Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:01

R. Morningstar: «ABŞ Azərbaycanda qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir»


Richard Morningstar
Richard Morningstar

-

«Biz bütün səviyyələrdə Azərbaycan rəsmiləri ilə daim demokratiya və insan haqları barədə müzakirələr aparırıq. Bu məsələlər Birləşmiş Ştatlar üçün önəmlidir. Onlar bizi və xarici siyasətimizi müəyyən edir».

ABŞ səfirliyinin internet səhifəsində verilən məlumata görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar iyulun 24-də Milli İncəsənət Muzeyində ölkəsinin maliyyələşdirdiyi mübadilə proqramları məzunları qarşısında vida çıxışında deyib.

«Prezident Obama-nın keçən ay Brüsseldə avropalı gənclərə dediyi kimi, «Bəli, biz demokratiyaya…müstəqil məhkəməyə və müxalifət partiyalarına, vətəndaş cəmiyyətinə və

insanların öz seçimlərini etməsi üçün senzurasız məlumata inanırıq. Bizim inandığımız məhz budur. Bizi güclü edən də budur».

«İNSANLARA DAHA ÇOX AZADLIQ VERİLƏRSƏ, AZƏRBAYCAN UZUN MÜDDƏT DAHA SABİT OLACAQ»

Səfir ölkəsinin və Azərbaycanın bu məsələlərə fərqli yanaşdığını vurğulayıb:

«Lakin, hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Fikir ayrılıqlarımız ola bilər, lakin dialoqu davam etdirməliyik. Bir-birimizin mövqelərini anlamağa çalışmalı və bir-birimizin maraqlarını qəbul etməliyik. Bu önəmli məsələlərdə bir-birimizi dinləməzdən gəlməyi dayandırmalı və bu önəmli məsələlər barədə danışmalıyıq. Anlayırıq ki, Azərbaycan mürəkkəb məkanda yerləşir. Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda onun yanında olmalıyıq. Bilirik ki, hökumətin ən ümdə məqsədi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik. Sabitlik olmayan ölkələrdə bir çox ölkələrdə nə baş verdiyinin şahidi olmuşuq. Bununla yanaşı, güclü şəkildə inanırıq ki, insanların özünü ifadə etməsi üçün onlara daha çox azadlıq verilərsə, Azərbaycan uzun müddət daha sabit olacaq. Bunu ona görə demirik ki, bu, Birləşmiş Ştatları şad edəcək, ona görə deyirik ki, biz inanırıq ki, bu, Azərbaycanın marağındadır. İnanırıq ki, sabitliklə açıqlıq arasında balans var və hesab edirik ki, insanların fəaliyyət göstərmək və özləri üçün imkanlar yaratmaq azadlığı olan ölkələr uğurlu olacaqlar. Bu, uzunmüddətli perspektivdə, həm insanların, həm də Azərbaycan hökumətinin marağındadır».

«ABŞ AZƏRBAYCANDA HƏR HANSI BİR ŞƏKİLDƏ QEYRİ-SABİTLİK VƏ YA İĞTİŞAŞ YARATMAQ İSTƏMİR»

Səfir bildirib ki, açıq, fəal vətəndaş cəmiyyəti bir çox cəhətlərdən çox güclü müsbət qüvvə ola bilər:

«Azərbaycanda fəalların və QHT liderlərinin ağır zəhməti və fədakarlığı məndə dərin təəssürat yaradıb. Mən Feys-in (səfirin həyat yoldaşı) bu ölkədə çoxsaylı qadınlarla birgə gördüyü işdən xüsusi qürur duyuram. Fəallar və liderlər öz ölkələrini çox sevirlər. Onlar bu cəmiyyətdəki ehtiyacları görür və vəziyyəti yaxşılaşdırmaq istəyirlər. Onlar önəmli töhfə vermək istəyirlər. Biz bu kimi şəxsləri və ya təşkilatları pozucu qüvvə hesab etmirik. Mən aydın şəkildə bildirmək istəyirəm: Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir. Lakin, mən inanıram ki, hökumət bizim barəsində bəhs etdiyimiz

məsələləri, ən son Həsən Hüseynlinin məsələsini xərc-fayda nöqteyi-nəzərindən gözdən keçirəcək və bu məsələlərin sabitliyi artırmasını, yoxsa lüzumsuz problemlər yaratdığını müəyyən edəcək. Biz QHT-ləri və vətəndaş cəmiyyətini dəstəkləyirik, çünki onların işinin dəyərinə güclü şəkildə inanırıq. Rəhbər prinsipimiz belədir ki, QHT-lər şəffaf şəkildə işləməlidir və biz hökumətlə sıx dialoqa çağırırıq».

«AZƏRBAYCANIN CƏSARƏTLİ KURSUNU TƏQDİR EDİRİK»

Diplomat vida çıxışı zamanı Azərbaycana dərin məhəbbət bəslədiyini, həmişə Azərbaycanın dostu olaraq qalacağını deyib:

«Mən Azərbaycana 1995-ci ildən səfər etmişəm və bir çox azərbaycanlını əsl dost hesab edirəm. Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm.

Vurğulamaq istəyirəm ki, Birləşmiş Ştatlar və mən Azərbaycanın ötən 23 il ərzində öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa yönəlmiş cəsarətli kursu təqdir edirik.

Birləşmiş Ştatlar Azərbaycanın suverenlik və müstəqilliyini həmişə dəstəkləyəcək. Mən Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi. Dağlıq Qarabağ münaqişəsiylə bağlı hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin, Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişmişdir. İndi Bakı iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlmişdir və siz bununla fəxr etməlisiniz».

Səfir Azərbaycanın enerji layihələrindəki iştirakına da diqqət çəkib:

«Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş etdirib. Təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qalıb. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olub. Birləşmiş Ştatlar kəməri dəstəklədi, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi. Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqliyi eyni dərəcədə cəsarətli addım idi. Mən Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə təkan verməkdən çox məmnun oldum. Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcək. Ümid edirəm ki, ikitərəfli ticarət və sərmayələr daha da artacaq».

YENİ CƏHDLƏRƏ EHTİYAC VAR

Richard Morningstar-ın sözlərinə görə, Azərbaycan Kosovo, İraq və Əfqanıstanda özünün güclü dəstəyi ilə geosiyasi sahədə də cəsarət və qətiyyət nümayiş etdirib:

«Əfqanıstana hərbi qulluqçular göndərməklə yanaşı, Azərbaycan Əfqanıstana və oradan malların daşınması üçün nəqliyyat qovşağı olmağa dair siyasi qərar qəbul etdi. Azərbaycan bunu etməyə də bilərdi və bu sahədəki işimiz əngəlsiz yerinə yetirilib. Əməkdaşlığımız Dövlət Sərhəd Xidməti ilə kimyəvi maddələrin yayılması və insan alverinin qarşısının alınmasını da əhatə edir. Bu payız Azərbaycanla Birləşmiş Ştatlar arasında birbaşa uçuşlar həyata keçirilməyə başlayacaq. Çoxsaylı proqramlar var ki, onlar barədə çox az adam xəbərdardır».

Amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirdiyini vurğulayıb:

«Bu münaqişəyə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcək. Bu, sizin və region xalqlarının halal haqqıdır. İkitərəfli əlaqələrimizin enerji və təhlükəsizlik elementləri vacibdir. Lakin Azərbaycanla əlaqələrimiz onlarla məhdudlaşmır» deyə səfir bildirib.

Richard Morningstar 2012-ci ildən ABŞ-ın Azərbaycandakı səfiridir.

XS
SM
MD
LG