Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:18

NİDA-çı gənclərə qarşı 19 cildlik, 4 000 səhifəlik cinayət işi irəli sürülüb


Arxiv foto: NİDA-çıların səssiz aksiyası
Arxiv foto: NİDA-çıların səssiz aksiyası
-
SOSİAL ŞƏBƏKƏDƏ "EVENT" YARATMAQ CİNAYƏT SAYILIB....
“19 cildlik, 4000 səhifəlik cinayət işində nədə təqsirkar olmağımla bağlı heç nə yoxdur. Əleyhimə heç bir sübut və şahid ifadəsi yoxdur. Prokuror mənə nədə ittiham olunduğumu izah etsin”.

Bunu aprelin 4-də NİDA-çıların məhkəmə prosesində ittiham olunanlardan biri- İlkin Rüstəmzadə qaldırdığı vəsatətində deyib. O hakimə bildirib ki, 11 ay həbsdə olsa da ona ittihamın mahiyyəti izah olunmayıb və nədə təqsirkar olmasından xəbərsizdir.

Hakim İlkin Rüstəmzadəyə eyni vəsatəti bir neçə dəfə qaldırdığını diqqətə çatdırıb. Bildirib ki, ittihamlar göz qabağındadır.

Hakimin bu yanaşmasına vəkil Elton Quliyev etiraz edib. O, ittihamı təqsirlədirilənə saxlanılan zaman müstəntiqin, məhkəmə zalında isə hakimin izah etməli olduğunu deyib.

Bundan sonra dövlət ittihamçısı ittihamın mahiyyətini izah etmək istədiyini bildirib:
“Mütəşəkkil dəstənin hazılığında, təşkilində iştirakında, “event” yaratmaqla kütləvi ixtişaş təşkil etmə və partlayıcı maddə əldə etmədə ittiham olunursunuz.”

Bundan sonra gənc müttəhim sərbəst ifadə verməyə başlayıb. İlkin Rüstəmzadə konstitutsion hüquqlarından istifadə edərək sosial şəbəkələrdə “event” yaratdığını bildirib:
“10 mart aksiyası dinc aksiyadır. “Event”i mən yaratmışam, söz, ifadə, toplaşma azadlığı hüququmdan istifadə etmişəm. Bu haqqı mənə konstitutsiyamızdan əlavə Azərbaycanın könüllü qoşulduğu Avropa Konvensiyası verir.

Konvensiyanın mənə verdiyi bu haqqı almağa nə Azərbaycan hökümətinin, prokurorluğun haqqı yoxdur”.


GƏNC FƏALA ABŞ KƏŞFİYYATI BARƏDƏ SUALLAR VERİLİB

İlkin Rüstəmzadə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 4-5 saat necə dindirildiyini izah edir:
"Mənə ABŞ kəşfiyyatı ilə əlaqəm olmasından tutmuş içki içməyimə qədər hər cür sual verdilər. Sonra dedilər ki, Üzeyirlə Rəşad çinayətkardır.

Müstəntiq Lənbəranski Rəşad Həsənovun əleyhinə ifadə verməyimi istədi. Bildirdi ki, belə etsəm həbs olunmayacam və ölkədən çıxmağıma şərait yaradacaqlar”.

İlkin Rüstəmzadə digər ittihamlarla yanaşı “Harlem Shake” videosunu çəkdiyinə görə xuliqanlıqda da ittiham olunur. O, bu ittihamı absurd adlandırıb:
“Avropa Konvensiyasına əsasən youtube, facebook, tvitter hər insanın şəxsi mülkü sayılır. Öz mülkümdə istədiyim materialı yaymaq hüququnu mənə Konvensiya verir.

Xuliqanlıq odur ki, kiminsə mülkünə xəsarət yetirim, zor tətbiq edim.

İttihamda göstərilir ki, mən Üzeyir Məmmədlidən pul almışam ki, videonu çəkim, gənclərin milli dəyərlərini məhv edək.

