Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:25

Sənəmin məktubu - Rəhim Əliyevdən yeni hekayə


Rəhim Əliyev
Rəhim Əliyev
-

Qardaşımın ölümündən beş ay sonra anamla hiss elədik ki, gecələr tatar qızının yanına kimsə gəlir. Anam ağladı, amma tatar qızını qınayan heç bir söz demədi...


Rəhim Əliyev


SƏNƏMİN MƏKTUBU

(hekayə)


Bu, bahardan azca qabaq iydi. Təsadüfən yanaşı oturmuşdular avtobusda.

Qara qıvrim saçlı Zöhrab pıçıltılı səsnən nəsə danışmağa başladı, üzünü, gavar ona tutmuşdu.

Sənəm pərt oldu, yad oğlan ona nə deyirdi?

Əvvəl qıza elə gəldi ki, bütün avtobus onlara baxır. Zöhrab isə gah danışır, gah susur, sonra təzədən başlırdı. Sənəm kəsdirə bilmirdi onun dediyin. Pərtlikdən onu tər basmışdı.

Düşməyinə az qalanda özü də bilmədən dedi oğlana: mən axı tanımıram sizi.

Onda Zöhrab qayıtdı ki, siz xalam qızına oxşayırsız.

Sənəm bilmədi nə cavab versin. Qalxıb öz dayanacağında düşəndə oğlan da dalıyca gəldi. Dayanacaqda heç kim yox idi. Qızın həyacandan üz-gözü pörtmüşdü, özünü bir az rahat hiss elədi. Qırıq-qırıq danışdılar.

Zöhrab orta boylu, qıvrım saçları qabaqdan tökülməyə başlayan yaraşıqlı ağ oğlan idi. Sənəm qarabuğdayı, balaca, xırdagöz iydi, ağ oğlanları xoşlurdu. Oğlannan tanış oldu, dedi ki, fəhlə qəsəbəsində peşə məktəbində kitabxanada işlir.

Zöhrab dedi ki, neftdə işlirəm. Onlar çatanda qızın gəldiyi idarəyə, o bu idarənin adını kollektor dedi, Zöhrab bu sözü birinci dəfə eşidirdi, onlar ayrıldılar. Sənəm qəbul eləmədi görüşmək təklifin, onda Zöhrab qıza iş telefonunu verdi. Qız dedi:

–Bilmirəm zəng vuracam ya yox...

Qız Zöhrabdan ayrılıb binaya sarı addımladı. Zöhrab da işə getmək üçün avtobus dayanacağına qayıtdı. O, zavoddan gəlirdi, işdən yollamışdılar. Amma işlədiyi yer kağız-kuğuzla bağlı idarə iydi. Qızın görüşdən imtina eləməsi onun elə də vecinə gəlmədi, çünki qız çox da ürəyinə yatmamışdı. Avtobusda yanında oturan kimi hiss elədi ki, qız həyacanlandı. Ağlına gəldi ki, tanış olsun. Düşündü: zəng elər lap yaxşı, eləməz, qoy eləməsin.

Sənəm içində özünə mat qaldı. Özündən beş-altı yaş kiçik görünən bu oğlannan niyə tanış olduğunu anlamırdı.

Elə bil tanış olan o yox, başqa yad adam iydi. Avtobusda heç vaxt tanış olmamışdı. On-on iki il qabaq, ingilis dili müəllimliyi oxuyanda bir-iki oğlannan tanış olmuşdu. Gecə növbəsində oxurdular. Axırıncı oğlanla bir il görüşdü. Qız üçüncü, o isə beşinci kursda oxurdu. Hər gün qızı qaranlıq küçələrdə avtobusuna qədər ötürürdü dərsdən sonra. Gələcək haqda planlar qururdular. Beşinci kursu qurtarandan sonra kəndə getdi və yoxa çıxdı.

Amma o həmişə qıznan iydi, qaranlıqda dərsdən avtobusa gedəndə elə bil yanında olurdu. Ovcunda əlinin istisi qalmışdı. Bir dəfə payızda gəldi. Dərsdən sonra onu avtobusa qədər ötürdü. Dedi ki, atası onu məcburi evləndirib kənddə. Amma Sənəm onnan bir kəlmə də danışmadı, qova da bilmədi, gücü yox iydi. Avtobusa minib düşənə qədər ağladı. Ömründə birinci dəfə salondaki adamlardan utanmadı, onları vecinə almadı. Amma oğlanı unutmağı uç-dörd il çəkdi. Sənəmin kişilərdən üzü döndü. Hamısına şübhə ilə baxmağa başladı. Tanış olmağın daşını atdı.

