Budəfəki «Qlobus»da Norveçdə yaşayan azərbaycanlılardan, diasporada birlik problemindən, habelə xaricdə təhsil alan azərbaycanlı tələbələrin yay tətilini necə keçirmələrindən söhbət apardıq.
Norveç-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri İrac İsmayıllı deyir ki, Norveçdə 2 minə yaxın azərbaycanlı yaşayır, onlardan təxminən 200 nəfəri Azərbaycandan köçən azərbaycanlılardır, qalanları əsasən İran azərbaycanlılarıdır. İrac İsmayıllının sözlərinə görə, azərbaycanlılar ən çox neft sahəsində işləyirlər, bundan başqa restoran açan, taksi sürücüsü kimi işləyən azərbaycanlılar da var.
İrac İsmayıllı özü İran azərbaycanlılarındandır, 20 il əvvəl Norveçə gəlib, hazırda Stavanger şəhərində neft mühəndisi kimi çalışır.
Azərbaycan diasporasında birlik, ya da parçalanma problemi varmı?
Britaniya hökumətindən siyasi sığınacaq almış Qoşqar Məmmədov diasporanın problemlərini onunla bağlayır ki, bu gün Azərbaycan diasporası əsasən respublikanı iqtisadi və siyasi səbəblərə görə tərk edənlərdən ibarətdir. «Belə adamların diaspora işiylə, yəni Azərbaycanın təbliğiylə fəal iş aparmasını gözləməyə dəyməz».
Bundan başqa da burada obyektiv səbəblər var, bu da onunla bağlıdır ki, azərbaycanlıların xarici ölkələrə axını son 10-15 ildə başlayıb.
Azərbaycanın Almaniyadakı səfirliyinin üçüncü katibi Rizvan Nəbiyev isə o fikirdədir ki, Azərbaycan diasporasında birləşmə ilə bağlı ciddi problem yoxdur, icmaların fəaliyyətində yaranan çətinliklər isə yerli şəraitlərlə bağlı olur.
Rizvan Nəbiyev deyir ki, Avropada azərbaycanlıların təşkilatlanmasına əngəl törədən əsas faktor azərbaycanlıların Avropa cəmiyyətinə tam inteqrasiya olunmaması ilə bağlıdır.
Xaricdə təhsil alan azərbaycanlılar bu yay tətilini necə keçirdilər?
Suallarımızı Hamburq Universitetində oxuyan Nailə Nəsirova, Türkiyənin Konya şəhərində təhsilini davam etdirən Elnur Mikayılov və Qahirə Universitetinin tələbəsi Fərid Cəbrayıllı cavablandırıblar. Elnur Mikayılov deyir ki, Türkiyədə oxuyan azərbaycanlı tələbələr yay tətili zamanı çox vaxt Antalyada turist şirkətlərində tərcüməçi kimi işləyirlər. Fərid Cəbrayılzadə də Misirdə oxuyan azərbaycanlı tələbələrin yayda turist şirkətlərində turistlərə xidmət göstərdiklərini deyib.
DİNLƏYİN!