Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:31

Nabokov Freud-ə "Vyanalı şarlatan" deyirmiş - Müsahibə


Vladimir Nabokov
Vladimir Nabokov

-

"Lolita" romanını yazarkən Nabokov "ələdüşməz kitab" sayılan "Qızların bədən ölçüləri" adlı bir kitabdan da yararlanıbmış...

- Budunun diametrini öyrənməkdən ötrü mən 6 yaşdakı qızlardan hansısa birini soyundura bilməzdim, axı!




V.V.Nabokovun Ann Gerenə verdiyi müsahibə. 1961-ci ilin yanvarı


O, yumor, tennis və Prust aşiqidir. Kommunistləri, Sadı və Freydi isə sevmir.

Hazırda Vladimir Nabokov 61 yaşın içindədir…

Sahil boyu uzanan Nitsa şəhərində hava qış mövsümünə uymayacaq dərəcədə bürkülüdür. Bu bazar günü mən şəhərin İngilis sahilindəyəm. Həmsöhbətim, pater familias (latınca "ailə başçısı" deməkdir – A.Y.) Vladimir Nabokov 1900-cü ildə qənnadı sexi kimi tikilən və cansıxıcı görkəmə malik bu binanın knyazlara layiq olsa da, ciddi mebellərlə döşənmiş bir apartamentində məskunlaşıb.

Onun pəhləvan cüssəli, yetkin bir oğlu var, Milanda bas-vokalçıdır.

Yazarın gözütox və incə-mincə təsir bağışlayan xanımının dən düşmüş saçları gümüşü rəngə çalır.

Vaxtilə Harvardda və digər universitetlərdə Avropa ədəbiyyatından mühazirələr oxuyan, "Lolita" adlı romanıyla şöhrəti yaxalayan bu yazar "Başqa sahillər" əsəriylə indi artıq memuar yazarı kimi də tanınır.

2001-ci il. Nabokovun oğlu - 61 yaşlı Dmitri Nabokov Rusiyada.
2001-ci il. Nabokovun oğlu - 61 yaşlı Dmitri Nabokov Rusiyada.


Budur, o, qəhqəhə çəkir. Taxdığı pensne qara simdən asılıb. Uğunub gedir. Qəhqəhəsinin səsi hər ləhzədə bir az da yüksəlir, gülüşdən titrəyən üzü qırışır və nəhayət, pensnesi düşür. Onu götürən Nabokov təkrar gülməyinə davam eləyir.

Giriş sözü olaraq belə deyir:


- Mən danışmağı heç bacarmıram. Müəllim işlədiyim vaxtlarda da bütün mühazirələrimi əvvəlcədən kağıza yazardım. Əlimin altında kağız-kuğuz olmayanda məni əl-ayaq basır. Bir dəfə heç sevmədiyim o Dostoyevskidən danışmalıydım…

- Anlamadım…

- Hə, düz eşitdiniz, heç sevmədiyim. Məncə, o, jurnalistdir və heç nə yaratmayıb, çünki buna heç vaxtı da yox imiş. Onun Riçardsonun və Russonun təsiri altında qələmə aldığı sentimental romanlar daha çox cavan qızlar və eyni zamanda dəliqanlı oğlanlar üçün nəzərdə tutulub (təkrar gülməyə başlayır).

"Anton Çexovun itlərinin dişi nəvələri"

- Yaradıcılığınızın başlanğıc, rusdilli dövrü" ilə bağlı ənənəvi sualı bu məqamda sizə ünvanlamaq yəqin yerinə düşərdi. Çünki öz memuarlarında Nabokov şəxsən vurğulayır ki, böyük rus ədəbiyyatı ilə onu bağlayan doğmalıq sadəcə saxladığı itdən qaynaqlanır…

- … bir sözlə, mən Dostoyevski mifini dağıtmağa niyyətliydim. Ancaq səhvən Çexov barədə mühazirəni özümlə götürmüşdüm. Buna görə də dilim topuq vurmağa başladı, çaşdım və … Çexovdan söz açdım.