Əslində bununçün imkan da yox idi, o şəhərə yaxın fəhlə qəsəbəsində yaşayırdı. Qəsəbədə avtobusa minib işə gedir, saat beşdə işdən çıxıb həmən avtobusla evə qayıdırdı. Anası səhər onu yola salır, axşam da gözü qapıda gözlürdü. Gecikə bilməzdi, anası min sual yağdırırdı.

Həyətdə qardaşı və gəlin yaşayırdı bitişik evdə. Gəlin rus məktəbi oxumyş tatar qızı idi. Amma Bikə arvadın birinci gündən bu gəlinə quşu qonmadı. Əriynən araq içirdi. Dil bilmirdi, orda rusca oxumuşdu. Həm də toysuz nişansız gəlmişdi Urusyetdən. Bikə xamım başa düşmürdü ki, toysuz necə ərə gəlmək olar.

Əliş bacısından dörd yaş böyük iydi. Əsgərliyə getdi, amma səkkiz ildən sonra qayıtdı. Neçə il türməyə düşdü. Əlişin Urusyetdə tutulmaq xəbəri gələndə Sənəm birinci kursda oxurdu. Atası bu xəbərdən xəstələndi. O, qəsəbənin bütün kişiləri kimi neftdə işlirdi. Bikə xanımdan da on yeddi yaş böyük idi. Amma bu qəsəbədən deyildi, Qubanın dağ kəndinnən iydi. İki-üç ay müalicə olundu. Sonra kiçik qardaşı gəlib onu kəndə apardı.

Bir gün xəbər gəldi ki, kişini orda basdırıblar. Bikə xanımın cəmi qırx üç yaşı vardı. Ana-qız dörd il həyətdə tək yaşadı. Qohumlardan Sənəmi istəyənlər oldu: amma Bikə qəribə və tərs olmuşdu. Onu özündən on yeddi yaş böyük kişiyə yetimçiliyə görə vermişdilər. İndi özü də qıznan tək qalmışdı, ehtiyac içində iydi, amma qızını vermək istəmirdi.

Taleyə müqavimət göstərirdi, qızın onun çəkdiklərin təkrar eləməsini istəmirdi, bundan qorxurdu. Beləcə dörd il keçdi, Əliş Urusyetdən qayıtdı. Amma ananın sevinci qısa oldu. Oğlu nə anası, nə bacısı ilə maraqlanmadı. Tatar qızı tez işə girdi, Əliş isə iş axtara-axtara qaldı. Hər gün hara işə gedirdi. Arvad qayıtmaq üçün qayıdırdı. Ayda bir-iki dəfə arvadı döyürdü. Bu dava-dalaşdan Sənəm qorxur, qardaşını kefli görəndə bağrı yarılırdı.

Qardaşı qayıdan ili Sənəmin iyirmi doqquz yaşı vardı. Atasının ölümündən sonra Bikə qəribə olmuşdu, gah ərə getdiyi günü söyüb qarğış edir, gah əri üçün ağlayırdı.

Qıza elə gəlirdi ki, anası havalanıb. Tutmaları keçəndən sonra yenə həmişəki fağır vəziyyətinə gəlirdi, allahına şükür edirdi. Anası deyirdi: nə yazılıb, o olacaq. Bu sözdən qızın xoşu gəlirdi. Elə bilirdi anasını sakitləşdirən bu sözlərdi.

Bikə xanım ağlayanda isə dayanmaq bilmirdi, özü ilə nə isə danışırdı, elə ağlırdı ki, elə bil ətini kəsirdilər. Belədə qız evdən baş götürüb getək istirdi. Amma yeri yox idi. Həm də anasını heç vaxt ata bilməzdi.