Bu ittihama görə mən iki ay Kürdəxanı təcridxanasında depressiv vəzityyətdə olmuşam. Hamı mənə heykəllə izdivaca girən birisi kimi baxırdı. Yəni kimisə zorlayıb həbsə atılmaqla eyni status daşıyırdı. Bu maddə həbsxanada mənim nüfuzumu zədələməyə xidmət edirdi.”

HEYKƏLİ ZORLAMA....

İlkin Rüstəmzadə ifadəsinin sonunda xuliqanlıq ittihamını üzərindən götürülməsini istəyib:
“Yoldaş prokuror, 10 il iş istəməyin, 15 il iş istəyin. Amma bu ittihamı geri çəkin. Biz ölkəmizi bu hakimiyyətdə olanlardan az sevmirik. Biz sizinlə əxlaqlı mübarizə aparmışıq. Siz də bizimlə əxlaqlı mübarizə aparın.

İttiham irəli sürəndə əlinizi vicdanınıza qoyun. Burdan Zakir Qaralova təklif edirəm, o maddəni geri çəksin, nə qədər istəyir iş verilsin”
.


Hakim Cavid Hüseynov 16 əlavə şahidin dindirilməsi haqqında vəkil Xalid Bağırovun ötən gün məhkəmədə qaldrdığı vəsatətini rədd etdi.

«Azad Gənclik» Təşkilatının fəalı, həbsindən sonra həm də NİDA-ya üzv olan İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

NİDA-çı gənc Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qaldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» müttəhimləri «vicdan məhbusu» elan edib.

Ümumilikdə NİDA gənclər təşkilatının 8 üzvü hazırda həbsdədir. Onlar ittiham edildikləri maddələrlə 7 ilə qədər azadlıqdan məhrum oluna bilərlər.
MİLLİ ŞURA: "NİDA-ÇILAR 1937-Cİ İL QAYDASINDA İTTİHAM EDİLİR"

Milli Şuranın aprelin 4-də yaydığı məlumatda da deyilir ki, NİDA-çı gənclərin həbsi, istintaqı və məhkəmə prosesi qanun pozuntuları ilə müşayiət edilir.

Bu məhkəmə prosesini 1937-ci illərin sovet repressiyası ilə müqayisə edən sənəd müəllifləri NİDA-çı gənclərin azadlıqdan məhrum edilməsini rusvayçılıq adlandırırlar:

"NİDA-çı gənclərin məhkəmədə verdikləri sərbəst ifadələr İlham Əliyev rejiminin hüquq sisteminin rəzalətini, hüquq anlayışının mahiyyətini ortaya qoyur. Məhkəmədə eşitdiklərimiz 1937-ci ilin istintaq hərəkətlərini yada salır... Təəssüf hissi ilə qeyd edirik ki, bu gün Azərbaycanda siyasi mülahizələrlə həbs edilmiş insanların, o cümlədən NİDA-çı gənclərin işi məhz 1937-ci ilin meyarları ilə həyata keçirilib.

​Təqsirləndirilən şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşacağı barədə öz üzərinə beynəlxalq öhdəliklər götürmüş ölkəmiz üçün, bu, hüquqi rüsvayçılıqdır.

Azərbaycan hakimiyyətini, hüquq mühafizə və məhkəmə orqanlarını qanunun aliliyinə hörmət etməyə, Azərbaycan Konstitusiyasına, insan haqları ilə bağlı ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, vətəndaşın haqqına və hüququna sayğı ilə yanaşmağa çağırırıq. Heç kəs bu gün törətdiyi qanunsuz əməllərin unudulacağına əmin olmasın. Heç kəs 1937-ci ildə “xalq düşmənlərinə” qarşı səs-küylü istintaq işlərini aparanların və həmin işlərin sifarişçilərinin aqibətini unutmasın."

Milli Şura Azərbaycan müxalifət qüvvələrinin toplaşdıqları azsaylı birliklərdən biridir. Şurada bir neçə müxalifət partiyası və ictimai fəal birləşib.
XS
SM
MD
LG