- Onu isə sevirsiniz?


- Əlbəttə ki. Ən azından Çexov ümumi ideyaları yerli-yersiz oxucuya sırımır. Mənim ümumi ideyaları görən gözüm yoxdur. Buna görə də həyatım boyu nə bir kluba üzv yazılmışam, nə bir manifest-filan imzalamışam. Tennis klubunu (Bu səhər o, pencəyini bir kənara atıb, bir partiya tennis oynayıbmış), bir də kəpənək kolleksiyamı çıxmaq şərtiylə.

Bu işə o, hələ uşaq yaşlarından könül bağlayıbmış. Sonra inqilab baş verdi. İnqilab Nabokovun ömür yolunu köklü şəkildə dəyişdirib. Bu barədə xatirələrində ötəri, ancaq kəskin qeydlərə rast gəlirik. Yoxsa bu yolla inqilabı görməməzliyə vurmaq istəyirmiş?

Sözə başlayır:


- Əslində Rusiyada bircə inqilab – Fevral inqilabı baş verib və bu sayədə Kerenski hakimiyyətə gəlib. (Onun başçılıq etdiyi hökumətdə Nabokovun atası portfelsiz nazir imiş). Bu kommunizm bizə nə verdi görəsən? Sadəcə yaxşı təşkilatlanmış polis qurumu. Hətta çarlıq dövründə də güdükçülük işi böyük ustalıqla qurulmuşdu: atamın xidmətçilərinin hamısı polisə işləyirdilər. Onlardan qapı dinləyən birisi hətta yaxalanmışdı da. O, hönkürərək, atamın ayaqlarına qapanmışdı o vaxt.

Bu slavyan qəlbimin parçalanmasına rəğmən...

- Bəs atanız ona nə dedi?

- "Ona içməyə bir şey verin" dedi və ya buna bənzər nə isə...

Nabokov vaxtilə hələ Sankt-Peterburqda öyrəndiyi fransız dilində ağır-ağır və qüsursuz danışır. Sonralar Parisdə ikən bu dildə o, özünün "Sebastyan Naytın gerçək həyatı" romanını yazmışdı (kiraladığı mənzilin yaşayış üçün tək yararlı məkanı – vanna otağı imiş və o, əsərini bidenin üzərinə böyrü üstə qoyduğu çamadanın üstə yazırmış).

- Bu qədər ölkə dolaşmısınız, özünüz necə, dəyişmisinizmi heç?

Fransız yazıçısı, modernist Marcel Proust
Fransız yazıçısı, modernist Marcel Proust


- Bunu ağlıma da gətirməmişəm. Yazı tərzimi də – eyni şəkildə (bu slavyan qəlbimin parçalamasına rəğmən) mən bir neçə dildə səviyyəli mətnlər yazmışam. Dəyişən – təkcə sözlüklərimdir. Məndən ötrü ən çətin keçid – "Littre"dən "Uebster"ə keçmək olub.

- Bu qədər fərqliliklərin qarışımı yaradıcılığınıza necə təsir göstərib?

- Çox cüzi. Mənim rus mədəniyyətimə indiyədək bir sıra başqaları, əsasən də fransız mədəniyyətindən nələrsə qarışıb. Mənim yerli-dibli ustadım-filanım olmayıb, ancaq bəziləriylə – məsələn, Prustla – öz aramda doğmalıq duyuram…

Bütün bu məqamlar mənim həmsöhbətimi zərrəcə narahat eləmir. O, artıq elə şənlənib ki, belə getsə, söhbətimiz yarımçıq qalacaq.

- "Başqa sahillər" başlığı…

- Puşkinin romantik və bir qədər Lamartin ruhlu şeirinin ilk misrasındandır: həmin əsərdə şair öz gənclik dövrünü gölün səthində təkrar seyr eləməyə çalışır.

