Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:13

Abel Məhərrəmov tələbəyə: «Bu dəfə səni elə qovaram ki...» [Video]


"Məndən rüşvət istəyirlər" deyən tələbəyə Abel Məhərrəmovun cavabı
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
-
Fevralın 21-də Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi bir gün öncə etiraz aksiyasına qatılan tələbələrlə görüş keçirib. Aksiyaçılar imtahanlarda yaranan akademik borclara görə pul ödənməsi qərarına etiraz olaraq «qanunları pozmayın, saxta qanun yazmayın» şüarını səsləndirmişdilər.

Etiraz doğuran qərar Nazirlər Kabinetinin ötən ilin dekabrında qəbul etdiyi və «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları» adlanan sənəddə əksini tapıb. Həmin qaydalara görə, kəsiri, yəni akademik borcu olan tələbələr əlavə vəsait ödəməlidir.

PROBLEM 180-190 NƏFƏRİ ƏHATƏ EDİR

Görüşdən öncə universitetin rektoru Abel Məhərrəmov brifinq keçirərək bir gün öncəki aksiyaya da münasibətini bildirib:

«Bu problem Bakı Dövlət universitetində cəmi 180-190 nəfəri əhatə edir. Onlar da istəsələr, kəsir üçün kredit götürməyə bilərlər. Ancaq bu situasiyadan istifadə edənlər var. Vəziyyəti tamam başqa müstəvidə dramatikləşdirmək istəyənlər var. Məsələn, dünən universitetin qarşısında 8-10 dəqiqəlik belə ajiotaj yarandı. Biz onlarla söhbət edəndə aydın oldu ki, onlar ümumiyyətlə heç bir ali təhsil müəssisəsində təhsil almırlar. Müəyyən qurumlardır - xüsusi olaraq dövlətçiliyimizin uğuruna sevinməyən adamlardır onlar».

Tələbələrin bildirdiyinə görə, görüşün keçirildiyi akt zalına rəhbərliyin əvvəlcədən təyin etdiyi adamlar yerləşdirilib.

Görüşə Təhsil Nazirliyinin məsul işçiləri də qatılıb. Abel Məhərrəmov tələbə narazılığının əsassız olduğunu, bu məsələyə Nazirlər Kabineti səviyyəsində qərar verildiyini xatırladıb:

«Nazirlər Kabinetinin verdiyi qərar bizim üçün ən ali qərardır. Təhsil Nazirliyi və universitetlər də o qərarlara əməl etməlidir».

«NƏ VAXTA QƏDƏR RÜŞVƏTXORLUQ OLACAQ?»

Çıxışlardan sonra rektor narazı tələbələrin suallarını dinləməyi təklif edib. BDU-nun tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva rüşvət vermədiyi üçün imtahandan kəsildiyini deyib və təkidlə mikrofonu alaraq soruşub:

– İxtisasım regionşünaslıqdır. Şəhid övladıyam, atasız böyümüşəm. Bu günədək heç kəsə rüşvət verməmişəm. Yanvarın 17-də Rusiyanın Qafqaz tarixindən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da, məndən 70 manat istəyiblər. Müəllim deyir pulu verməsən, kəsəcəyəm.

Bu yerdə tələbələr alqışlayır. Kənardan bir nəfər müdaxilə edərək vaxtın bitdiyini deyir, amma Ramilə Kiçiyeva sözünə davam edir:

– Abel müəllim, mən kimə şikayət edim? Qəbula getmişəm, martda cənab nazir müavininin qəbulunda olacağam. Heç bir nəticə yoxdur. 25 nəfərin 12-si kəsilib. Nəyə görə? Cavablar göz qabağındadır. Nə vaxta qədər rüşvətxorluq olacaq? Nə vaxta qədər? (tələbələr alqışlayır)

Abel Məhərrəmov:

– Bu tələbəni 10 dəfə qəbul etmişəm, xaric olunub, bərpa etmişəm. Kömək etmişəm, özü də bilir.

Ramilə Kiçiyeva:

– Siz kömək etmisiniz...

Abel Məhərrəmov:

– Bəs kömək etmişəm də. Deyir qrupda 25 nəfərdən 12-si kəsilib. Əvvəla, universitetin qaydası var, 10 nəfərdən çox kəsilən kimi komissiya təşkil olunur. İkincisi, sən pul versəydin, qiymət alardın.

Ramilə Kiçiyeva:

– Axı niyə mən pul verməliyəm? Gecə yatmayıb oxumuşam. Hansı müəllim hansı müəllimi tələbənin ayağına verər?

Abel Məhərrəmov:

– Özün də hay-küy salma, bu dəfə səni elə qovaram ki, izin də burda tapılmaz.

«HƏR DƏLİ, AĞILSIZ TƏLƏBƏ UNİVERSİTETİ QARIŞDIRA BİLMƏZ»

Rektor Abel Məhərrəmov böhtan atdığına və müəllimi şərlədiyinə görə həmin tələbənin işinin məhkəməyə verilməsini tapşırıb. Rektor həmin tələbənin 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric edilərək yenidən bərpa olunduğunu söyləyib. Onun sözlərinə görə, tələbəyə hər vasitə ilə kömək edilib. Həmin tələbənin bu qədər insan qarşısında belə fikirlər səsləndirməsi düzgün deyil:

«Universiteti hər dəli, ağılsız tələbə qarışdıra bilməz. Qoyun cəmiyyət inkişaf etsin».

Bundan sonra Abel Məhərrəmov sual-cavabı dayandıraraq görüşün bitdiyini elan edib.

Tədbirdən sonra BDU qarşısında qarışıqlıq yaranıb. Dostları Hüseyn Novruzov adlı tələbənin universitetin mühafizə işçiləri tərəfindən döyülərək aparıldığını deyiblər.

Hüseyn Novruzov AXCP Gənclər Komitəsinin üzvüdür. O, fevralın 20-də keçirilən aksiyada da fəallıq göstərdiyinə görə universitetin mühafizə əməkdaşları tərəfindən saxlanılmışdı.
XS
SM
MD
LG