Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:03

Sevinc Babayevanın oğlu həbs olunub


Ayxan Məmmədov
Ayxan Məmmədov

-

«Deputat mandatı alveri» qalmaqalında vasitəçi kimi adı keçən mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov məhkəmə zalında həbs olunub.

Bu haqda AzadlıqRadiosuna onun nənəsi Zəhra Babayeva məlumat verib.

Nənəsinin bildirdiyinə görə, Ayxan Məmmədov iyunun 25-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 il 6 ay azadlıqdan məhrum edilib.

Zəhra Babayeva həbsin səbəbləri ilə bağlı məlumat vermək istəmədi.

Ayxan Məmmədovun təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən dostu isə onun oğurluq ittihamı ilə həbs olunduğunu bildirdi:

«Bir necə ay öncə guya marketdən oğurluğa cəhd etdiyinə görə Ayxana cinayət işi açılmışdı. Ona demişdilər ki, bu məsələni böyütmə, səni şərti azadlığa buraxacağıq. Neçə vaxtdır məhkəməsi gedirdi. Bu gün ona 3 il 6 ay iş verdilər. Biz çatdıq ki, qandallayıblar. Apardılar Kürdəxanıdakı təcridxanaya. Onun günahı yox idi. Çox güman ki, sifarişlə həbs olunub».

Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev 2012-ci ilin sentyabrında 2005-ci ildə deputat seçilməsi üçün ondan 1 milyon dollar rüşvət istənilməsini əks etdirən video yayıb. Sabiq rektor videoda onunla danışan qadınlardan birinin sabiq deputat Gülər Əhmədova, digərinin isə Sabir adına Kitabxananın sabiq direktoru Sevinc Babayeva olduğunu bildirirdi. Həmin video ilə bağlı cinayət işi açılandan 2 ay sonra Sevinc Babayeva İstanbuldakı klinikaların birində vəfat edib.

Ayxan Məmmədov yerli mətbuata müsahibəsində anasının ölümünün səbəbkarının Gülər Əhmədova olduğunu deyirdi. G.Əhmədova isə ittihamları rədd edirdi.

XS
SM
MD
LG