Nabokov yazır: "Bütün bu son illər uzunu duyduğum nostalgiya itirilmiş uşaqlıq dövrümün hipertrofiyasından qaynaqlanır". (Bu itkiyə görə onun bolşevikləri görməyə gözü yoxdur). Memuarlarında da öz ömrünü hər biri iyirmi ildən ibarət üç dövrə ayırır: tezis (uşaqlıq), antitezis (İngiltərədə, Fransada və Almaniyada keçən mühacir həyatı) və sintez (Birləşmiş Ştatlar).

Kənardan baxana elə gəlir ki, dəfələrlə bir ölkədən digərinə köçən Nabokovu ən çox rahatsız edən yeganə məqam - bütün bunların onun yaradıcılığında buraxdığı təsirdir, izdir. Daha dəqiq desək, onun yazı texnikasına (dilinə, üslubuna, leksik baqajına, yararlandığı hərflərə göstərdiyi təsirdir. Söhbətimiz hərlənib-fırlanıb,bunun üzərinə gəlir.


- Xatirələrimə orijinal bir ad seçmişəm: "Conclusive Evidence" ("İnandırıcı dəlil"). Bu sözlərdəki bir cüt "v" hərfi yamanca döşümə yatmışdı. "İnandırıcılıq" isə əslində o qədər də vacib sayılmaz.

İlk növbədə o, yəni Nabokov – linqvistdir, hissiyyat adamıdır. Bloknotumun sapsarı rəngi onun iti baxışlarından yayınmır və az sonra mənə deyir ki, bloknotum sanki günəş vannası qəbul edib. "Lolita" romanını yazarkən o, "ələdüşməz kitab" sayılan "Qızların bədən ölçüləri" adlı bir kitabdan da yararlanıbmış...

- Budunun diametrini öyrənməkdən ötrü mən 6 yaşdakı qızlardan hansısa birini soyundura bilməzdim, axı!

"Lolita" Azərbaycan dilində ("Qanun")
"Lolita" Azərbaycan dilində ("Qanun")



- Necə bəyəm? Yoxsa siz Lolitanı həyatdan götürməmisiniz ki?

- O kitabı yazdığım vaxt Lolita yaşdakılara bir kimsə diqqət yetirmirdi. (İndi isə onlarla addımbaşı rastlaşırsan). Məndən ötrü daha böyük maraq kəsb edən məqam – insanın bir fikrin, istəyin əsirinə çevrilməsi idi. (Yeri gəlmişkən, onu da vurğulayım ki, mənim araşdırdığım statistik bilgilər də mənim uydurduğum Humbertin real biri olduğunu isbatlayır. Belə götürəndə, onun bu mərəzə dönən düşkünlüyünü necə təsvir eləmək adama az qala elmi problem təsiri bağışlayır.

- Ancaq siz başqa və daha normal bir iş də tapa bilərdiniz…

- Əlbəttə ki, Məsələn, velosiped sürmək daha maraqlı işdir. Ancaq əllərini yana açaraq, şinsiz və hətta təkərsiz velosiped sürmək daha əyləncəlidir, çünki daha qəliz əyləncədir.

Yüksəkmənəvi əxlaq

- "Lolita" ilə bağlı ucalan ictimai etirazlar… qalmaqal… müəllifi də özündən çıxardır. Onda belə çıxmır ki, "Lolita" hər şeydən əvvəl satirik roman imiş?

- Əsla yox! Bu – son dərəcə nəcib bir kitabdır! O, bir növ "Birləşmiş Ştatlar ərazisindəki Zərif Sevgi Ölkəsi"nin xəritəsidir! (Bunun ardınca yazar əlindəki mətndən difiramblarla dolu mənzərələri oxuyur mənə). Mənim Amerikam – uydurmadır, bir növ maketdir.

- Buna rəğmən, o, çoxlarına tanış gəlir.

- Mən buna əsla can atmamışam.

- Elə isə nədir axı, bu "Lolita"? Əxlaqsız bir kitab, yoxsa?..

