İran vətəndaşı Rza İslam Bakıya bir həftəlik turist səfərinə gəlib. Dediyinə görə onu Azərbaycana çəkən ölkənin tarixinə olan marağıdır.
Şirvanşahlar sarayı, Qız qalası kimi tarixi yerləri ziyarət edən Rza İslam Həliməxatun piri və Binə bazarını sadalamağı da unutmadı. Binə bazarına baş çəkməsinin səbəbi isə ziyarət yox, ticarət imiş. Rza İslam deyir ki, bu bazarda istədiyin Çin malını ala bilərsən, amma həmin mallara İranda həmişə rast gəlmək olmur.
Maşınla Londondan Monqolustana səyahət edən amerikalı Teo Mişel və Aleks Slepan da yolüstü Azərbaycanda dayanıblar. Bu iki Amerikalı qonaq hələlik Abşeron otelinin ətrafında bir az dolaşmaqla şəhərlə az da olsa tanış olublar. Deyirlər Qazaxıstana keçməyə icazə alana qədər burda qalsalar digər yerləri də görəcəklər.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə bu il Azərbaycan ərazisinə yeddi yüz min turist daxil olub. Onlar əsasən Türkiyə, İran və Rusiyadan gələnlərdi. Nazirlik ölkəyə gələn turistlərin sayını yataq yerləri ilə - mehmanxanalarda istifadə edilmiş çarpayılarla müəyyənləşdirir. Hal hazırda ölkədə iyirmi iki min turistin bir dəfəyə gəlməsi üçün şərait var. Nazirlik bu rəqəmi yüz əlli minə çatdırmaq istəyir. Mədəniyyət və Turizm Nazirliyində daxili turizmin inkişafı sektorun əməkdaşı Mahir Qəhrəmanovun sözlərinə görə turizm daha da inkişaf etdirilərək neft qədər gəlir gətirən sahəyə çevrilə bilər. “Ölkəyə daxil olan hər hansı bir vətəndaş turist və qeyri turist qismində ölkəyə gəlirsə, bir gündən çox qalırsa, hər hansı fəaliyyətə görə ödəniş ödəyirsə bu insan turist hesab olunur. Bu turistin hava limanından mehmanxanaya çatınca olan xərcləri, yeməyi-içməyi, pul dəyişməsi, taksidən istifadə etməsi, bütün bunları hesablasaq görərik ki, turizm büdcəyə nə qədər pul gətirir. Bütün bu pulları hesablasaq biz deyə bilərik ki, turizm ölkəyə neft qədər pul gətirir”.
«Kaspian» turizm şirkətində müdir müavini olan Abbas Məmmədov qeyd edir ki, çalışdığı şirkət bu yay mövsümi ərzində 47 turist qəbul edib və turistlərin əksəriyyəti Azərbaycanın şimal bölgələrinə maraq göstərirlər. «Tarixi abidələr və istirahət zonaları bir yerdə olanda xaricilər ora getməyi xoşlayırlar. Qaxa getməyi xoşlayırlar, çox gözəl mənzərəsi var. Orda alban kilsələrini ziyarət edirlər».
Onu da qeyd edək ki, Şəkidə baş verən daşqınlara baxmayaraq bu günün özündə orda hələ xeyli sayda turist var.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Mahir Qəhrəmanov əlavə etdi ki, Nazirlik Azərbaycanda turizmin inkişafını əsas prioritetlərdən biri elan edib.