Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Yeni NİDA-çının atası: «Hakimiyyətin elə yerləri var ki, hər vəkil ora girə bilmir»


NİDA hərəkatının loqosu
NİDA hərəkatının loqosu
-

Bu günlərdə NİDA Vətəndaş Hərəkatının üzvü Elsevər Mürsəlli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, oktyabrın 3-də Xaçmazda həbs olunaraq, Bakıya – DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Gənc fəal narkotik alverində suçlansa da, ailə üzvləri və dostları onu prezident seçkisi öncəsi internetdə müxalifət namizədinin lehinə apardığı təbliğatın qurbanı sayırlar. Elsevər Mürsəlli NİDA-ya 10 gün öncə, elə təcridxanadaca üzv yazılıb.

19 yaşlı Elsevər Mürsəlli Xaçmaz rayonunun Hacıqazma kəndindəndir. Atası Nəsrəddin Mürsəlli deyir ki, seçici hüququnu yenicə qazanmış oğlu qatılacağı ilk seçkiyə böyük həvəslə hazırlaşırmış. Seçkiyə 6 gün qalmış həbs olunduğundan o bu arzusuna çata bilməyib:
- Mənim yanımda tutdular. Alma bağında işləyib, axşam evə qayıdırdıq. Kəndin girəcəyində ağ rəngdə bir «jiquli» dayanmışdı. Bizi saxlatdılar, «Xaçmaz polisindənik», – dedilər. Mənə maşında axtarış aparacaqlarını söylədilər. İcazə verdim. Uşaq maşından düşüncə, adını soruşdular. Elsevər adını eşidincə, qolunu burub, maşına basdılar. Dedilər ki, bu uşağı aparırıq polisə, rəis dindirib buraxacaq. Gəldik polisə, Elsevəri tutub aparan şəxsdən soruşduq ki, bunun günahı nədir ki, tutub gətirmisiniz? Dedi ki, internetdə ağzından «quş» buraxıb, Bakıdan gəlib dindirirlər. Dedilər dindirmə sabah olacaq, gedin evə. Səhər gəldik, dedilər oğlunun cibindən narkotik çıxıb, aparıblar Bakıya. Sonradan Elsevərdən öyrəndim ki, polisin həyətində maşından düşən kimi, əllərini salıblar uşağın cibinə. Sonra qalxıblar yuxarı. Otaqda deyiblər əlini sal, cibində nə var çıxar. O da əlini salıb cibinə baxıb ki, bükülü var. Açıblar, içərisindən narkotik çıxıb. Ona təzyiqlər edib zorla izahat yazdırıb, boynuna qoyublar ki, guya narkotiki oktyabrın 2-də avtovağzaldan tapıb. Təzyiq olmasaydı, Elsevər yazmazdı onu. Sonradan yazıblar ki, guya tamah məqsədi güdürmüş və o üzdən üstündə narkotik saxlayırmış. Oktyabrın 2-də bütün günü alma bağında işləmişik. Təklif etdim ki, şahidlər dindirilsin, baxan olmadı.

- Oğlunuzun ictimai fəaliyyətinə münasibətiniz necə olub?
- Bir o qədər də ictimai-siyasi məsələlərlə məşğul deyildi. Bilirdim ki, meyli var. Bakıda liseydə oxumuşdu deyə, meylli idi bu işlərə. Ancaq heç vaxt dövlətçilik əleyhinə fəaliyyətini görməmişdim. Prezident seçkisi ərəfəsində fəallığını artırmışdı. Tutulmazdan bir neçə gün əvvəl sevincək dedi ki, Cəmil Həsənli ilə internetdə yazışıb. Yazıb ki ilk dəfə istifadə edəcəyi səsi ona verəcək. O da yazıb ki, sənin kimi gənclərlə fəxr edirəm. Bundan sonra Cəmil Həsənlinin mitinq şəkillərini «like» edib, öz səhifəsində yayıb. Qanunsuz heç nə etməyib ki. Bu da məmurların xoşuna gəlməyib, narkotiklə şərləyib tutublar. Təxmin edirdim ki, siyasətlə məşğul olan hər kəsin başına bu işlər gələ bilər. Bunda da siyasət deyildi, sadəcə, təbliğatdan fərəhlənib, həvəslənmişdi. Gətirib bunu bu cür damğalamağa, gənc bir adamı insafsızca 5 il «türmə» həyatına sürükləməyə nə deyəsən? Şokdan ayıla bilmirəm.