Qız bir tərəfdən anasının tutmalarından, bir tərəfdən də qardaşının içgili qəzəbindən qorxmağa başladı. Öz taleyi yadından çıxdı. Hər səhər həyətdən çıxanda içində yüngüllük hiss elədi. Başladı öz taleyini gözləməyə. Aylar, illər yuxu kimi bitdi, yaşı otuz beşi keçdi, amma kimnənsə tanış olmaq niyyəti yox idi.

Aradan dörd-beş həftə keçdi. Bir otaqda üç nəfər otururdular işdə. Zəng gələndə dəstəyi şöbə müdiri götürdü və ona verdi. Zöhrab sözləri uzada-uzada danışan Sənəmin səsini tanıdı. Amma qızın nə demək istədiyini başa düşə bilmədi.

O hansısa kitabdan, yoxsa ensiklopediyadan danışırdı. Müdir də bərəlmiş gözlərini ona dikmişdi. Onda soruşdu qızdan: hardasan. Sonra icazə alıb qıznan görüşməyə getdi. Müdirə dedi ki, xalası qızıdı, rayonnan gəlib. Nəsə kömək lazımdı.

Qız balaca parka gəldi. Əynində qara paltar vardı, gözlərinin içi qızarmışdı, havalı adama oxşayırdı. Genə qırıq-qırıq danışdılar. Sənəm yenə kollektora gəlmişdi. Dedi ki, orda məktəbin kitabxanası üçün kitablar seçir. Həftədə bir dəfə gəlməlidi. Sonra işlədiyi texniki peşə məktəbindən danışdı, guya orda ancaq xuliqanlar oxuyur. Direktor atasının dostudur, onu işə götürüb. Lap ayrılanda Zöhrab soruşdu:

–Telefonda dediyin nə iş iydi?

Sənəm izah elədi ki, evlərində on doqquzuncu əsrdə çap olunmuş ensiklopediyanın bir cildi var, qız onu satmaq istirdi, amma qiymətini bilmirdi. Belə məsələ Zöhrabdan çox uzaq idi, amma o yorası üçün dedi ki, öyrənər, qoy qız ona gələn həftə kollektora gələndə zəng vursun. Beləcə ayrıldılar.

Gələn həftə isə Sənəm zəng vurmadı. Bir də iki həftə sonra zəng vurdu. Ensiklopediyanı çoxdan bukinistə göstərmişdi. Demişdilər ki, bir cildin heç bir qiyməti yoxdur, komplekt olsa, danışmaq olar. Onlar bu dəfə dəniz kənarına getdilər. Qırıq-qırıq danışdılar. Zöhrab birdən qızın üzündən öpəndə o qızardı, amma heç bir etiraz eləmədi.

Yenə qızarıb pörtdü. Sonra Zöhrabın əli açıldı, qızı gah oxşadı, gah öpdü. Amma bir kəlmə də sevgi söhbəti olmadı. Sənəm araları açılandan sonra da əvvəlki kimi hərdən bir zəng vururdu. Zöhrab çıxa bilməyəndə uzun-uzadı telefonda danışırdılar. Şöbə müdiri başını bulayır, narazılığını bildirirdi. Amma Zöhrab ona fikir vermirdi, yorulunca danışırdı.

Onların belə görüşləri bir il davam elədi. Bir dəfə bulvarda görüşəndə Zöhrab dedi:

–Bir dəfə dostumun kirayə evinə gedək...

–Mən heç bir evə gedən deyiləm, qız uşağıyam...

Zöhrab mat qaldı qızın axırıncı iki sözünə, çünki onları açıq-saçıq bildi, amma qız deyəsən bir az fəxrnən dedi qız uşağı olmağını. O bu, intim şeyə bənd olmadı, bir az fikrə gedib izah elədi ki, oturub çay içərlər və evdə görüşmək küçələrdə veyillənməkdən yaxşıdı.

Amma bu söhbətdən qız yenə qızarıb pörtdü, ürəyi döyünməyə başladı, bütün içi qorxuynan doldu. Amma bunları Zöhraba deyə bilmədi, lazım olan sözləri tapmadı, sakit və təkidlı təklifə etiraz elədi. Skamiya üstündə görüşlər Zöhrabı yormuşdu. Qızdan çəkinmədən dediyində təkid elədi. Qiz təklifi yaxın qoymadı və onlar yarıküsülü halda ayrıldılar.

