Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:16

ANAR: «Çingiz Hüseynov saymazyanalıq edir»


Anar
Anar
-
"Bunu Məmməd İsmayılın adına layiq bilmirəm."

"Çingiz Hüseynovun AYB-nin Moskva bölməsi ilə neçə illərdir heç bir əlaqəsi yoxdur, onları saymır, işbirliyi qurmur".



Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Media forum” saytının suallarını cavablandırıb.

O, yazıçı Çingiz Hüseynovun Azadlıq Radiosunun "Oxu zalı"nda çap olunan istefa ərizəsinə də münasibət bildirib.



- Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının nəticələri narazılıqlara səbəb olub. Bu narazılıqları necə qiymətləndirirsiniz?

- Qurultay açıq formada, hamının gözləri önündə şəffaf şəkildə keçirildi. Qurultay nümayəndələri yekdilliklə mənim namizədliyimi dəstəklədilər və mən sədr seçildim. Alternativ namizəd olmadı. Kim narazı qalıbsa, bu, onun öz işidir. Mən bu işlərlə maraqlanmıram.

- Niyə alternativ namizəd olmadı? Seçkinin alternativsiz keçirilməsinin səbəbi nədir?

- Kim Yazıçılar Birliyinin sədrliyinə öz namizədliyini versəydi, səsə qoyardım. Mən də həmin namizədi dəstəkləyərdim. Heç kəs namizədliyini vermədi. Mən kimi zorla məcbur eləyəydim ki, namizədliyini ver – bu, gülməli çıxar. Yekdilliklə məni seçdilər, çünki neçə illərdir birliyin sədriyəm, bilirlər necə işləyirəm. Heç kəsə alternativ namizəd olmaq qadağası qoyulmamışdı, kim istəsəydi, namizədliyini verərdi. Amma biz gedib kiminsə yaxasından yapışan deyilik ki, gəl alternativ namizəd ol. Gülməli çıxar.

- Şair Məmməd İsmayılın alternativ olmaması ilə bağlı iradını, bütövlükdə çıxışını necə qarşıladınız?

- Məmməd İsmayıl neçə illərdir Türkiyədə yaşayır, Yazıçılar Birliyinin fəaliyyətindən qətiyyən xəbəri yoxdur. Ona çatan yalan, böhtan məlumatları qurultayda səsləndirdi. Bunu onun adına layiq bilmirəm.

- Qurultayda prezident təqaüdü alanlar arasında müxalif yazarların olmadığı da vurğulandı...

- Yazıçılar Birliyinin üzvləri növbə ilə prezident təqaüdü alırlar. Heç kəs deyə bilməz ki, təqaüdçülər arasında müxalif fikirli şəxslər yoxdur. Özünüz də gördünüz ki, İdarə Heyətində də müxalif təmsilçilər var. Yazıçılar Birliyi hər kəsin fəaliyyətini yaradıcılıq prizmasından qiymətləndirir.

- Təqaüd alanların adları niyə açıqlanmır? Prezident təqaüdü alan yazıçı və şairlərin siyahısını birliyin mətbuat orqanlarında dərc etdirmək olmazmı?

- Biz bu siyahının dərc olunmasına ehtiyac duymuruq. Ehtiyac olsa, siyahını açıqlaya bilərik. Heç nədən qorxmuruq, heç bir gizli işimiz yoxdur.

- Moskvada yaşayan yazıçı Çingiz Hüseynov Yazıçılar Birliyindən istefa verib. Onun istefa ərizəsi birliyə çatıbmı?

- Bizə Çingiz Hüseynovun heç bir ərizəsi daxil olmayıb. Yazıçılar Birliyi könüllü təşkilatdır, kim istəyir girir, kim istəyir çıxır. Çingiz Hüseynovun birlikdən istefa verməsinə təəssüflənirəm, onun getməsi də anlaşılmazdır. Özü bununla izah edir ki, qurultaya nümayəndə seçilməyib. Nümayəndələri də bizim bölmələr seçir. Onun birliyin Moskva bölməsi ilə neçə illərdir heç bir əlaqəsi yoxdur, onları saymır, iş birliyi qurmur. Ona görə də qurultaya nümayəndə seçilməyib. Bildiyim qədər ilin böyük hissəsini də İsraildə keçirir. Bu baxımdan Çingiz Hüseynovun heç kəsdən inciməyə haqqı yoxdur. Birlikdən çıxır, öz işidir.

- Qurultay bir məsələni də çox aktuallaşdırıb. Sizlə baş nazirin müavini, xalq yazıçısı Elçin arasında bir narazılıq varmı? Siz Elçinin qurultayı yarımçıq tərk etməsini necə qiymətləndirirsiniz? Təşkilatla bağlı məsələlərə yanaşmaq baxımından aranızda bir fikir ayrılığı varmı?

- Aramızda heç bir narazılıq yoxdur. Elçin mənim dostumdur. O, baş nazirin müavinidir, yəqin başqa vacib işləri çıxıb, onlarla məşğul olmağa gedib.

- Elçin qurultaydan sonra sizinlə əlaqə saxladımı? Tədbiri niyə yarımçıq tərk etdiyini sizə dedimi?

- Yox.

- Siz bunun səbəbini öyrənməyə təşəbbüs göstərmədiniz?

- Xeyr, təşəbbüsüm olmadı.

- Anar müəllim, qurultayda çıxış edənlər kitab mağazaları ilə bağlı narahatlıqları da ifadə etdilər. Bu sahədə vəziyyəti dəyişmək üçün nə planlarınız var?

- Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev öz çıxışında bu məsələni qaldırdı. Mədəniyyət naziri də orada idi. Bu problemi birgə müzakirə edəcəyik. Kitabxanalar, kitab mağazaları bizdən asılı məsələ deyil. Biz problem ətrafında məsələ qaldırdıq, gələcəkdə də bunu edəcəyik.

- Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə qurultaydakı çıxışında uşaq ədəbiyyatının yaş səviyyəsinə uyğun hazırlanmadığı barədə fikirlər səsləndirib. Siz uşaq ədəbiyyatının indiki durumu ilə bağlı deyilənlərlə razısınızmı?

- Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyası fəaliyyət göstərir. Biz onların işini bir az da fəallaşdıracağıq. Seksiyada uşaq ədəbiyyatının vəziyyəti müzakirə ediləcək, bu sahədə qərarlar qəbul olunacaq.

"Media forum"
XS
SM
MD
LG