Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:35

Hacı Məmmədov yenidən MTN-də dindiriləcək


Məhkəmə MTN müraciətini nəzərə alıb prosesi avqustun 14-nə kimi təxirə saldı
Məhkəmə MTN müraciətini nəzərə alıb prosesi avqustun 14-nə kimi təxirə saldı

Avqustun 10-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəmə prosesi davam etdirilib. Məhkəmənin budəfəki iclasında Milli Təhlükəsizliyinin (MTN) müraciəti oxunub. Müraciətdə MTN-in «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı aparılan istintaqın Hacı Məmmədovdan ifadə almasını zəruri hesab etdiyi göstərilib. Məhkəmə MTN-in müraciətinin nəzərə alaraq, Hacı Məmmədovun istintaqa ifadə verməsinə razılıq verib və bununla əlaqədar olaraq proses avqustun 14-nə kimi təxirə salınıb.


Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili polkovnik-leytenant Hacı Məmmədov iyulun 25-də məhkəməyə verdiyi ifadəsində «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun rəhbərlik etdiyi dəstə tərəfindən qətlə yetirildiyini deyib. Avqustun 9-da keçirilən məhkəmə prosesində isə bu ifadəsini bir daha təsdiqləyən keçmiş əməliyyat müvəkkili Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Rövşən Əliyevlə Elmar Hüseynovu eyni plan üzrə öldürüldüyünü, həmin planı isə özü hazırladığını bildirib.


Amma Hacı Məmmədov Elmar Hüseynovu necə, hansı səbəbdən qətlə yetirdiyi barədə hələlik ətraflı məlumat verməyib. Bu günə qədər yalnız onu bildirib ki, jurnalisti keçmiş İqtisadi İnkişaf naziri, hazırda dövlət çevrilişinə cəhd ittihamıyla həbsdə saxlanan Fərhad Əliyevin sifarişi ilə qətlə yetirib. Fərhad Əliyev isə bu ifadədən dərhal sonra xalqa müraciət edərək Hacı Məmmədovun dediklərini rədd edib və bildirib ki, hansısa cinayətləri boynuna alması üçün ona bu cür üsullarla təzyiq edilir.


Fərhad Əliyevin vəkili Adil İsmayılov deyir ki, Hacı Məmmədovun ifadəsindən sonra Fərhad Əliyev də dindirilə bilər. Vəkil onu da xatırladır ki, istintaq dövründə Fərhad Əliyevin Elmar Hüseynovun qətlində iştirak edib-etməməsi yoxlanıb və bu təsdiqini tapmayıb.


Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu hesab edir ki, Hacı Məmmədovun Elmar Hüseynovun qətli ilə bağlı istintaqda dindirilməsi yeni epizodları aşkara çıxara bilər:


«İşin hərəkətə gəlməsi və aktivləşməsi baxımından bu çox yaxşı amildir. Hacı Məmmədov məhkəmədə demişdi ki, iki gün ərzində bu ifadəni verib başa çatdıra bilməyəcək. Bir halda ki, iki gün ərzində bunu edə bilərlərsə, etsinlər. Hər halda, bununla bağlı bütün şübhəli məqamlar aradan götürməlidir»


Avqustun 10-da keçirilən məhkəmə prosesində Hacı Məmmədov səhhətinə görə məhkəmənin təxirə salınmasını da xahiş etdi. Dedi ki, gözlərində problem olduğundan müalicə olunmalıdır. Məhkəmə avqustun 14-də davam edəcək.


Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə ötən il martın 9-dan 10-na keçən gecə MTN-nin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində tutulub. Dəstə çoxsaylı adam oğurluqları və qətllər törətməkdə təqsirləndirilir.


XS
SM
MD
LG