Zöhrab həmin gün özünü həyasız apardı. Onların görüşlərinin mənası itirdi onun üçün, ona görə sayırdı itirməli bir şey yoxdu. Amma qızın kollektor günləri gələndə zəngi gözlürdü. İki həftə Sənəm zəng vurmadı. Zöhrab saydı ki, qız təklifdən inciyib, daha zəng vurmaz. Bir az da özünü qınadı içində: nəyə görə qız uşağı onnan ev görüşünə getməlidi? Sənəmin bəlkə də vaxtı keçmişdi bir az, amma arıq, uşaqyana üzlü olduğu üçün ona öz yaşını vermək olmazdı.

Üçüncü həftə Zöhrab day qızın zəngini gözləmirdi: günorta maaşlarını alıb otaq yoldaşı Hizbulla ilə kafeyə girdilər: atışıb ət suyuynan bir şüşə araq içdilər. Çoxunu da Zöhrab içdi, çünki Hizbulla qorxurdu iş vaxtı içməyə, Zöhrabın isə dayısı vəzifədə idi, heç nə vecinə deyildi, arağı da sevirdi. Onlar otağa girən kimi telefon zəng vurdu. Hizbulla telefonu götürdü, bəli deyənnən sonra qımışa-qımışa Zöhraba uzatdı. Sənəm sözləri uzada-uzada:

–Sənsən?

–Məmən, mənim gözəlim, mənəm..– araq Zöhrabı lap ürəkləndirmişdi.

–Dostuvu tapa bilərsən?

–Hansı dostumu?

–O kirayə qalanı...

Zöhrab bir an çaşdı, çünki özü də öz təklifini içində ciddi saymamışdı. Amma geriyə yol yox idi, udqunub dedi:

–Yanımdadı...– sonra metroda görüşməyə razılaşıb dəstəyi qoydu.

Hizbulla əvvəlcə açarı vermək istəmədi. Amma kefli idi, razılaşdı ki, qonşular şəklənməsin deyə üçlükdə getsinlər evə, sonra onları tək qoyub çıxar. Metroda taksiyə minib getdilər. Otaq dar bir küçədə ikinci mərtəbədə idi. Bur başında dəmir əsgər çarpayısı, ortada balaca stol və iki kətili, aşağı tərəfsə ağ çüyün ləyənli su kranı olan şüşəbənd otaq idi, pəncərələrdə saralmış ağ pərdə vardı. Sənəm tünd qəhvəyi paltar və sarı jaket geymişdi. Bir kəlmə də danışmırdı. Hizbulla çay qoyub oturdu, amma getmək fikri heç yox idi. Kefli Zöhrab onu “get otaqda otur” deyib evdən çıxardı. Zöhrab öz çayını içdi, amma Sənəm qalın stəkana toxunmadı. Zöhrab çayını içəndə Sənəm sakitcə qalxıb dəmir çarpayıda oturdu, bura baxma, deyib soyundu və rəngi bozarmış ağ adyalın altına girdi. Zöhrab bundan razı qaldı, çünki lazımsız sözlərə ehtiyac qalmadı. Sənəm də deyəsən söz istəmirdi.

Oğlan adyalı qaldırıb qızın yanına girəndə onun qara qırcıvadan tikili tumuşunu gördü, nəsə demək xatirinə dedi:

–Bahalı geyinmisən...– qızdan ətir iyi gəlirdi, əlavə elədi,– ətirlənmisən...

–Çimib gəlmişəm,–qız ovcunu göstərdi Zöhraba, ortasında təzə xına izi vardı, –paltarların hamısı təzədi...

Zöhrab qızın nə demək istədiyin annamadı, qızın böynundan, sonra döşlərindən öpməyə başladı. Qırcıvalı qara lifçiyi aça bilmədi, bunu qız özü elədi. Sənəmin döşləri balaca, bərk iydi, amma gilələri iriydi, hallanıb böyümüşdü. Onlar heç nə danışmırdılar. Zöhrab qızın axırıncı paltarını çıxaranda qız müqavimətsiz, halsız idi.

Zöhrab birbaşa krandan özünü yuyub bir stəkan çay içdi, qayıdanda qızın gözlərini nəmli gördü. Yanında uzanıb soruşdu:

–Ağrıdır səni?

