Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

310 qramlıq roman


Ramil Qafarov
Ramil Qafarov

Cavid Zeynallı kitabının çapı üçün kəsilən ağacların hər birindən mütləq üzr istəməlidir.

-

"Bəli, siz nəinki romanın, hətta üzvü olduğunuz Azərbaycan Yazıçılar Birliyini, onun sədri Anarın kürəyini ippon fəndi ilə göydən yerə vurmusuz..."


Bloqçu Ramil Qafarov bu məqaləsi ilə yazıçı Cavid Zeynallının "Leyla" romanının Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.

(Romandan parça)


Ramil Qafarov


310 QRAMLIQ ROMAN


Oxuduğum romanlar arasında dahiyanə əsər də olub, zəifi də.

Qəliz, fəlsəfi fikirlərlə dolu olanı da olub, bəsit cümlələrlə yazılanı da.

Cavid Zeynallının "Leyla"sı formasında bir şey isə heç vaxt rastıma çıxmayıb.

İlk dəfə idi bir romanın hansı janrda olduğunu müəyyən edə bilmədim. İçində hər şey var, ümumilikdə isə heç nə yox.

Kitabın titul səhifəsində sayt adları göstərmək hansı ədəbi ənənədən qaynaqlanır, bilmirəm. Amma adı çəkilən lent.az, kulis.az kimi saytlarda gedən zorlama, kriminal, seks xəbərləri ilə romanın məzmunu üst-üstə düşür. "Leyla" bu saytların gerçək mənəvi haqqını verib.

Romanı oxumağa başlayan kimi kənddən şəhərə təzə gəlib Polad Alemdar duruşu alan qaqaş obrazı ilə qarşılaşırsan. Bədbəxtçilikdən baş qəhrəman kriminal aləmin üzvü yox, roman müəllifi olmağa iddialı jurnalistdir. Cavid Zeynallı kimi.

İlk səhifələrdə ağlayan, imdad diləyən baş qəhrəman Rəcəb növbəti səhifədə kişiləşir. Qadın üçün başından da keçməyə hazır olduğunu deyir. Dalınca qadınları "ət parçası" adlandırır. Növbəti sətirlərdə ailəcanlı əsl Qafqaz kişisi olduğunu bildirir. Bütün bu ziddiyyətli fikirlər cəmi bir səhifədə təsvir olunur. Buqələmun olsa bu sürətlə rəng dəyişdirməyi bacarmaz. Cavid Zeynallı bacarıb.

Yazıçının oxucu gözündə "yaxşı oğlan" görünmək cəhdi əsərə o qədər yansıyıb ki, hər paraqrafda lovğa, bir o qədər qorxaq Rəcəblə qarşılaşırıq. Yazı dili yorucu, cümlələr uzun, süjet qarışıqdır. Roman konstruksiyası deyilən məfhum ümumiyyətlə yoxdur. Epizodik bir qəhrəman haqda yazıçı az qalır ki bir həyat hekayəsi yazsın. Süjet xətti itib gedir. Necə deyərlər, tort torta qarışır.

Romanda intriqa, detektiv müəmması yaratmaq istənilsə də, əvvəldən hər şeyin necə bitəcəyi məlumdur. AzTV dili meydan sulayır. Sovet kolxoz ədəbiyyatının gərək bütün nümunələrini oxuyasan ki, bu sayda "zəngin" söz ehtiyatın olsun.


Təsvirlərdə folklor elementləri, arxaizmlər o qədər çoxdur ki, Cavid Zeynallıdan qoşma, gəraylı deyən istedadlı aşıq çıxardı. Çaşıb roman yazıçısı olub. Nümunəyə baxaq:

"İndi kanallarını kitab kimi vərəqlədiyim "Sony" televizorunun solğun ekranı məni yaxalayan "Niva"nın közərən işıqlarını xatırladır" - "Bizim Cəbiş müəllim" filmindəki uşaq məktəblə hamamı səhv salan kimi bu adam da əyalət ədəbiyyatını urbanistik (şəhər) ədəbiyyatla səhv salıb. "Sony" televizoru meşə xəzəli, "Niva" avtomobili təndir deyil ki, belə təsvir oluna. Daha bərbad nümunələrlə oxucunu iyrəndirmək istəmədim.

İntim səhnələrin ədəbi təsviri özü bir ustalıqdır. Ancaq romanda təsvir olunan sevişmə səhnələri elə bil şəhər mühitini bazlıq yeri kimi görən kənd uşağının dili ilə anladılır. Şəhərdən kəndə qayıdan tələbənin "bişirdiyi" qızlar haqda söhbətləri dostlarına danışdığı lovğalıq hissi ilə.

Yazıçı hərdən "Üz turşudub, qulaq şəkləməyin!" - kimi cümlələr işlətməklə oxucunu təhqir etməyi də unutmur. Görəsən Cavid Zeynallı bu tövlə iyi verən təsvir üsullarını hansı ədəbi çevrədə öyrənib?

"Leyla"nın hər səhifəsindən əyalət vulqarlığı damcılayır. Leyla və Rəcəbin restoranda şam yeməyi zamanı saciçi qovurma ilə viski içmək səhnəsi yazıçının "elitar" zövqündən xəbər verir. İki şüşə viski içdikdən sonra süfrəyə şərab gətirilməsi istəyi ancaq ucuz kafelərdə içib qusan adamların sifarişi ola bilər.

