Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:31

Hacı Məmmədovun «mühüm ifadəsi»…


Hacı Məmmədovun dindirilməsi davam edir
Hacı Məmmədovun dindirilməsi davam edir

Ağır Cinayətlər dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi olan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədov yalnız dar çərçivədə mühüm ifadə vermək istədiyini bildirib. Hacı Məmmədovun nə demək istədiyini hələ ki, özündən başqa heç kim bilmir. Ancaq o bunda çox təkid edir. Üç gündür deyir ki, məhkəmə kiçik tərkibdə – yəni, vəkilin, prokurorun və hakimin iştirakıyla onu dinləsə mühüm ifadələr verəcək. Tez-tez məhkəməyə onu da xatırladır ki, bu ifadələr vacibdir, günün birində yatıb-durmaya bilər və sonra gec olar. Bu ifadələrin özünə yox, məhkəməyə lazım olduğunu da əlavə edir: «Bu mənə yox, məhkəmənin gedişinə lazımdır. Dinləsəniz görərsiniz ki, belədir. İttihamçıya deyirəm o baxmır, vəkilimə deyirəm, deyir mən gedim kimə nə deyim, sən nə desən, mən də onu deyəcəyəm. Yaxşı mən dərdimi kimə deyim?»


Məhkəməni müşahidə edən hüquqşünas, hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili Adil İsmayılov isə Hacı Məmmədovun tez-tez «mühüm ifadələr verəcəyəm» deməsini əsaslı saymır: «Bu deyilənlər auditoriyaya hesablanmış addımlardır. Əgər onun belə mühüm məlumatları varsa, Milli Təhlükəsizlik Nazirliyinə ərizə yazsın, nə demək istəyirsə, gedib ora danışsın. Əgər nazirə inanmırsa, onda demək istədiklərini məhkəməyə yazıb təqdim etsin. Fikirləşirəm ki, o, kimlərəsə mesaj göndərir».


Məhkəmənin onun dedikləriylə bağlı mövqeyinə gəldikdə, hakim Əli Seyfəliyev deyir ki, qanunvericiliyə görə o, dar dairədə məhkəmə keçirilə bilməz, onda gərək məhkəmə qapalı olsun. Hakim onu da deyir ki, Hacı Məmmədovun istəyini prokurorluğa bildirib, əgər onların cavabı müsbət olsa, onu dinləyəcəklər.


Hacı Məmmədovun vəkili Səməd Əliyev isə o fikirdədir ki, müdafiə elədiyi şəxs dinlənməlidir: «Elə məqamlar var ki, məhkəmə də aciz qala bilər». Hakimin cavabı isə həmişə eyni olur, «qanunu poza bilmərəm».


Bütün bunlara baxmayaraq Hacı Məmmədov çoxsaylı qətllər, adam oğurluqları və silahlı basqınlar haqqında təfsilatı ilə danışır. Üç gün ərzində o, 7 qətl haqda danışıb. Deyir ki, bunların hamısını o özü planlaşdırıb. Adam oğurluqlarının planlarının da müəllifi özü olub. O oğurladığı adamlara görə azı 50 min dollar aldığını deyir. Bir adama görə aldığı ən iri məbləğ isə 2 milyon avro və 200 min ABŞ dollarıdır. Hacı Məmmədov həyata keçirdiyi qətllər arasında daha çox Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Rövşən Əliyevə və «Monitor» jurnalının redaktoru Elmar Hüseynova görə peşman olduğunu deyir. Baxmayaraq ki, o, Elmar Hüseynovu necə, nə vaxt, kimlərin vasitəsi ilə qətlə yetirməsi haqqında hələ geniş ifadə verməyib. Dövlət ittihamçısı ondan soruşanda ki, cinayətlərdə əsasən hansı üsullardan istifadə edirdiniz, o, «bunun 100 yolu var, mənim çox mənbələrim vardı» deyirdi. Hacı Məmmədovun dindirilməsi avqustun 10-da da davam edəcək.


XS
SM
MD
LG