Sənəm başını buladı. Yavaşdan dedi:

–Qucaqla məni...

Qiza soyuq idi. Amma Zöhrab onu səhv başa düşdü, təzədən onun boynundan öpməyə, döşlərini sormağa başladı. Sonra o ikinci dəfə yuyunanda qız soruşdu:

–Döşəkağı qan olub, neyniyək onu?

–Qoy qalsın, özü yığar...

Amma Sənəm nə fikirləşdisə döşəkağını yığıb bükdü, dəmir kravatın yanına atdı. Qız geyinəndən sonra təzə iş çıxdı: o qasığındaki sancıdan gəzə bilmirdi.

–Ayağın ağrıyır? – soruşdu Zöhrab.

–Gərək ikinci dəfə elməyəydin, görməmişsən!


Zöhrab bu sözlərin mənasını ayılandan sonra başa düşdü. Onlar birtəhər həyətdən çıxdılar. Sənəm taksiyə minəndə axsayırdı. Oğlan taksinin pulunu verib işə qayıtdı. Nigaran idi, işdə onun axtarmayıblar? Amma işdə sakitlik idi. Hizbulla isə pərt idi, o, nə həmin gün, nə də sonra heç bir sual vermədi. Yəqin açarı verməyinə peşman olmuşdu.


2


Uç ay qız zəng vurmadı. Zöhrab onu unutmağa başlayanda şöbə müdiri ona iri bir məktub verdi. Əks adresi yox idi, burada işlədiyi vaxtda ilk dəfə iş ünvanına məktub gəlirdi. İçindən sarı bir məktəbli dəftəri çıxdı. Orada xırda xətlə, qırmızı qələmlə yazılmışdı:

“Salam, əziz Zöhrab!

Bu məktubu yazıram ki, bəzi şeyləri biləsən və mənim haqqımda pis fikirdə olmayasan heç vaxt. Əslində mənim üçün bunun fərqi yoxdu, amma sənə içimdə qəribə münasibət yaranıb. Doğma adam olmusan, bəzən hər şeyi sənnən məsləhət edirəm. Özümdən asılı deyil. Bilirəm ki, əslində məndən uzaq bir adamsan. Həftələrnən görüşmürük. Amma mənim taleyim belə gətirib.

Mən bir yazıçının hekayəsini oxumuşdum. Orda da bizim münasibətlərimizə oxşar bir şey yazılmışdı. Çoxdan fikirləşmişdim ki, həmin yazıdakı qız kimi olam. Amma bu asan deyil. Bilmək və istəmək bir şeydi, istəyi həyata keçirmək başqa. Mən bu barədə səninlə görüşdən on beş il əvvəl oxumuşdum. Yadımdan da çıxmışdı.

Səninlə görüşməyə başlayanda belə niyyətim yox idi, səni də elə ciddi qəbul etmirdim. Bir oyun, əyləncə kimi baxırdım sənə zənglərimə. Amma belə olmadı. Beynimə və həyatıma girdin. Mən buna müqavimət göstərirdim, çox çalışırdım, hətta kollektora gəlməli olduğum gündən əvvəl özümə qəti söz verirdim. Amma yenə zəng vururdum tək-tək hallarda.

Belə şey bir dəfə də olub həyatımda. Necə illər qabaq gecə oxuyan institut tələbəsi olanda iki kurs yuxarı oxuyan bir oğlan dalımca düşməyə başladı. Dərsdən sonra qəsəbəmizə gələn avtobusacan məni ötürərdü. Ona da öyrəşdim. Bizim aramızda heç nə olmamışdı. Beş altı kəlmə danışırdıq yolda.

Bir dəfə əlimdən tutub buraxmadı. Avtobusacan gəldık beləcə. Sonralar hər dəfə əlimdən tuturdu. Başqa heç nə. Bir gün kəndə gedib qeyb oldu. Amma mən İnstitutu bitirənəcən avtobusa gələndə, iki ilə qədər belə oldu, əlimi onun əlində hiss edirdim. Bu gülməlidi, inanılası deyil, amma düzünü deyirəm.

Sonra mən özümə söz verdim ki, kişi cinsindən uzaq olum, ərə getməyim. Təzədən məyus olmaq istəmirdim. İşdə bir müəlliməyə danışdım bu haqda.