- Məsələni niyə oğlunuz həbs olanda deyil, indi ictimailəşdirirsiniz?
- Mən Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına, hətta prezidentə də müraciətlər yazmışdım. Ümid edirdim ki, haqq öz yerini tapacaq. Olmadı. Cavab gəldi ki, sənin oğlunun cibindən 4 qram heroin çıxıb. Bu, çox gülüncdür. Yenə İrana yaxın bölgədə yaşasaydıq, inandırıcı çıxardı. Xaçmaz hara, heroin hara? Həm də mənim oğlum heç siqaret də çəkmirdi. Bundan sonra bəzi televiziyalara yazdım. Heç kim açıb ağartmadı bu məsələni. Bir də ona görə qorxurdum ki, ailəmizin başqa üzvləri də var, axı. Hər cür təzyiqə əl ata bilərdilər. Artıq hakimiyyət istədiyinə nail oldu.

- NİDA haqqında əvvəllər nə eşitmişdiniz? Oğlunuzun bu hərəkata qoşulmasına necə yanaşırsınız?
- NİDA-dan əvvəllər xəbərdar deyildim. Elsevər təcridxanada olanda mənə dedi ki, burada NİDA-çılar var. Rəşadət Axundovun adını çəkirdi. Mən özüm də azadlıqdakı NİDA-çılarla görüşürdüm. Bundan sonra istintaqı sürətləndirdilər. Aprelin 1-də ilk məhkəməsi oldu, aprelin 5-də ikinci məhkəmədə hökm oxudular. Görünür, NİDA ilə əlaqəmizdən narahat olublar. Əslində, NİDA-çılar fevralda mənə üz tutub, kömək təklif etmişdilər. Tərəddüdlərim vardı. Prezidentə bir qədər inanmışdım. İnanırdım ki, müraciətimə baxacaq. Fikirləşirdim ki, bu məmurların işidir, prezidentin xəbəri yoxdur. Olmadı. İndi də bilmirəm nə baş verir.

- Sizə kimsə söz vermişdimi ki, sakit dursanız, buraxacağıq Elsevəri?
- Yox, buraxaq söhbəti olmayıb. Sadəcə, tutduğumuz vəkil istəyirdi işi bəraətə çıxarsın. Onun heç bir vəsatəti qəbul olunmadı. Hakimiyyətin elə yerləri var ki, hər vəkil ora girə bilmir. Biz bir az tələskənlik elədik vəkil məsələsində.

- Elsevərin həbsinə kənd camaatı necə baxdı?
- Elsevərin həbsindən sonra camaat, bilirsiniz, necə şoka düşmüşdü? Elsevəri bütün kənd bir yana, Xaçmazın çoxu tanıyır. Hamı da bilir ki, onun narkotiklə işi ola bilməz. Ancaq siyasi söhbətə hamı inanır. Bu həbs həm də başqalarına bir gözdağı oldu. İnsanların çoxu qorxusundan səsverməyə də getmədi. Müxalifəti dəstəkləyənlərə göstərmək istədilər ki, hakimiyyətin əleyhinə getməyin nəticəsi necə ola bilər. Mən özüm də əvvəllər müxalifətə meylli olmuşam. Sonradan başım işə-gücə qarışıb. Eşitdiyimə görə, gəlib soruşublar, maraqlanıblar ailəsi kimdir deyə, ondan sonra qərar veriblər həbsinə.
XS
SM
MD
LG