rövşən Alımuradlı bildirib. Deyib ki, “Azərbaycan teatrlarında baş rejissorun səlahiyyəti yoxdur, bu səlahiyyət teatrların direktorlarındadır. Direktorlar da birbaşa Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqədar şəxslərdir. Daha doğrusu nazirliyin nomenkulaturası ilə.

Repertuarlar da onların izacəsiylə formalaşdırılır. Heç bir teatr direktoru deyə bilməz ki, biz repertuarı özümüz seçirik”.

Rejissor hazırda işsiz olmasından danışıb. Deyib ki, “neçə vaxtdır ki, rejissor olaraq işsizəm. Bu yaxınlarda bir elanı eşitdim. Deyəsən Musiqili Komediya Teatrına fəhlə lazımdır. Müraciət edəcəyəm ki, məni işə götürsünlər. Haradasa işləməz lazımdır. Orda alınmasa, çayxanaların birində süpürgəçi işləyəcəyəm”.

ELNARƏ TOFİQQIZININ ÖLÜMÜ İLƏ BAĞLI MÜRACİƏT ARAŞDIRILIR

“Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertizanın rəyi açıqlanandan sonra bu barədə dəqiq nə isə demək olar. Bu əməliyyat bütün dünyada narkozla aparılır və həmin əməliyyatları narkozsuz etmək mümkün deyil”.

Bunu APA-ya açıqlamasında mərhum tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının üzərində cərrahiyyə əməliyyatı aparmış mütəxəssislərdən biri, Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov bildirib. M. Məmmədov hadisə ilə bağlı ekspertizanın rəyini gözlədiyini deyib.

M. Məmmədov E. Tofiqqızının ölümü ilə bağlı istintaqa ifadə verdiyini də açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə APA-ya açıqlamasında bildirib ki, E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı müraciət araşdırılır. Araşdırmaların sonunda Elnarə Tofiqqızının ölümündə günahı olan həkimlər barəsində qanunla müvafiq qaydada tədbir görüləcək.

UMBAKIDAKI BİR AİLƏNİN DRAMI

“Yeni Müsavat” qəzeti yazır ki, Umbakı qəsəbəsində yaşayan, həkim məsuliyyətsizliyinin qurbanı olmuş Elmar Abdullayev və ailə üzvləri imkansızlıqdan müalicə oluna bilmirlər.

“2009-cu ildə edilən əməliyyatdan sonra Elmar yerimə qabiliyyətini tamam itirir, ailənin isə onu heç nevropatoloq yanına aparmaq imkanları yoxdur. Ailə Elmarın müalicəsi üçün dövlətdən köməklik istəyir. Ailənin qızı İradə də neçə illərdir yataq xəstəsidir. İflic vəziyyətdə olan qadının müalicəsi də ailənin imkanı xaricindədir.
Ailənin digər qızı Sevil də səhhətindəki çoxsaylı problemlər səbəbindən yataq xəstəsidir. Mədəsində, böyrəyində, qanında problemlər olan qadın da pulsuzluqdan həkimə gedə bilmir”.

AZƏRBAYCAN-AVROPA İTTİFAQI ƏLAQƏLƏRİ YENİ MƏRHƏLƏYƏ DAXİL OLUR

Bu başlıq altında məqalə “Yeni Azərbaycan” qəzetində dərc olunub. Qəzet yazır ki, “ötən il ərzində Azərbaycan-Avropa İttifaqı əlaqələrində mühüm irəliləyişlərdən biri qurumun Vilnüsdə keçirilən III “Şərq tərəfdaşlığı” Sammitində tərəflər arasında sadələşdirilmiş viza müqaviləsinin imzalanması oldu”.

Qəzet yazır ki, “Azərbaycan-Avropa İttifaqı əlaqələrinin əhatə etdiyi sahələr içərisində demokratik, hüquq dövləti quruculuğu, insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsinin təmin edilməsi məsələləri də dayanır. Bu baxımdan, ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri Azərbaycanın demokratik dövlət quruculuğuna nail olmasının şəksiz təsdiqi oldu”.
XS
SM
MD
LG