Mənə dedi ki, sən dəlisən, bütün adamlar belədi. Dedi ərə gedənəcən neçə oğlanla görüşmüşəm. Guya bu hətta xeyirdi, adamın gözü açılır guya. Axı oğlanlar da gəzir. Mən onunla razılaşmadım. O qadın isə dekretə çıxdı və daha işə qayıtmadı. Deyirlər üç uşağı var.

Nə isə bunlar heç, əsas istəyim odu ki, biləsən: mən pis qız deyiləm və mənim haqqımda pis fikirləşmə. Amma bil: sənnən elədiyimə peşman deyiləm və səndən də bir gilə narazılığım, gileyim yoxdur.

Ailəli olduğunu da bilmişəm həmişə. Amma istirəm biləsən: həm o günəcən, həm də bu sözləri yazdığımacan mənə səndən başqa kişi əli dəyməyib. Əslində bunun sənə dəxli yoxdur. Amma bunu ona görə deyirəm ki, biləsən, mən əxlaqsız qadın deyiləm və özümü sənə verəndə heç bir arxa fikrim, təmənnam, sənə ərə getmək niyyətlərim olmayıb. Belə istədim, belə qərar verdim və bu addımı atdım. Peşman deyiləm.

Bu məktubu yazmaqda niyyətim sənə başqa bir həyatım haqqında danışmaqdı. Mənimçün çətindi, çünki anam deyir ki, bütün qəsəbə səni o tatar qızı kimi fahişə hesab edir. Bax bu mənə ağır gəlir. Anamla da dalaşdım və hərdən dalaşıram, çünki o da məni fahişə sayır. Bilmirəm başıma nə kül töküm. Aydınlıqçün bir az geriyə qayıdım.

Əsgərlikdən gələndən beş il tamam olmamış qardaşım öldü. Qəfildən mədəsindən qan gəldi, həkim gəlincə rəngi ağappaq oldu. Yarım saat sonra öldü. Dedilər ki, araq yandırıb mədəsini.

Tatar qızı əlində körpə qız uşağı ilə tək qaldı. Uşağı anamın yanında qoyub işə gedir. İşdən gəlib uşağı aparırdı, amma yarım saat sonra ağlamağa başlayırdı, məni də, anamı da ağladırdı hər gün. Sonradan gələn kimi onunla o evə keçməyə başladım. Tək qalmasın, çərrəməsin. Bir yerdə axşam çörəyi yeməyə başladıq.

Tatar qızı ilə bacı kimi olduq. Onun balaca, ağappaq qızını da mən dünyada hər kəsdən çox sevirəm. Amma anamnan araları düzəlmədi. Gəldiyi ilk vaxtlar anam ona kinli idi. O da bunu yadında saxlamışdı. Üstəlik mənim problemimi, təkliyimi də bilirdi. Hər gün mənə deyirdi ki, özünə həyat qur, bir adamnan otur-dur, sonra peşman olassan. Elə bilir indiyəcən qız uşağıyam.

Qardaşımın ölümündən beş ay sonra anamla hiss elədik ki, gecələr tatar qızının yanına kimsə gəlir. Anam ağladı, amma tatar qızını qınayan heç bir söz demədi. Bircə yalvardı mənə ona deyim ki, bizim qəsəbədən olan heç kəslə görüşməsin, yad adam kimə istəyir ərə getsin.

Sabahı gün mən bunları deyəndə tatar qızı istehza ilə gülümsədi, dedi: “Nə ər? Uşaqnan məni kimdi alan, öz millətinizi tanımırsan? Harda görmüsən birisi uşaqlı qadına evlənsin?” Mən fikrə getdim, amma bizim qəsəbədə belə halın olduğu yadıma gəlmədi. Tatar qızı haqlı idi.

Amma mən ən çox anama mat qalmışdım: gəlinin yanına gələn kişiyə görə anam şivən qaldırmırdı. Bu mənimçün müşkül idi. Axırda tatar qızından soruşdum, qəribə sözlər dedi: “O da cavan vaxtda ərini itirib. Kişiyə öyrəşən qadın tək qala bilməz, qalsa da bu faciədi. Qardaşın arıq, çəlimsiz idi, amma gündə iki dəfə seks edirdi mənnən, səhər və axşam. Yəqin atan da belə olub. Ona görə anan tək qalmağın nə olduğunu bilir. Buna dözmək olmur. Mən yata bilmirdim gecələr, yolda, avtobusda, işdə ayaq üstə yatırdım. Sonra Musanı tapdım. İncimə, qardaşını qaytarmaq mümkün deyil. Biz isə yaşamalıyıq.”

