Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:55

Dəfn xərclərini necə azaltmaq olar?


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda hər il orta hesabla 50 min adam vəfat edir. Bu, həm də 50 min ailə büdcəsinin «dəfn xərci»ndən silkələnməsi deməkdir. Təbii ki, xərclər hər ailəyə və onun çevrəsinə görə dəyişir. Beləcə, bir dəfn və onunla bağlı mərasim 2-3 mindən 50-60 min manatadək vəsait aparır.

Dövlət Sosial Müdafiə Fondu mərhum təqaüdçülər və işləyənlər üçün birdəfəlik müavinət müəyyənləşdirib. Təqaüdçünün ailəsinə 300, işləyən şəxsin doğmalarına 120 manat müavinət ödənir. Düzdür, bunun bir «əmması» da var: ölü yiyəsi həmin məbləği almaqdan ötrü mərhumun ölüm kağızı ilə yanaşı, dəfnin təşkilini təsdiqləyən arayış da təqdim etməlidir.

«ÖLDÜYÜ GÜN TƏKCƏ 1000-1200 MANAT XƏRCLƏDİK»

Gəncə sakini Sima Həsənova yaxınlarda təqaüdçü qayınanasının dəfnini yola verib. O, qayınanasının öldüyü gün 1000-1200 manat xərcləri çıxdığını deyir:

- Qəbir yeri danışıldı – haradasa 300 manat tutdu. Yerin qazılması üçün 100 manat istədilər. Maşın, ölü yumaq, tabut – bunların hamısı 120 manat tutdu. Başdaşı da danışıldı və 600 manat ödəndi. Həmin gün mağar qurdurduq, çayçı gətirdik. Həm kişilərə, həm də qadınlara molla gətirildi. Qadın mollası 20, kişi mollası 50 manata gəlir. Yemək hazırlandı. Bunlar hamısı puldu də...

- Özünüz yuya bilməzdinizmi mərhumu?

- Bina evində yaşayırıq. Harada eləyək? Həm də hamı məscidə aparır. Ölü yuyan da deyir qiyməti budur.

4 nəfərlik Həsənovlar ailəsinin aylıq gəliri 700-800 manat civarındadır. Başsağlığına gələnlər də ailəyə yardım göstəriblər. Sima Həsənova deyir ki, qohum-əqrəbanın, qonum-qonşunun yardımı təxminən 1500 manat eləyib. Bu vəsait yasın yalnız ilk iki günü yola verməyə çatıb:

«Yas mərasiminin xərcləri isə hələ qabaqdadır. Bunun 40-ı, ili, qara bayramı var. Dövlətin verdiyi bu 300 manat bu yasın harasını ödəsin?».

Sima Həsənova xərcləri görüb, gələcəkdə balalarına «yük» olmaqdan qorxduğunu gizlətmir:

«Kaş biz ölənədək bu adətlər yığışa. Elə aparıb basdırsalar - yetər. Sonra da qayıdıb bir stəkan çayla, halvayla məclisi yola verərlər. Heç mağar da qurulmaya...».

Rəşad Həsənov
Rəşad Həsənov
«ÖLÜMÜN SIĞORTALANMASINA EHTİYAC VAR»

İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Rəşad Həsənovun fikrincə, sosial-sığorta üzrə ödəmələrin bir növü kimi müəyyənləşdirilən dəfn xərci reallıqla ayaqlaşmır:

«Düzdür, hökumət borclu deyil ki, təmtəraqlı yas mərasimi keçirən şəxsin xərclərini ödəsin, amma hökumət aztəminatlı ailələrin bu «yükünü» hiss olunacaq dərəcədə azaltmalıdır. Ən yoxsul vətəndaş üçün bu məbləğ 1500-2000 manata başa gələcək. Bunun qarşılığında ödənilən birdəfəlik müavinət bundan 7-8 dəfə azdır».

Rəşad Həsənov düşünür ki, dəfn xərclərinin önlənməsi üçün ölkədə ölüm sığortası proqramları işləməlidir. Müsahibimiz hesab edir ki, bu sığorta növü ilə insanları bəzən «dəfn xərci» altında adamı borca salan ölüm dəllallarının əlindən qurtarmaq olar.

TÜRKİYƏDƏ DƏFNƏ BƏLƏDİYYƏ DƏSTƏYİ

Qonşu Türkiyədə də yas mərasimi adət-ənənə üzündən ucuz başa gəlmir. Bu ölkədə dəfn xərclərinə bələdiyyə əl uzadır. İstanbul sakini Necati Okut AzadlıqRadiosuna deyir ki, ölü yiyəsi bələdiyyəyə yalnız torpaq üçün pul ödəyir:

«Bələdiyyə cənazə maşınını, mollanı verir, məzarı hazırlayır. Bunlar pulsuzdur. Sadəcə, kimsə istəsə, halallıq üçün sürücünün, mollanın cibinə bir şey qoyar. Bu, əsla rüşvət deyil. Onu da daha çox zəhmətlərini halal etsinlər deyə, azəri türkləri verir».

Necati Okutun sözlərinə görə, Türkiyədə məzarın düzəldilməsi ölü sahibinin boynuna düşür. Amma dəfndə «ölünün yuyulması»na xərc çıxmır: «Bunu mərhumun yaxınları edir».
Bakıda dəfn mərasimi
Bakıda dəfn mərasimi

Necati Okut «dəfn xərcləri»ndə önəmli yer tutan məzar yerinin qiymətinin şəhərlərə görə dəyişdiyini də söyləyir və dərhal sözlərinə əlavə edir: «Kənd yerlərində buna görə pul ödənmir».

BİR QƏBİR ÜÇÜN DÖVLƏT RÜSUMU 63 MANATDIR

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bir neçə ay öncə modern.az-a bildirib ki, qəbir yerləri pulla satılmır. Onun sözlərinə görə, ölüsünü dəfn etmək istəyən Azərbaycan vətəndaşıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlara – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək ölüsünü dəfn edə bilər.

Gəncə sakini Sima Həsənova qəbir yeri üçün ödədikləri pulun nə qədərinin dövlət rüsumuna getdiyini bilmir. O deyir ki, yası düşənlərdən qəbir yeri üçün yalnız dövlət rüsumu alınsa, digər zəruri xərclərin də məbləği azalsa, borc-xərclər qan qaraltmaz.
Bəs gələcəkdə aztəminatlı ailələr üçün fərqli «dəfn xərci müavinəti» verilə bilərmi? Bu məsələdə təqaüdçülərə ödənən müavinət mərhumun işlədiyi müddətdə ödədiyi sosial-sığorta məbləğinə görə müəyyənləşdirilə bilərmi? İşləyən şəxslərin əmək stajı müddətində ödədiyi fərqli sosial sığorta ödənişləri nəzərə alına bilərmi?

AzadlıqRadiosunun Dövlət Sosial Müdafiə Fonduna ünvanlandığı bu suallara hələ cavab gəlməyib.
XS
SM
MD
LG