Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:32

ABŞ səfirliyi Həsən Hüseynliyə görə bəyanat verdi [Reaksiyalar]


Həsən Hüseynli məhkəmə zalında həbs olundu...
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

-

ABŞ səfirliyi iyulun 14-də 6 il həbs cəzası kəsilmiş QHT rəhbəri Həsən Hüseynli ilə əlaqədar bəyanat yayıb. Səfirlik bildirir ki, Azərbaycanda mülki cəmiyyətə təsir göstərən daha bir hadisə baş verib, Gəncədə böyük hörmət göstərilən QHT lideri Həsən Hüseynliyə 6 il həbs kəsilib. «Ona qarşı xuliqanlıq ittihamları son dərəcə şübhəli görünür», deyə səfirlik bildirir.

«Bakıdakı ABŞ səfirliyi tələbə mübadiləsi və ingilis dili təlimləri sahəsində Hüseynli ilə yaxından işləyib. Onun mülayim xasiyyətini və vətəndaş cəmiyyətinin iştirakı və maarifləndirmənin təbliği sahəsində gördüyü işi nəzərə alaraq, Hüseynlinin, istintaqın dediyi kimi, yerli sakinə qarşı bıçaqdan istifadə etdiyinə inanmaq praktik olaraq mümkün deyil. Hüseynli Azərbaycanda uzun müddətə həbsə atılan vətəndaş cəmiyyəti fəalları sırasındadır», bəyanatda deyilir.

«Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini istəyir. Biz güclü şəkildə inanırıq ki, fundamental azadlıqların təminatı Azərbaycanın uzun müddətli sabitliyi və çiçəklənməsini təmin edəcək. Biz bu məqsədlərə çatılması üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalırıq», ABŞ səfirliyi bildirir.

LEYLA YUNUS: HƏSƏN HÜSEYNLİ «VİCDAN MƏHBUSU»DUR

Leyla Yunus
Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Həsən Hüseynlinin həbsini ziyalılara qarşı repressiyanın başlanğıcı kimi dəyərləndirir:

«Bu, onu göstərir ki, bu hakimiyyət üçün təkcə müxalif partiya üzvləri, insan hüquqları ilə məşğul olan şəxslər, bloqqerlər, jurnalistlər təhlükəli deyil. Aydın olur ki, müstəqil, əhali arasında hörməti olan ziyalılar da bugünkü kriminal rejimə təhlükə yaradır. Ziyalıların həbs olunması Stalin dövrünü xatırladır. Bax, indi biz həmin dövrə geri qayıdırıq. Bu gündən etibarən biz Həsən Hüseynlini «vicdan məhbusu» kimi öz siyahımıza əlavə etdik. Vəziyyət belə davam edərsə, siyasi məhbusların sayı artacaq. Bu həbs ziyalılara qarşı başlanan repressiyanın siqnalıdır».

ƏLİ KƏRİMLİ: BUNUNLA DÜNYA BİRLİYİNƏ ONLARIN MESAJLARINI QƏBUL ETMƏDİYİ CAVABINI GÖNDƏRİRLƏR»

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli bu həbsi Azərbaycan hakimiyyətinin siyasi məhbusların azad edilməsini tələb edən beynəlxalq aləmə meydan oxuması kimi dəyərləndirir:

«Bu birmənalıdır ki, Həsən Hüseynli cinayət törətməyib. O, Gəncədə böyük maarifçilik şəbəkəsi yardır, insanların savadlanmasına, yaxşı təhsil almasına kömək edirdi. Bu da indiki hakimiyyətin nəzərində cinayət hesab olunur. Həsən Hüseynlinin həbsinə təkcə bir nəfər işıqlı azərbaycanlının, vətəndaş cəmiyyəti fəalının həbsi kimi baxmaq düzgün deyil. Son vaxtlar Azərbaycan hökumətinə qarşı siyasi məhbuslarla bağlı xeyli təzyiqlər olub. Beynəlxalq aləmdə siyasi məhbusların azad edilməsi ilə bağlı tələblər davam edərkən Azərbaycan hakimiyyəti daha bir hüquq müdafiəçisini qondarma ittihamlarla həbs edir. Sanki, bununla dünya birliyinə onların mesajlarını qəbul etmədiyi cavabını göndərirlər».

XS
SM
MD
LG