Mən bunu bilirdim, işdə arvad müəllimələr demişdi mənə. Tələbə baxtdan mən yata bilmirdim. Bunu onlara deyən kimi gülüb deyirdilər: ərə get, kişi görmədiyinə görə yata bilmirsən, hamı belədi”– deyirdilər.

Mən qəsəbədə mənim haqda yayılan pis şayiələrin səbəbini də bilirəm. Mən hər gün gəlin gilə gedirdim, gecə yarısınacan orda otururdun. Onun tapdığı kişi gələndə gəlin özü məni çağırırdı. İstəyirdi ki, mən təkliyin daşını atam. Amma ata bilmirdim. Bir yerdə çörək yeyirdik, hərdən mən də yarım rumka araq içirdim.

Sonra Musa ilə Qaraça adında bir kişi də gəlməyə başladı ora. Taksi sürürdü, yaraşıqlı, buruqsaç kişi idi. Cavanlıqda futbolçu olmuşdu. Dördümüz oturub yeyib-içirdik. Saat 1-2-yəcən söhbət edirdik. Qaraca da ailəli idi. Amma aramızda heç cür mehribanlıq yaranmadı. Yəqin mane olan sənsən, girib oturmusan içimdə. Nə varsan, nə də yox. İncimə, giley kimi demirəm, fakt kimi deyirəm.

Hə qayıdım əsas məsələyə. Mən sənə bir sirr açmaq istirəm. Bilirəm ki, daha görüşəsi deyilik. Mən bilmirəm bu işdə günahım var, yoxsa yox. Bizim otaqla qardaşımın otağının arası nazik kərpic divardı. Yolu ayrı olsa da, bu divar gəlinin otağını bizdən ayırır. Balkon da, otaqlar da arakəsmə ilə bölünüb. Nə isə. Tatar qızı gələn gündən mən onların o biri otaqdan gələn səslərini eşidirdim. Ucadan danışırdılar, hamısı eşidilirdi. Anam deyəsən bu səslərə görə öz çarpayısını şüşəbəndə çıxardı. Bura soyuq olsa da, gəlingilin otağından səslər az gəlirdi.

Qardaşımla tatar qızı axşam gələn kimi bir yerdə araqdan içib hallanırdılar, sonra onların gəmir carpayılarının cırıltısı gəlirdi. Mən yavaş-yavaş bu səsə öyrəşdim. Ən pisi isə odur ki, onların o üzdəki kefli danışıqları, gəlinin yırğa sızıltıları məni də hallandırırdı. Sonra yata bilmirdim.

Anam nəsə başa düşüb divara yekə bir xalça asdı. Bu xalça səsləri udurdu xeyli. Amma mən elə bil cədvəllə onlara qulaq asırdım və get-gedə eşitmə qabiliyyətim artırdı. Bir də xəbər tutdum ki, onların o üzdə dedikləri bütün sözləri eşidirəm, ayırd eləyirəm. Deyirlər dava vaxtı xüsusi eşitmə qabiliyyəti olanları damlarda növbətçi qoyurdular. Onlar 7-9 km məsafədən təyyarələrin səsini eşidə bilirlər. Bu da bir anadangəlmə qabiliyyətdi. Bax, mən belə olmuşdur. Çox vaxt onların axşam yırğasın eşidib mən boşalırdım. Sonra rahat yatırdım. Amma səhər yırğasına proqramlanmış mexanizm kimi oyanırdım yenə.

Mən bilirəm ki, bu yaxşı deyil, başqalarının söhbətinə belə qulaq asmaq əxlaqdan kənardı. Amma məndən asılı deyil. Özümü nə qədər qınasam da, bu davam edir. İndi də gəlinin Musa ilə yırğalarına qulaq asıram, lap nəfslərini də eşidirəm. Bəlkə də səninlə o addımı atmağa məni bu yuxusuz gecələr sövq eləmişdi.

