Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:46

Hacı Qamətdən İŞİD-in ordusunda döyüşən azərbaycanlılara çağırış: «Tövbə edin!»


Hacı Qamət Süleymanov
Hacı Qamət Süleymanov
-
«İraq Şam İslam Dövlətinin Mosul, Tikrit şəhərlərini zəbt edib Bağdada doğru irəliləməsi müvəqqəti bir oyundur. Onlar sadəcə siyasi meydanda bəzi qüvvələrin əmr və tapşırıqlarını icra edən qüvvədir».

Bunu modern.az-a Bakıdakı «Əbu-Bəkr» məscidinin imamı, Azərbaycan sələfilərinin liderlərindən biri Hacı Qamət Süleymanov İraq Şam İslam Dövlətinin (İŞİD) təhlükələrindən danışarkən deyib.

O bildirib ki, İŞİD-in Suriyada Bashar Assad rejiminə qarşı döyüşməsindən sonra İraqda peyda olması bir sıra suallar doğurur. Hacı Qamət Süleymanovun fikrincə, İŞİD-in Bashar Assad-ı kənara qoyub, İraqda təxribatlar yaratmasında müəyyən qüvvələrin əli var. O, İŞİD-in Azərbaycana təhlükə yarada biləcəyini isə düşünmür.

«İraqda siyasi ab-havanı dəyişmək üçün İŞİD-dən istifadə edirlər. Bu, müəyyən bir müddətə İraqdakı bəzi siyasi qüvvələrə də sərf edir. Onlar İraqdan o yana keçə bilməyəcəklər. Onların işləri İraqda bitəcək».

«Əbu-Bəkr» məscidinin imamı dindarlar başda olmaqla, Azərbaycan cəmiyyətini İŞİD təxribatlarına və bəyanatlarına uymamağa çağırıb:

«Tövsiyə edirəm ki, onların çıxışlarına, bəyanatlarına məhəl qoymasınlar. Dini, «Quran»ı düzgün öyrənsinlər, Allaha ibadət etsinlər. Qarşıdan da Ramazan ayı gəlir. Bu ayda tövbə etsinlər».

İŞİD-İN AZƏRBAYACLA BAĞLI PLANINA YAP-DAN REAKSİYA

«Qafqazinfo» Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Aydın Mirzəzadənin İraq Şam İslam Dövlətinin (İŞİD) şəriət dövləti yaratmaq istədikləri ölkələr siyahısında Azərbaycanın da adının çəkməsinə münasibətini dərc edib.
Aydın Mirzəzadə
Aydın Mirzəzadə

Deputat deyib ki, təşkilatın ayrı-ayrı ölkələrlə bağlı yaydığı bəyanat pafosdan başqa bir şey deyil:

«O, sadəcə olaraq beynəlxalq ictimaiyyətdə qorxu yaratmağa və öz təsirini digər ərazilərə də yayacağını elan etmək istəyir. İstənilən prosesə getmək üçün ona mütləq sosial baza və ictimai dəstək lazımdır. Bu gün İraqdan kənarda həmin təşkilatın ideyalarını dəstəkləyən elə bir qüvvələr yoxdur. O cümlədən Azərbaycan sivil, yüksək dərəcədə inkişaf etmiş vətənpərvər ölkədir. Azərbaycanda bu mümkün olan məsələ deyil».

Onun fikrincə, Azərbaycanda təriqətlərə bölünmə yoxdur:

«Vahid islam dini var. Bu baxımdan hər kəs islami dəyərlərə öz hörmətini göstərir. Həmçinin, Azərbaycanda tarixən həmişə dinin də, dövlətin də öz rolu olub. Bu baxımdan bu gün İraqda baş verən hadisələr məhz orda baş verməli idi».

İLHAM ƏLİYEV GEOPOLİTİK MƏNGƏNƏDƏ

«Azadlıq» qəzeti yazır ki, Qərb və Rusiya arasında seçim etmək məcburiyyətində qalan Azərbaycan hakimiyyətinin düşdüyü indiki vəziyyət konyunktur balans siyasətin nəticəsidir:
İlham Əliyev və Vladimir Putin - 2013
İlham Əliyev və Vladimir Putin - 2013

