Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:51

«Azadlıq» qəzeti abunəçilərini artırmaqla böhrandan çıxmaq istəyir…


«Azadlıq» qəzeti
«Azadlıq» qəzeti
-
«Azərbaycan» nəşriyyatının 9-cu mərtəbəsində, lap dibdə yarıqaranlıq dəhlizin dörd təmirsiz otağı «Azadlıq» qəzetinindir.

Bir il yarımdan çoxdur «Azadlıq» maddi sıxıntılar içindədir. Qəzet əməkdaşlarının maaşları vaxtlı-vaxtında verilməsə də, hər gün işlərinin başındadırlar.

««AZADLIQ» HƏMİŞƏ ONU OXUYANLARIN YANINDA OLUB»

Əməkdaşlardan biri Fizzə Heydərova deyir ki, çətinlik olsa da, əlləri işdən soyumayıb:

«Qəzet iki gün çıxmayanda da biz işə gəlmişdik. Əməkdaşlar da, sayt da qaydasında işlədi. Bilirik ki, problemdə nə «Azadlıq»ın, nə də rəhbərliyin günahı var. Qəzəbimiz varsa da problemi yaradanlaradır. Biz oxucularımıza çox inanırıq. Onlar bizə inandıqları kimi. Yəqin bundan sonra da bizi tək qoymayacaqlar. Çünki «Azadlıq» həmişə onu oxuyanların yanında olub».

«ÜMİDİMİZ YALNIZ ABUNƏÇİLƏRİMİZİN SAYINI ARTIRMAĞA QALIB»

«Azadlıq» qəzeti yanvarın 28-də oxucularına çağırış edib. Çağırışda deyilir ki, metroda və Bakının küçələrində qəzet satışına qadağa qoyulması redaksiyaya böyük zərbə vurub:

«Belə bir vaxtda əsas «Qasid» yayım firması «Azadlıq»a olan 70 min manat borcunu vermir, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu isə qəzetlə əməkdaşlığı dayandırıb. Onun layihələrini maliyyələşdirməkdən imtina edib. Beləliklə, böyük bir tarixi olan qəzet indi bağlanmaq təhlükəsi ilə üz-üzədir. Ümidimiz yalnız abunəçilərimizin sayını artırmağa qalıb».

«KİV-Ə DÖVLƏT DƏSTƏYİ FONDU «AZADLIQ» QƏZETİNİN LAYİHƏSİNİ MALİYYƏLƏŞDİRMƏKDƏN İMTİNA ETDİ»

Baş redaktorun birinci müavini Rahim Hacıyev deyir ki, qəzetə qarşı olan hücumlar plan əsasında aparılır. Qəzetin üstündə saysız məhkəmə cərimələri var, yayım dairəsi hədsiz dərəcədə daralıb:

«Oktyabrın 15-də bəlli oldu ki, artıq metroda qəzet satışı dayandırılır. Biz hər gün ora 1500 nüsxə verirdik. Bu ay ərzində 45 min nüsxə demək idi. Bundan başqa bizim üçün kifayət qədər gəlir mənbəyi əl yayımı idi. Biz ora hər gün 2000 nüsxə verirdik. Atılan bütün addımlar bizim vəziyyətimizi daha da ağırlaşdırmaq üçündür. İş o yerə çatdı ki, hətta KİV-ə Dövlət Dəstəyi Fondu ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan işləri görməyimizə baxmayaraq, bank hesabımızın həbsdə olmasını bəhanə gətirərək bizə o ayların da pulunu vermədilər.
Rahim Hacıyev
Rahim Hacıyev
Növbəti il üçün isə KİV-ə Dövlət Dəstəyi Fondu «Azadlıq» qəzetinin layihəsini maliyyələşdirməkdən imtina etdi».

Rahim Hacıyev deyir ki, nə qədər nikbin olsalar da, üç əsas gəlir mənbəyindən məhrum olan redaksiya çox ağır dövr yaşayır.

«BİZ DƏ BACARDIĞIMIZ QƏDƏR...»

Bu günlər qəzetin internet səhifəsinin üstünə ağır yük düşüb. Saytın veb-redaktoru Alı Rza deyir ki, onların da vəziyyəti yaxşı deyil:

«Amma informasiya istehsalı, materialların hazırlanması baxımından qəzetdə hər hansı bir axsaqlıq yoxdur. Biz də bacardığımız qədər öz məlumatlarımızı operativliklə sayt üzərindən oxuculara çatdırmaq istəyirik. Sayta maraq böyükdür. Son bir neçə gündə həm ziyarətçilərimizin sayı, həm də ayrı-ayrı məqalələrə və məlumatlara baxılma sayında artım var».

Ötən ilin son günləri «Jurnalistlərin dostu» mükafatı prezident İlham Əliyevə veriləndə medianın problemləri də ona çatdırılmışdı. Bəs, o vaxtdan nə dəyişib?

JURNALİSTLƏRİN DOSTU NƏYİ DƏYİŞDİ?

Rahim Hacıyev deyir ki, dəyişən vəziyyətlərinin daha da pisləşməsidir:

«Çünki «Azadlıq» qəzetinin dövlət dəstəyindən məhrum edilməsi məhz həmin görüşdən sonrakı vəziyyətə təsadüf edir. Əl yayımının qapadılması da ondan sonrakı dövrə təsadüf edir».

Keçən ilin noyabrında da oxucular arasında qəzetə dəstək aksiyası keçirilmişdi.
Əflatun Amaşov
Əflatun Amaşov

«GÖRƏK NƏLƏR OLUB, NƏLƏR OLMAYIB»

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, medianın problemləri ilə bağlı gələn həftə Mətbuat Şurasının iclası keçiriləcək:

«Onda da bu məsələlərə yenidən baxacağıq, görək nələr olub, nələr olmayıb».

«O QÜSURLARI ARADAN QALDIRMALIDIRLAR»

Jurnalistlərin Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərli də prezidentlə keçirilən görüşdə iştirak etmişdi:

«Orda fərd olaraq qəzetlərin problemləri yox, ümumi qəzetlərin problemləri ilə bağlı çıxışlar olmuşdu. O ki qaldı «Azadlıq»ın problemlərinə, problem deyilən bir çox şeylər ki var, onların bəziləri özləri ilə bağlıdır. Məsələn, onlar KİV-ə yardım fondunun onlarla layihəni dayandırmasını qabardırlar. Əslində fond onlara hansı qüsurlara yol verdiklərini izah edib. O qüsurları aradan qaldırmalıdırlar. Cərimələrin ödənməsinin yubanması ilə bağlı çalışıb ödədilər. Bunu da zamanında eləmək lazım idi ki, o problemlər yaranmasın. Burda həm subyektiv, həm də obyektiv amillər vardı».

Bəs, oxucular «Azadlıq»ın çağırışına nə deyir?

Sıravi paytaxt sakinlərinin verdiyi cavablar:

- Məncə, «Azadlıq» qəzetinə kömək etmək lazımdır, o bizim qəzetdir.
- Hakimiyyət basqı edirsə, işləməyə qoymursa, kömək etmək lazımdır.
- Mən bu haqda fikirləşmirəm.
- İstəyərdim ki, hakimiyyət çox demokratik olsun ki, qəzetlər çətin vəziyyətə düşməsin.
- Hökumət sıxırsa, biz kömək etməliyik.
- Şəxsən mən küçə-küçə düşüb «Azadlıq» qəzetini sataram...
XS
SM
MD
LG