Ağlım istəməsə da, bədənim yırğanın nə olduğunu, kişi şeyinin acı-şirinini, bərk-boşluğunu bilməli iydi. Amma düzü məyus olmuşam. Mən bu seksdən heç nə anlamadım, heç səni hiss eləmədim. Amma gözümün qabağındadı o uşaq, onun başının çəhrayılığı. Yadıma düşəndə ağzım sulanır. Mən bu barədə heç kəsə deməmişəm. Amma sənə dedim. Bəlkə məktubu da buna görə yazdım. İstirəm ki, Qaracaya quşum qonsun, bu-gün sabah qırx yaşım olacaq. Tatar qızı deyir ki, kişiyə öyrəşmək lazımdır, siftə hiss az olur, guya sonra gəlir.

Axır görüşümüzdən sonra Qaraca həftədə iki-üç dəfə məni görüşə çağırırdı. Amma mən razılıq vermirdim. Onu yaxına da buraxmırdım. İçim istəmirdi, bacarmırdım. Xeyli vaxtdı ayağı kısilib, gəlib eləmir. Qoy gəlməsin.

Zornan həyatda heç nə olmur, olanda da peşmançılıq gətirir. Necə həftə qabaq mən hər şeyi tatar qızına danışdım. Gecələr pis yatmağımı, hər şeyi eşitməyimi. Məni qucaqlayıb ağladı. Dedi ki, imkan olsa, Tatarıstana qayıdacaq ki, mən Qaraca ilə o yaşayan otaqda görüşə biləm. Qəsəbədə hamı onu fahişə sayır. Amma o bizim hamımızdan təmiz ürəkli imiş. Mən onun fikrinə etiraz elədim. Həm də anama görə. Dedim uşağı aparsan, anam təklikdən çərrəyər. Yalvardım ona ki, bu fikri başından atsın.

Çıxılmaz vəziyyət idi.

Amma üç gün qabaq möcüzə baş verdi. İnstitutda oxuyanda əlimdən tutan oğlan –onun adı Vasif iydi, iş yerimə gəldi. İki ay soraqdan sonra tapıb. Kitabxananda heç kəs olmur. Oturub qabağımda danışdı həyatını. Atası onu öz bacısı qızına evləndurib. İki qızı var. İl yarım qabaq arvadı uşaqlıqdan kənar hamiləlikdən vəfat edib. Mənə dedi ki, gedək kənddə yaşayaq. Mən o saat razı oldum. Sən bu məktubu oxuyanda bıl kı, mən day rayonda olacam.

Vasif gələn gün çox gözəl ovqatda evə gəldim. Gördüm anam ağlayır. Tatar qızı gecə bizdən xəbərsiz qızı götürüb köçübmüş. Hara köçüb ? Bilmirəm, yəqin geriyə Tatarıstana gedib, uşağı da aparıb. Atalar düz deyib sən saydığını say, amma gör fələk nə deyir. Mənim həyatım bir həftədə tamam dəyışdı. Yəqin qismətim budur.

Əziz Zöhrab! Sən mənim bu günəcən həyatımda ən işiqlı bir şeysən. Sonra nə olacaq, bilmirəm. Amma həyatımın dəyişməyinə sevinirəm. Anam tək qalır. Üzdə mehriban olmasaq da mənim ondan başqa heç kəsim yoxdu. Tatar qızı iki-üç ilə qayıtmasa, bəlkə mən anamın yanına köçdüm Asifnən. Görək həyat nə göstərər.

Mən səni heç vaxt unutmaram. Amma daha yazmayacam sənə. Sən də məni axtarma. Allah səni xoşbəxt eləsin!
Sənəm.”

Zöhrab məktubu bitirəndə kövrəlmişdi. Bir də içində günah hissi vardı. Bu hiss nədən idi? Ayırd eləmək istəmirdi. Amma fikirləşdi ki, Sənəm ondan yaxşı insandı. Dəqiq. Dəqiq belədi. Bu məktubu da harasa qoymaq lazımdı, evə aparmaq olmazdı. Qərara gəldi ki, bazar günü Xudata getsin, məktubu bacısına versin saxlamağa. Qoy yadigar qalsın.

14.04.2014
XS
SM
MD
LG