Nabokov bu iddianı rədd edir:

- Əksinə. Onda yüksəkəxlaqi bir əxlaq var: uşaqlara yamanlıq etmək olmaz. Halbuki Humbert bu yamanlğa qol qoyur. Bəlkə də onun Lolitaya duyduğu hisslərə haqq qazandırmaq olar, etdiyi əxlaqsızlığa isə… əsla.

- Özümü lap moizədə hiss elədim…


- Bu məsələdə təbiət də Kilsəni dəstəkləyir… Təəssüf olsun... Lolita – azyaşlı pozğun deyil, bir fitnə qurbanıdır. Bir də ki Lolitanın ölü uşaq doğmasını göstərməklə bəyəm mən belə şeylərə qarşı çıxdığımı aşkar göstərə bilməmişəm ki?

- Ancaq hər şeyə rəğmən, sonluqda...

- Humbert daha təmiz biri kimi qarşımıza çıxır, eləmi? Humbert artıq yekələn və özünə xəyanət edən Lolitaya pul verdiyi məqamda nəcib qəlbli oxucu gözünün kənarında bir səyrimə hiss eləməlidir (Nabokov bu yerdə gözünün kənarındakı xəyali göz yaşını silir).

Mən "pornoqrafiya" sözünü işlədəndə Nabokov lap özündən çıxır.

- Siz heç markiz de Sadı oxumusunuz? Yəni onun orgiyalarını nəzərdə tuturam? Hər şey bir adamla başlayır, sonra iştirakçıların sayı beşə, daha sonra əlliyə çatır və naəlac qalanda bağbanı da yanlarına çağırırlar (Uğunub gedir). Bax, mən buna deyərəm: pornoqrafiya! Kəmiyyət var, keyfiyyət isə - yox! Bu – əsl bayağılıqdır, ədəbiyyat deyildir.

Sigmund Freud
Sigmund Freud



Pauza. Sonra sözünə davam edir:

- Ədəbiyyatın instensiyası həmişə safdır və daim əxlaqa söykənir... Mən markiz de Sada nifrət bəsləyirəm.

Nabokovun ən çox hiddət və antipatiya hədəfi isə, özünün "Vyanalı şarlatan" adlandırdığı Freyddir:

- A disgusting racket. Psixonalizdə bolşevizmə xas nə isə, məsələn, daxili polis anlayışı var. Ona aid simvollar – çətirlər və pilləkənlər nəyə desən dəyər! Görünür, bütün bunlar onun şöhrət çələnglərinə uyğun gəlirmiş. Bütün bunlar hər dəfə liftdən yararlanan çağdaş amerikalının görəsən nəyinə gərək imiş, axı?! Daha dəqiq desək, freydçilər incəsənət üçün təhlükəlidirlər, çünki simvollar hissi həzzləri, fərdi xəyalları məhvə sürükləyirlər... O bədnam cinsəlliyi isə heç demirəm!.. Anlayın, o cinsəlliyin özü sənətdən asılıdır və bunun əksi əsla keçərli deyildir, çünki əsrlər boyu sevgiyə zəriflik aşılayan da məhz elə poeziya olubdur...

Məhz belə bir sevgi tezliklə Nabokovun romanının mövzusuna... çevriləcək!

- "Lolita"dakıyla müqayisədə bu əsərdə vəziyyət bir qədər müşkül olacaq, çünki mən bu poemada bir insan həyatını başdan-sona, həm də indiyədək yazılanlardan daha gözəl şəkildə təsvir etmək niyyətindəyəm... Onu sadəcə oturub, kağıza köçürməm qalır indi.

Hazırda bayaq sözügedən romanın, "Lolita"nın ssenarisinin və Puşkin yaradıcılığı barədə tədqiqatın üzərində işləyən Nabokovun dərs deməyə daha vaxtı qalmır. Ailə bu qışı Nitsada keçirəcək, sonra, apreldə isə...

- ... biz hiss olunmadan buraları tərk edib, Birləşmiş Ştatlara dönəcəyik.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar

XS
SM
MD
LG