Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:52

Bakı otelləri QHT-lərdən qaçır


Azerbaijan -- JW Marriott Absheron hotel in Baku, 01Apr2012
Azerbaijan -- JW Marriott Absheron hotel in Baku, 01Apr2012
Bakıda beynəlxalq otellər qəribə şəkildə bəzi QHT-lərə xidmətdən imtina edirlər.

Aprelin 15-də Bakıdakı JW Marriott Absheron mehmanxanası bir QHT-nin işini pozub. Qadınların Rasional İnkişafı Assosiasiyasının rəhbəri Şəhla İsmayılın sözlərinə görə, otel rəhbərliyi həmin mehmanxanada keçirilməsi planlaşdırılan tədbirə yer verməkdən imtina edib, tədbirin başlamasına 1 gün qalmış əvvəlki razılaşmanın ləğv edilməsi haqda onlara xəbərdarlıq göndərib.

Mehmanxana öz qərarının səbəbini izah etmir, halbuki tədbir barədə razılaşma bundan 15 gün əvvəl əldə edilmişdi, hərçənd otel son günədək heç bir rəsmi müqavilə imzalamamışdı.

Adı gedən tədbir “Qadınlar sülh yaradıcılığında” mövzusuna həsr olunmalı idi. Topantıda Dağlıq Qarabağ münaqişəsinə dair 1 ildir davaç edən layihənin gedişinin müzakirə olunması nəzərdə tutulurdu.

“Bu, (otelin qərarı) çox gözlənilməz oldu. Çünki biz bundan əvvəl Marriottda problemsiz olaraq 3 tədbir keçirmişdik. Ən pisi bu idi iki, onlar tədbiri iş gününün qurtarmasına bir saat qalmış ləğv etdilər və biz təzə yer tapa bilməzdik. Belə görünür ki, onlar işimizi pozmaq üçün bunu bilərəkdən etmişdilər. Mən bilirəm ki, Bakının otellərində son 2 həftədə ən azı 4 belə hadisə baş verib. Bu, çirkin oyunun bir hissəsidir”- deyir İsmayıl.

Marriott otelinin bu tədbiri ləğv etməsi Bakının başqa beynəlxalq otellərində baş verən buna bənzər hadisələrin yalnız biridir. Beynəlxalq otellərin, xüsusən də insan haqları və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərin tədbirlərini ləğv etmələri, bu tədbirlərin işinə müdaxilə etmələri barədə məlumatlar vardır. Nəticədə bu QHT-lər öz fəaliyyətlərini həyata keçirmək üçün yer tapa bilmirlər.

OXŞAR HADİSƏLƏR

Buna bənzər hadisənin Radisson və Park İnn otelində baş verdiyi barədə bir neçə məlumat var. Yanvar ayında, Azərbaycanda insan haqları və demokratiyanı incəsənət vasitəsilə təbliğ edən Demokratiya Naminə İncəsənət kampaniyasının bu oteldə planlaşdırdığı tədbir gözlənilmədən pozulub.

Tədbirdə sənət ifadəsinin azadlığına dair sənədli film nümayiş olunmalı idi. Lakin son anda oteldə işıqlar kəsilib, özü də elektrikin kəsilməsi yalnız filmin göstəriləcəyi mərtəbədə baş verib. Otel işçiləri bildiriblər ki, buna səbəb texniki nasazlıq olub, lakin sonradan kampaniyanı aparanlara qeyri-rəsmi olaraq bildiriblər ki, otelin menecmentinə təzyiq göstərilib.

Fevral ayında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) media haqları təşkilatı xəbər verib ki, Park İnn otelinin menecmenti təşkilatın konfransını tədbirə 4 gün qalmış ləğv edib, halbuki 10 gün əvvəldən müqavilə imzalanmış, RATİ konfrans üçün yerpulu ödəmişdi. Tədbirin ləğv edilməsinə heç bir səbəb göstərilməyib. Hadisə barədə RATİ-nin sədri Emin Huseynov Park İnn mehmanxanasının da daxil olduğu Rezidor Otellər Qrupunun prezidenti və icraçı direktoru Wolfgang M. Neumann-a məktub yazsa da cavab almayıb.

RATİ xatırladır ki, Park İnn bundan əvvəl də, 2013-cü ildə təşkilatın daha bir tədbirini bu tədbirə bir saat qalanda ləğv edib. RATİ həmçinin bildirir ki, Park İnn-dən başqa Hilton və Four Season otelləri də təşkilatın onlara aid mehmanxanalarda tədbir keçirməsinə icazə verməyib.