Mən SSRİ dövründə kolxoz ədəbiyyatı yaradan yazıçılar haqda pis söz demək istəmirəm. Onlar hamısı doğulduqları, yaşadıqları yerləri təsvir edib ədəbiyyata gəliblər. Kənd həyatından yazıblar. Müasir dövrün yazıçılarına üzümü tutub deyirəm: uca dağlardan, kəkotu çayından, nə bilim, quyruğunu oynadan danadan yazın. Amma elementar süfrə etiketini bilmədən şəhər həyatını təsvir etməyə girişməyin. Oxucu zövqü ilə birgə urbanistik ədəbiyyatı murdarlamayın.

Romanda kiçik detallar üzərində zəhmət sərf edilməməsi tez-tez gözə dəyir. Məsələn, telefona SMS gəlir. 4-5 sətrlik uzun cümlə. Cümlədəki işarələrin sayı 260. Bir SMS-in maksimal işarə tutumu 160.

Yaxud "Yelbeyin yaşıdlarım "Youtube"dan Leylanın porno görüntülərini tapıb onunla yatmaq həvəslərini içlərində boğmuşdular" cümləsi kimi. Cavid Zeynallı hələ də "Youtube"da porno tapmağa ümid edirsə, vəziyyət xeyli ağırdır.

2003-cü ilin oktyabr hadisələrindən sonra "narıncı inqilab" xatırlatması (s.43) yazıçının siyasi savadsızlığından xəbər verir. Bu termin 2004-cü ilin sonu Ukraynada keçirilən prezident seçkilərindən sonra mətbuatda işlənməyə başlayıb.
Cavid Zeynallı
Cavid Zeynallı


Cavid Zeynallı oxucuya xeyli mütaliəli olduğunu göstərmək üçün romanın hər paraqrafında dünya yazıçılarından epiqraflar gətirir. Cek London, Dostoyevski, Drayzer və s.

Bunları başa düşdük. Bəs, Zəlimxan Yaqubdan gətirilən epiqrafı necə izah etməli? Dünya klassiklərinin günahı nə idi ki, onlar bu formada aşağılanır?

Amma Corc Orueldən gətirilən epiqraf çox yerinə düşüb: "Kitab yazmaq uzun çəkən iztirablı bir xəstəliklə çarpışmaq kimi dəhşətli, üzücü bir mübarizədir".

Bir oxucu kimi hər sözü ilə razıyam. "Leyla"nı oxuyub bitirənə kimi eyni iztirabları mən çəkmişəm. Hər cür işgəncə metodu haqqında eşitmişdim. Amma romanla işgəncə metodu nəinki Azərbaycan ədəbiyyatına, hətta dünya ədəbiyyatına gətirilmiş yenilikdir. İşgəncələr kralı, yazıçı Markiz de Sad özü Cavid Zeynallıya həsəd aparardı.

Romandakı hadisələri təhlil etməyə ehtiyac görmürəm. Leyla və Rəcəbin sevgi hekayəsi yazıçı Anarın Təhminə və Zaurunun ucuz imitasiyasıdır. Anarın Təhminəsi belə kübar qadın təsiri bağışlayırdısa, Leyla ucuz kafe fahişəsindən fərqlənmir. Eyni fərq Zaur və Rəcəbin müqayisəsində görünür. Əyalət yazıçısı şəhər həyatının təsvirlərinə girişəndə oxucu da belə mənzərə ilə qarşılaşmaq məcburiyyətində qalır.

Demək olar, hər cümlədə bayağı, şit ifadələrə rast gəlmək olur. Eynimənalı fellər, sinonim sözlər təkrarlanır. Kimsə bunu söz ehtiyatı deyə bilər. Amma oxucu üçün söz zibilliyidir. Kağız israf etmək cəhdidir.

Romanın bütün əskikliklərinə baxmayaraq, Cavid Zeynallı elə bir cümlə işlədib ki, ancaq çox cəsarətli yazıçı bunu edə bilərdi. "Romanın kürəyini hər gün səhifə-səhifə yerə vururdum" (s.299). Müdhiş etirafdır. Bəli, siz nəinki romanın, hətta üzvü olduğunuz Azərbaycan Yazıçılar Birliyini, onun sədri Anarın kürəyini ippon fəndi ilə göydən yerə vurmusuz. Belə ədəbi priyomla mən də ilk dəfə qarşılaşıram.

Daha bir müsbət cəhət kitabın son səhifələrində boş buraxılmış "Qeydlər" bölməsinin olmasıdır. Oxumağa hövsələsi çatmayan oxucu kitabı tərs çevirərək həmin bölməni daha faydalı məqsədlə, məsələn telefon nömrələrinin qeydiyyat kitabçası kimi istifadə edə bilər.

Yazdığım ədəbi tənqidə başlıq qoymaq üçün çox fikirləşdim. "Leyla"ya layiq ad tapa bilmədim. Qərara gəldim ki, bu romanın ədəbi dəyəri kitaba sərf olunan kağız kütləsinin çəkisi qədərdir. Elektron tərəzi 310 qram göstərdi.

Tənqiddə Cavid Zeynallı haqda yazıçı tərifi işlətdiyim üçün oxuculardan dönə-dönə üzr istəyirəm. Düşünürəm ki, Cavid Zeynallının da üzr borcu var. O, kitabının çapı üçün kəsilən ağacların hər birindən mütləq üzr istəməlidir.
XS
SM
MD
LG