Keçid linkləri

2025, 10 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:39

İran azərbaycanlısı: «Azadlıqda olanda sanki əsarətdəyik»


Abbas Lisani
Abbas Lisani
-
Dünya Ana Dili Günündə həbs olunan azərbaycanlı fəal Abbas Lisani martın 5-də azadlığa buraxılıb. O, AzadlıqRadiosuna müsahibəsində özünün və digər azərbaycanlı fəalların fevralın 21-də Əhər şəhərində keçirilən ana dili mərasimində həbs olunduğunu bildirib. Ailəsinin 100 milyon tümənlik (təxminən 33 min ABŞ dolları) mülk girovu müqabilində Abbas Lisanini şərti azadlığa buraxmaq barədə qərar verilsə də, bir neçə gün bu qərara əməl etməyiblər. Bu üzdən o, aclıq elan etmişdi:

– Beş gün aclıq aksiyası keçirdik. Hamımız, yəni bütün fəallar bir yerdə olduğumuz üçün sonra aclığı dayandırdıq. Dostlar azad oldular. Əslində, mənim də azadlığa çıxmağım haqqında qərar verilmişdi, ancaq qarşısı alınırdı. Mən də yenidən etiraz olaraq, martın 3-də aclıq aksiyasını davam etdirdim. Bu, azadlığa çıxana qədər davam etdi.

– Abbas bəy, necə baş vermişdi həbsiniz?

– Əhərdə fəalların birinin evində Ana dilinə görə şənlik və mərasimə qatılmışdıq. Tədbirsiz hücum eləyib bizi tutdular. Həmin mərasimdə 100-dən artıq fəal vardı. Tutulanların sayı 60-dan çox olardı.

– Onlardan indi həbsdə qalan var?

– Yox, hamısı buraxılıb.

– Bəs niyə həbs olunmuşdunuz?

– Ana Dili Gününə görə. Çünki orada ana dili istəkləri dilə gətirildi... Ana dilinin dəyərləndirilməsində elmi mübahisələr olduğuna görə gəlib bizi tutdular.

– Hazırda ana dilinin durumu necədir? İranın Azərbaycandakı səfiri mediaya bildirmişdi ki, Azərbaycan dili orta təhsil ocaqlarında tədris olunur...

– Təəssüf ki, belə deyil. Məktəblər yoxdur. Düzdür, qəzet-jurnallar çıxır. O da bəzi yerlərdə.

– Sizcə, ana dilini necə irəlilətmək olar?

– Məntiqlisi budur ki, hakimiyyət və dövlət öz Konstitusiyasına əməl edə. O cümlədən 15-ci maddəyə. Ən azı İranda yaşayan müxtəlif xalqların ana dilinə hörmət qail olaraq bu məsələnin irəliləməyinə və inkişafına zəmin yaradar. Təəssüf ki, buna hələ dar baxılır. Gördüyünüz kimi, Dünya Ana dili Günündə insanları tutub-vurub işgəncə edirlər...

– Budəfəki həbs zamanı işgəncə verildi?

– İşgəncə oldu. Bununla bağlı bir yazı da yazdıq. Həm fiziki, həm də psixoloji işgəncələr oldu...

– Siz dəfələrlə həbsdə olmusunuz...

– Ta Vətəndə, torpağımızda və Azərbaycanda ana dilimiz, insan haqlarımız azad olmayınca bizim eşikdə, ailə içində azadlığımızın anlamı yoxdur. Şəxsən mən öz payıma deyirəm, mənim gerçək rahatlığım dustağın içindədir. Ona görə ki, ən azı, vicdan əzabı çəkmirəm. Dilim, özüm zahiri bir azadlıqdan bərxudar oluram. Azadlıqda olanda sanki əsarətdəyik.

– Bakıya gəlmək planınız yoxdur?

– Vətənin hər yerini gəzmək, o tərəflərə gəlmək istəyirəm. Təəssüf ki, çox nədənlərə görə hələ məsləhət bilmirəm...

Əslən Ərdəbil şəhərindən olan, indi də Ərdəbildə yaşayan Abbas Lisani ana dili və milli haqlar uğrunda mübarizə aparır. O, 2005-ci ildə Babək qalası yığıncağına, 2005-ci ilin avqustunda Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimə və 2006-cı ildə may aksiyalarına rəhbərlik ittihamı ilə 30 ay həbsə, 50 şallaq zərbəsinə və 3 il sürgünə məhkum olunub.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Abbas Lisanini «vicdan məhbusu» adlandırıb. Onun azadlığı üçün aparılan kampaniyalar nəticəsində Abbas Lisani 2008-ci il oktyabrın 29-da azadlığa buraxılmışdı. Bir qızı, iki oğlu var.
XS
SM
MD
LG