Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:59

Krımda referendum suallar doğurur


Sevastopol, 6 mart 2014
Sevastopol, 6 mart 2014
-
Krım parlamenti martın 6-da Rusiyaya birləşmək qərarı verib. On gün sonra yarımadada referendum keçiriləcək.

Bundan əvvəl referendumun mayda, sonra martın sonunda və daha sonra martın 25-də keçirilməsinə dair qərarlar vardı. İndi referendumun vaxtını xeyli ön tarixə çəkiblər.

Referenduma iki sual çıxarılması nəzərdə tutulur: 1. «Krımın federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinəsinizmi?»; 2. «Krım Konstitusiyasının 1992-ci il redaksiyasına qaytarılmasını istəyirsinizmi?».

Beynəlxalq aləm Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın bu addımını qanunazidd sayır.

UKRAYNA KONSTİTUSİYASINA VƏ BEYNƏLXALQ HÜQUQA ZİDD

ABŞ prezidenti Barack Obama Krımın gələcək taleyilə bağlı referendum qərarını Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa zidd addım adlandırıb. O, Ukraynanın gələcək taleyinə aid hər bir məsələyə yalnız Ukraynanın legitim hökumətinin qərar verməli olduğunu xatırladıb.

Rusiya Dövlət Dumasının spikeri Sergei Naryshkin Krımın «tarixi seçimi»nə hörmətlə yanaşacaqlarını bildirib. O, bunu da deyib ki, «Krım əhalisinin azad və demokratik seçimini dəstəkləyəcəyik».

Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenko Krımda referendumun keçirilməsini Ukraynanın itirilməsi adlandırıb:
Yulia Tymoshenko
Yulia Tymoshenko

«Rusiyaya martın 16-da referendum keçirilməsinə icazə versək, Ukraynanı itirəcəyik. Həm də biz təkcə Ukraynanı yox, bütün dünyada sabitliyi itirəcəyik».

QONDARMA REFERENDUM

«Sivil dünyada heç kim Krımın Rusiyaya birləşməsinə dair «qondarma referendumu» tanımayacaq».

Bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib. Yatsenyuk bildirib ki, Rusiya Krımdan əsgərlərini çıxarmalı, separatçılara dəstəyi dayandırmalıdır.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Krım parlamentinin regionun gələcək statusuna dair referendum keçirmək hüququ var. O, Şuranın Krımın Rusiyaya birləşməsini dəstəkləyəcəyini də sözlərinə əlavə edib.

Ukrayna İslahatlar Partiyasının (UDAR) lideri Vitali Klitschko Rusiyanın bu addımını anlaşılmaz sayır:
Vitali Klitschko
Vitali Klitschko

«Avropada qonşular arasında silahlı münaqişənin baş verməsini təsəvvür etmək çətindir. Qonşularınız sizi dəstəkləməlidirlər, sizə qarşı vuruşmalı deyillər».

Böyük Britaniyanın BMT-dəki səfiri Mark Lyall Grant Krımın Rusiyaya birləşməsi ilə bağlı referendum qərarı haqqında deyib ki, bu, Ukrayna Konstitusiyasına ziddir:

«Bu referendum Ukrayna Konstitusiyasına tam ziddir. Krım Muxtar Respublikasının Ukraynanın qalan hissəsinə zidd olaraq referendum keçirib Krımın konstitusion statusunu dəyişmək səlahiyyəti yoxdur».

SEPARATÇILIĞIN ÇİRKİN NİYYƏTLƏRİ HƏYATA KEÇİRİLİR

Politoloq Fikrət Sadıqov deyir ki, Rusiya guya «tarixi ədalət»in bərpası naminə, əslində, Krım yarımadasını öz ölkəsinə birləşdirmək istəyir:

«Fakt budur ki, artıq Ukraynanın ruslara meylli əhalisi və rusların özü Rusiya tərəfindən ayağa qaldırılıb. Faktiki olaraq ölkəni parçalamağı düşünürlər.
Fikrət Sadıqov
Fikrət Sadıqov
Bu, əsl separatçılıq tendensiyalarıdır. Vaxtilə keçmiş Stepanakertdə (Xankəndi nəzərdə tutulur – red.) Dağlıq Qarabağ hərəkatı başlayarkən, orada da deyirdilər ki, biz vahid millətik və Ermənistana birləşsək, bütün problemlərimiz həll olunacaq. Sonradan bu ideyadan imtina etdilər. Başa düşdülər ki, dünya birliyi bunları müdafiə etməyəcək. Sonradan ikinci mərhələdə dedilər ki, biz müstəqil dövlət qururuq. Krım hadisələri açıq və aydın şəkildə onu göstərir ki, separatçılığın çirkin niyyətləri həyata keçirilir. Bunun arxasında da Rusiya kimi dövlət dayanır».

«PUTİN ÖLKƏMƏ TƏCAVÜZ EDƏNDƏ...»

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili martın 7-də «The Washington Post» qəzetində bu başlıqla məqalə yazıb.

Saakashvili məqaləsində indi Ukraynada baş verənlərlə Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana müdaxiləsi arasındakı bənzərliyə diqqət çəkir. O, həmin dövrdə Rusiyanın müdaxiləsinə dünyanın yetərincə ciddi reaksiya verməməsindən şikayətlənir. Vaxtilə nasist Almaniyasının da indi Putin-in yararlandığı metoddan istifadə etdiyini xatırladır:
Mikheil Saakashvili
Mikheil Saakashvili

«Nasist Almaniyası 30-cu illərdə etnik almanları qorumaq bəhanəsi ilə qonşu Çexoslovakiyaya müdaxilə etdi. Bu gün də Rusiya Krımda və Gürcüstan ərazisində – Cənubi Osetiya və Abxaziyadakı rusdilliləri qorumaq bəhanəsi ilə həmin ölkələrə müdaxilə edir».

Saakashvili məqaləsində yazır ki, ABŞ, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməlidir. Avropa Birliyi Gürcüstan, Moldova və Ukrayna üçün rəsmi, həm də çevik üzvlük planı ortaya qoymalıdır:

«Avropa Birliyi bu ölkələrə qapılarını açmalıdır ki, Rusiya qanunsuz yollarla öz məqsədinə çata bilməyəcəyini anlasın».

SON VƏZİYYƏT

Ukraynanın yeni hakimiyyəti Krım Ali Radasının referendum keçirmək haqda qərar yetkisinin olmadığını bildirir. Artıq separatçıların liderlərinə qarşı cinayət işi açılıb.

Krıma isə, faktiki olaraq, Rusiya silahlı qüvvələri nəzarət edir. Onlar Ukraynaya sadiq hərbi birləşmələri mühasirədə saxlayır, bu birləşmələri müxtəlif yollarla Rusiyanın tərəfinə keçməyə təhrik edir.
XS
SM
MD
LG