-
Siz körpə olmusunuzmu? Bu körpənin gözlərində onun atası “cinayətkar” deyil, cəngavərdir. Qəfəsə salınmış şirdir, qızmış pələngdir, nağıl qəhrəmanıdır...
Elnaz Eyvazlı
ARAZIN RƏŞADƏTİ
Mən indi sözün bitdiyi, aciz qaldığı yerdəyəm.
Elə bir məqamdayam ki, nə yazmaq, nə də danışmaq ürəyimi boşaldacaq gücdədir.
Dilsiz-ağızsız bir şəklin, şəkildəki körpənin, körpədəki gözlərin gücü məni baxdığım və gördüyüm an ram edib.
Baxın, siz də baxın. Böyüdün bu şəkli; yol qıraqlarındakı reklam dirəklərinə vurun, doğum evlərinin, məhkəmə binalarının giriş qapısından asın, zalım adamların kor gözlərinə soxun bu şəkli.
Bu yazını bağrımı darmadağın edən şəklə baxa-baxa yazdığım kimi, hakimlər də hökmlərini bu körpənin gözlərinə baxıb çıxarsınlar.
Günah deyilmi ömrünün bu çağında onun baxışlarını bu qədər intizarda qoymaq? Günah deyilmi hər qapı açılanda gözlərini astanaya dikib səssiz-səssiz atasının gəlişini gözləyən körpənin ümidlərini puç etmək?
Siz heç bilirsinizmi, körpələr atalarının boynuna hansı hisslərlə sarılar? Hansı ümidlərlə atalarının dizlərini qucaqlayar? Körpələr atalarını dünyanın ən güclü kişisi hesab edər. Siz körpə olmusunuzmu? Bu körpənin gözlərində onun atası “cinayətkar” deyil, cəngavərdir. Qəfəsə salınmış şirdir, qızmış pələngdir, nağıl qəhrəmanıdır.
Sizin körpəniz sizi sevdimi? Həsrət qaldımı aylarla üzünüzə? Sarıldımı yana-yana boynunuza?
Gözlərində özü kimi onlarla, yüzlərlə körpənin yükünü, ağrısını daşıyan balacanın dünyanın xeyrindən-şərindən xəbərsiz vaxtları olmadı ki heç. Zindandan gələn xəbərlərə, atasından gələn “salam”lara diqqət kəslidi. Anasının əzab dolu sevincini yaşadı, atasının qoxusunu digər doğmalarında aldı. Aldımı?
Kimi yetişdiririk? Hansı gələcəyin yetişməsinə vəsilə oluruq? Qəlbi nifrət dolu gələcəkmi? İntiqam hissilə böyüyən gələcəkmi? Budurmu bizim gələcəyimiz olan körpə? Bir körpənin baxışlarında bu qədər əzab, nisgil, ümidmi olar?
Araz, gözəl gözlüm... sənin baxışlarının qarşısında aciz, gücsüz və susqunam. Heç vaxt bizi bağışlama, heç kimi bağışlama bu məsum kədərinə görə. Heç kim sənin mərhəmətinə, böyüklüyünə layiq deyil. Zatən kimsə sənə yaşamalı olub yaşaya bilmədiklərini qaytarmaq iqtidarında deyil.
Gəl sənə bir əhvalat danışım, anlarsan nə dediyimi nə vaxtsa...
Bir sonsuz sənətkar nahaqdan hökmdarın qəzəbinə tuş gəlir. Hökmdarla görüşündə sənətkar deyir ki, mənim oğullarım sizi yerlə yeksan edəcək. Hökmdar qəhqəhə çəkib gülür:
Sən sonsuzsan, hansı oğullarından danışırsan?
Sonsuz mən deyiləm, zaman-zaman mənim haqlı olduğumu öyrənib məni sevəcək hər bir Vətən oğlu mənim oğlumdur, qisasımı alacaqlar, ancaq sənin belindən gələn oğulların haqsız olduğunu anladıqca, sən sonsuz olacaqsan...
Bax, Araz, gələcək sənin və sənin kimi nisgilli körpələrin iradəsindən, RƏŞADƏTindən asılıdır. Siz həqiqəti anladıqca bütün bağlı qapılar açılacaq, qaranlıqlar aydınlanacaq. Aydınlar AZAD olacaq!
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir).