Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:35

Elmar Məmmədyarov AŞPA-da Dağlıq Qarabağ barədə suala cavab verib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iyunun 23-dəki çıxışından sonra Dağlıq Qarabağ münaqişəsi haqda suala cavab verərkən deyib ki, bu münaqişənin həlli istiqamətində plan artıq mövcuddur:

“Söhbət beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən gedir. BMT çox mötəbər təşkilatdır, onun qərarlarına hörmətlə yanaşılmalıdır.

Yəni, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baza qərarları artıq mövcuddur. 1993-cü ildə qəbul olunmuş bu qərarlar Ermənistana qarşı tələblərin hələ də qüvvədə qaldığını göstərir.

Yəni, Ermənistandan Azərbaycan ərazilərindən öz hərbi hissələrini çəkməsi tələb olunur. Hesab edirəm ki, bu qətnamələrin həyata keçirilməsi lazımdır. Çox ümid edirik ki, Avropa Şurası da hər zaman olduğu kimi, ölkələrin ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyub saxlayacaq.“

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ilk iclasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi ilə bağlı Elmar Məmmədyarov çıxış edərək ölkənin 6 aylıq sədrliyi dövründə əsas istiqamətləri və prioritetləri bildirib.

Azərbaycanın xarici işlər naziri 6 ayda Bakıda keçiriləcək tədbirlərin proqramı barədə məlumat verib. O, korrupsiya ilə bağlı deyib ki, bu mövzuda Bakıda xüsusi tədbir keçiriləcək.

Elmar Məmmədyarov Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ölkə üçün çox əhəmiyyətli bir hadisə olduğunu bildirib. Eyni zamanda, ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun aparılmasında əvəzsiz təcrübəsi olduğunu qeyd edərək, bu yöndə də sentyabrın əvvəlində Bakıda böyük bir tədbirin təşkil ediləcəyini deyib.

O, Azərbaycanla Avropa Şurası arasında qəbul olunmuş Fəaliyyət Planına dair bir daha müzakirələrin aparılacağını, Avropa Şurasının sosial həmrəylik proqramı ilə bağlı Bakıda nazirlər səviyyəsində xüsusi bir toplantının keçiriləcəyini açıqlayıb.

Bundan başqa, Ukraynadakı məsələlərə toxunan Məmmədyarov bu ölkədə keçirilmiş prezident seçkilərinin sülh şəraitində, yüksək səviyyədə və beynəlxalq normalara uyğun bir şəkildə baş tutduğunu vurğulayıb.

Kosovonun statusundan bəhs edən nazir bu məsələdə bir çox üzv ölkə arasında fərqli mövqeyin olduğunu xatırladaraq, Avropa Şurasının bu məsələdə neytral mövqe tutmalı olduğunu deyib.
XS
SM
MD
LG