Başqa bir müstəqil QHT - Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmaları Mərkəzi də məlumat verir ki, Park İnn, habelə Hyatt Regency otelləri də təşkilatın tədbir keçirmək müraciətlərini dəfələrlə rədd edib.

“Azərbaycanda müstəqil QHT-lər demək olar, hər gün təhdid və təqiblərlə üzləşir. Beynəlxalq otellərin bizə qarşı ayrı-seçkiçi və təxribat xarakterli davranışı vəziyyəti daha da ağırlaşdırır. Peşəkarlığın standartlarına və korporativ sosial məsuliyyətlərinə sadiq qalmaq əvəzinə bu otellər Azərbaycan hakimiyyətinin təzyiqlərinə boyun əyirlər” – deyib RATİ-nin sədri Emin Huseynov.

ŞİRKƏTİN SOSİAL MƏSULİYYƏTİ

Əlbəttə, sözü gedən otellər məxsusi olaraq insan haqlarının da daxil olduğu korporativ sosial məsuliyyət prinsipinə sadiq olduqlarını ifadə ediblər. Marriott otelinin internet saytında deyilir:

“Marriott, şirkətin nüfuz dairəsində olan insan haqlarını dəstəkləyir və bu haqlara hörmət edir”.

Aprelin 15-də JW Marriott Hotel Absheron mehmanxanasında baş vermiş hadisə barədə suala cavab olaraq otelin rəhbəri deyib ki, “Marriott qlobal qonaqpərvərlik şirkəti olaraq insan haqlarını dəstəkləyir və ona hörmət edir. Şirkət bu sahədə daxili və xarici proqramlar həyata keçirir, icmalarla əlaqələrə və insan haqları təşkilatları ilə əməkdaşlığa diqqət yetirir. Lakin sifarişçi tərəf tədbirin vaxtı və başqa müqavilə öhdəliklərinə əməl etmədikdə, biz biznesdən imtina etmək hüququna malikik”.

Rezidor Otellər Qrupunun internet saytında qeyd olunur ki, təşkilat Birləşmiş Millətlərin Global Compact Konvensiyasına imza atıb və onun on prinsipinə əməl edir. Bu prinsiplərdən birində deyilir ki, “bizneslər beynəlxalq aləmdə qəbul edilmiş insan haqlarını dəstəkləməli və onlara ehtiram göstərməlidirlər və özləri insan haqları pozuntularına bulaşmamalıdırlar”. Biz Park İnn Baku mehmanxanasında baş verən hadisələr barədə Rezidora müraciət edəndə qrup bildirdi ki, vəziyyət araşdırılır.

AZƏRBAYCAN VƏ İNSAN HAQLARI

Bu hadisələr Azərbaycanda müstəqil QHT-lər üzərinə tətbiq edilən təzyiqlərin yalnız bir növüdür. 4 insan haqları fəalı hazırda siyasi motivli ittihamlarla tutulub saxlanıb və ya həbsxanadadır.

Parlament QHT-lərin ianələr almasını məhdudlaşdıran, onların fəaliyyətini əngəlləyən qanunlar qəbul edir. Bu qanunlar hakimiyyətə onun xoşuna gəlməyən qrupları asanlıqla bağlamaq imkanı yaradır.

QHT-lərin qeydə alınması son dərəcə siyasiləşdirilib, demokratiya və insan haqları ilə məşğul olan QHT-lərin qeydiyyata alınmasında əsassız çətinliklər yaradılır. Seçkilərin Monitoruinqi və Demokratiya Araşdırmaları Mərkəzi barədə qaldırılmış cinayət işinin davam etməsi qeydiyyatsız QHT-lərə hakimiyyətin daha sərt tədbirlərə əl atmaq əzmində olduğunu nümayiş etdirir.

Nəticədə bu gün Azərbaycanda insan haqları pozuntuları, korrupsiyanın ifşası və hökumətin hesabatlılığının tələb edilməsi kimi riskli işlərlə məşğul olan çox az sayda QHT qalıb. Beynəlxalq təşkilatlar elan etdikləri dəyərlərə görə bu cür kövrək qrupların üzərindəki təzyiqə təzyiq əlavə etməməlidirlər. Bu təşkilatlar öz dəyərlərinə sadiq qalmalı, və Azərbaycanda hər bir kəs üçün olduğu kimi müstəqil QHT-lərin də onların yer və xidmətlərindən istifadəsinə şərait yaratmalıdırlar.
XS
SM
MD
LG