Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:23

Naxçıvanda kredit «riskləri»...


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda əhaliyə verilən kreditlərin qaytarılmama ehtimalı Azərbaycan üzrə göstəricidən 12 dəfə azdır. Bunun belə olduğunu «Şərq Qapısı» qəzeti yazır. Qəzetin yazdığına görə, digər regionlarda batan məbləğ ümumi kreditin 6 faizidirsə, bu rəqəm muxtar respublikada cəmi 0.5 faizdir. Rəsmilər bunu Naxçıvanda iqtisadiyyatın düzgün yönəldilməsi, kredit mədəniyyətinin yüksək olması ilə əlaqələndirirlər.

Bəzi yerli mütəxəssislər həmin fikirlə razı deyillər. Onlar Naxçıvanda əhaliyə verilən kreditlərin qaytarılma riskinin azlığını buradakı sərt üsul-idarəyə bağlayırlar. Həmin mütəxəssislər iddia edirlər ki, muxtar respublikada kreditlərin qaytarılmasını məhkəmələr yox, güc orqanları tənzimləyir.

Elə kreditlərini qaytarmaqda çətinlik çəkən bəzi yerli sakinlər də bank borclarına görə hüquq-mühafizə orqanlarına çağırılmalarından şikayətlənirlər.

«PROKURORLUQDAN DÜŞÜBLƏR ÜSTÜMƏ Kİ, PULU QAYTARMALISAN»

Şahbuz rayon sakini Əfqan Məmmədov deyir ki, ötən il «Naxçıvan kredit» Bank Olmayan Kredit Təşkilatından (BOKT MMC) girov müqabilində min manat kredit götürüb. Krediti vaxtında qaytara bilmədiyinə görə isə onu Şahbuz rayon prokurorluğuna çağırıblar:

«Mənə zəng edib hədələyirdilər ki, kredit təşkilatına olan borcunu ödəməsən yaxşı olmayacaq. İşimi itirdiyimdən pulu vaxtında qaytara bilmədim. Belə halda qanunla torpaq kredit təşkilatının hesabına keçməlidir. Buna etiraz etmirəm. Ancaq bank qalıb bir tərəfdə, prokurorluqdan düşüblər üstümə ki, pulu qaytarmalısan. Mən də deyirəm ki, siz bu işə qarışa bilməzsiniz. Kredit təşkilatı bilər, mən bilərəm. Günahım var, qoy məhkəməyə versinlər. Prokurorluq kimdir ki, bu məsələyə qarışsın?».

Əfqan Məmmədov deyir ki, israrla haqqını tələb etdiyindən kredit təşkilatı sonunda işi məhkəməyə göndərib. Onun sözlərinə görə, məhkəmə də kredit təşkilatının xeyrinə qərar çıxardığından yuxarı instansiyalara müraciət edəcək.
Foto: Arxiv
Foto: Arxiv

«MƏNİ ÇAĞIRDILAR POLİSƏ...»

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən digər Naxçıvan sakini də deyir ki, «Naxçıvan Kredit» BOKT-dan 1500 manat pul götürüb. Krediti vaxtında qaytara bilmədiyinə görə o da polisə çağırılıb:

«Torpaq sahəmi girov qoyub pul götürmüşdüm. Elə alındı ki, işlərim yaxşı getmədi və krediti vaxtında ödəyə bilmədim. Təklif elədim ki, gözləyin inəyim bala versin, yazda bəsləyim satım, borcu qaytarım. Razılaşmadılar. Dedim, o zaman girov torpağımı götürün. Dedilər, bizə pul lazımdır, torpaq yox. Sonra məni çağırdılar polisə, dedilər, get pulu tap gətir. Haradan tapacaqdım pulu? Dedilər, get inəyini sat, gətir. Məni məcbur etdilər, inəklərimi satdım, borcumu qaytardım. Uşaqlarım gözünü dikmişdi o inəklərə ki, balalayarlar, südündən, qatığından istifadə edərik. Bu da çıxdı əlimizdən. Banklar hamısı özlərinindir, pulu faizlə verirlər, qaytara bilməyəndə qoyduğun girova sahib çıxmırlar. Deyirlər get pulu gətir».

«Naxçıvan Kredit» BOKT bu deyilənləri təkzib edir. Kredit təşkilatından bildirirlər ki, borclarını qaytara bilməyənlərlə bağlı yalnız məhkəməyə müraciət edirlər.

«BU İŞLƏRLƏ MƏHKƏMƏ MƏŞĞUL OLUR»

Şahbuz rayon prokuroru Ramiz Məmmədov da bildirir ki, onlar bu cür işlərə qarışmırlar:
Natiq Cəfərli
Natiq Cəfərli

«Bu işlərlə məhkəmə məşğul olur. Bura prokurorluqdur. Prokurorluq niyə məşğul olmalıdır?».

«NORMAL ÖLKƏLƏRDƏ 1-2 FAİZ RİSKLİ KREDİTLƏRİN OLMASI LABÜDDÜR»

İqtisadçı ekspert Natiq Cəfərli ölkə kredit bazarındakı ümumi durumu belə dəyərləndirir:

«Rəsmi məlumata görə, Azərbaycanda kredit bazarındakı 1 milyard manata yaxın vəsaitin qaytarılması risklidir. Bu da ümumi kreditlərin 6 faizdən çoxudur. Dünya praktikasında bu rəqəm 2-3 dəfə azdır. Belə problemlərin yaranmasına səbəb inhisarçılıq, bankların yüksəkvəzifəli məmurlar tərəfindən nəzarətdə saxlanması və faizlərin yüksək olmasıdır. Riski yüksək faizlə önləməyə çalışırlar. Bu, yanlış siyasətdir. Naxçıvanda, bütün sahələrdə olduğu kimi, bu sahədə də ciddi dövlət nəzarəti var. Bir qrup şəxs qanunları öz maraqlarına uyğun tətbiq etdiyindən kreditlərin riski aşağıdır. Çünki normal ölkələrdə 1-2 faiz riskli kreditlərin olması labüddür. Kreditlərin qaytarılması ilə bağlı problem yarandıqda pul verən təşkilatla həmin şəxs arasında razılaşma olmalıdır. Əgər ortada girov varsa, bank məhkəməyə müraciət edib girovu tələb edə bilər. Hüquq-mühafizə orqanlarının bu işə qarışması qanunsuzluqdur. Yalnız məhkəmə qərar çıxardıqdan sonra icra məmurları vətəndaşdan bankın pulunu tələb edə bilər».
XS
SM
MD
LG