Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:09

QHT-lər donorların onlara verdiyi pulları götürə bilmir


Mərkəzi Bank
Mərkəzi Bank
-
Qeyri-hökumət təşkilatları (QHT) donorların onlara ayırdığı qrant vəsaitlərini banklardan götürə bilmir.

«Qrant haqqında» qanuna ötən ilin dekabrında edilən dəyişiklikdən sonra Mərkəzi Bank Ədliyyə Nazirliyində qeydə alınmayan layihələr üzrə bank əməliyyatlarına icazə vermir.

Bu səbəbdən də hesabdan pul çıxarmaq istəyən QHT-dən Ədliyyə Nazirliyinin bildirişi tələb olunur.

«Media və İctimai Təşəbbüslər» İctimai Birliyin sədri Samir Əliyev AzadlıqRadiosuna deyib ki, onlar da belə bir problemlə üzləşiblər:

«Biz artıq bankdan tələb olunan bildirişi almaq üçün Ədliyyə Nazirliyinə müraciət etmişik. Yəqin ki, həmin bildirişi yaxın günlərdə ala biləcəyik. Bizim layihə «Qrant haqqında» qanuna dəyişikliklərdən əvvəl başlayıb deyə, hesab edirik ki, qanunun geriyə qüvvəsi olmamalıdır. Əvvəl hesabdan vəsaiti necə götürürdüksə, elə də qalmalıdır. Onsuz da biz aldığımız qrant vəsaiti barədə Ədliyyə Nazirliyinə hesabat vermişik. Bizim kimi bir çox QHT-lər bu problemlə üzləşiblər».

QHT-lərə Dövlət Dəstəyi Şurası yanında yaradılan Hüquq və Monitorinq Komissiyası artıq bu məsələylə bağlı Mərkəzi Banka məktub göndərib. Komissiyanın işini koordinasiya edən Əliməmməd Nuriyevin «Yeni Müsavat»a dediyinə görə, onlar bu məsələnin həlli üçün Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun komissiya üzvləri ilə görüşünü gözləyirlər:

«Qanunvericiliyə görə, qrant müqaviləsinin qeydiyyatı ilə bağlı bildiriş alındıqdan sonra maliyyə vəsaiti ilə bağlı əməliyyatlara heç bir məhdudiyyət qoyula bilməz. Tranşlar zamanı təkrar bildiriş lazım deyil. Bankların təkrarən hər tranşa görə bildiriş tələb etməsi qanun pozuntusudur və səlahiyyətləri aşmaqdır».
XS
SM
MD
LG