«Hələ Rusiya prezidenti Vladimir Putin-in bir il əvvəl Azərbaycana səfəri zaman ölkə başçısı İlham Əliyevlə görüşdə Avrasiya İttifaqına qoşulmaq ciddi müzakirə olunmuşdu. O zaman yayılan məlumatlara görə, Azərbaycan tərəfi 2013-cü il prezident seçkisindən sonra bu məsələyə müsbət cavab verəcəyini bildirib. Azərbaycan hakimiyyəti Putin-in səfəri zamanı Rusiyanın maraqlarına uyğun davranış sərgiləmişdi. Seçki oktyabr ayında keçirilsə də, noyabrın sonlarına qədər heç bir Avropa ölkəsindən İlham Əliyevə təbrik gəlmədi. Yalnız İlham Əliyevin Vilnüsdə Avropa Şərq Tərəfdaşlığı sammitinə qatılacağı bəlli olandan sonra hakimiyyətə qarşı münasibətdə bir qədər loyallıq müşahidə olundu. Artıq həm Qərb, həm də Rusiya bir il əvvəl verilən vədlərin yerinə yetirilməsini tələb edir. Məlumatlara görə, istər Avropa Komissiyasının prezidenti Barroso-nun, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrov-un, Dövlət Dumasının sədri Sergey Naryshkin-in və baş nazirin müavini Dmitry Ragozin-in Azərbaycana səfəri məhz həmin vədləri Əliyev hakimiyyətə xatırlatmaq məqsədi daşıyır».
İlham Əliyev və Jose Manuel Barroso - 2013
İlham Əliyev və Jose Manuel Barroso - 2013

BARROSO BAKIYA NİYƏ VƏ NƏ İLƏ GƏLİR?

«Yeni Müsavat» qəzeti yazır ki, «Azərbaycanın Avropa Birliyi və Gömrük İttifaqı seçimi qarşısında qaldığı bu həssas dönəmdə Bakıdakı müzakirələr əsasən Bakının Avropa Birliyi ilə münasibətləri ətrafında olacaq. Ekspertlərin fikrincə, Barroso Rusiyanın Azərbaycanı ən pis halda Ukrayna, ən yaxşı halda isə Ermənistanın durumuna salmamaq üçün təkliflərini verəcək, ciddi müzakirələr aparacaq.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Barroso vida turnesinə çıxıb:

«Əvvəla, o, artıq postundan gedir, əvəz olunur, yəni son günlərini yaşayır. Ona görə də mən bu səfəri vida səfəri kimi qiymətləndirirəm. Həmçinin əməkdaşlıqla bağlı təşəkkürünü bildirəcək, tövsiyələr verəcək».

POROSHENKO AZƏRBAYCANLILARA TƏŞƏKKÜR EDİB

«Azərbaycanlı fəallardan yalnız mən Petro Poroshenko-nun andiçmə mərasiminə dəvət olunmuşdum. Orada görüşdük, ayaqüstü söhbətimiz oldu.
Petro Poroshenko
Petro Poroshenko
Seçki dövründə gördüyümüz işlər, Ukraynada legitim hakimiyyətin formalaşdırılmasında fəal iştirakımıza görə azərbaycanlılara təşəkkürünü bildirdi».

Ukraynada yaşayan azərbaycanlı politoloq, Petro Poroshenko-nun seçki qərargahının koordinatoru olmuş Xaqani Hüseynli Media forum saytına belə deyib.

Politoloq bildirib ki, Petro Poroshenko-nun tərəfdarları indi parlament seçkilərinə hazırlıq məsələlərini müzakirə edir. Onun dediyinə görə, bununla bağlı azərbaycanlı fəallara da müraciət olunub:

«Biz də hazır olduğumuzu bildirdik. Növbəti mərhələdə parlament seçkiləri olacaq. Çünki parlamentin indiki tərkibi ilə ciddi islahatlar aparmaq, ölkəni böhrandan çıxarmaq, inqilabın tələblərini yerinə yetirmək, separatçılığın kökünü kəsmək mümkün deyil. Biz parlament seçkisində də fəal iştirak edəcəyik. Ukraynada yaşayan azərbaycanlı fəallarda yüksək ovqat var və özünəinam yaranıb. Əvvəllər belə deyildi».
Siyavuş Novruzov
Siyavuş Novruzov

ÖMÜRLÜK MƏHBUSLAR ƏFV KOMİSSİYASINA VƏ MƏHKƏMƏLƏRƏ MÜRACİƏT ETMƏLİDİR
«Həbsdə olduğu müddətdə davranışında və digər fəaliyyətində qanun pozuntusu olmayan şəxsin ömürlük həbs cəzası müddətli cəza ilə əvəz edilir».

Bunu «Yeni Azərbaycan» qəzetinə YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

«Vaxtilə ölüm hökmü almış ömürlüklər də yuxarı məhkəmə instansiyalarına müraciət etməlidirlər. Həbs müddətini nizamlı formada çəkən şəxslərə əfv verilməsi də mümkündür» - deyə Siyavuş Novruzov sözlərinə əlavə edib.
XS
SM
MD
LG