Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:44

Cənub bölgəsinin perspektivləri…


Çayçılıq sərfəli olmadığından Lənkəranda çay plantasiyaları dağıdılır
Çayçılıq sərfəli olmadığından Lənkəranda çay plantasiyaları dağıdılır

Sovet dövründə Azərbaycanın cənub bölgəsində iqtisadiyyatın əsas istiqamətlərindən biri çayçılıq olub. Amma kolxoz və sovxozlar ləğv ediləndə onların torpaq sahələri yerli camaat arasında bölündü və cənub bölgəsinin əhalisi sıx olduğundan həmin sahələrdə yeni evlər tikilməyə başladı. Bəziləri isə öz sahələrindəki çay kollarını kəsib yerində tərəvəz, yaxud yerli mətbəxdə düyü çox istifadə olunduğundan çəltik əkdilər.


Lənkəran rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseynqulu Məmmədli deyir ki, indi çayçılığı bərpa etmək, demək olar ki, mümkün deyil: «Çayı əkirsən, yalnız 7 ildən sonra məhsul verir, çay kolunun 100-120 il ömrü olur. Heç kəs oturub 7 il məhsul gözləməz. Ona görə də bu işə dövlətin dəstəyi lazımdır ki, güzəştli şərtlərlə sərmayəçilər cəlb edilsin».


Sovet dövründə cənub bölgəsində yetişdirilən tərəvəz əsasən Rusiyaya daşınardı. Amma indi daha çox ölkə daxilində satılır. Bəzi ekspertlər bunu Rusiyaya mal aparanların gömrükdə bürokratik əngəllərlə üzləşməsiylə izah edirlər.


Amma Rusiya və Azərbaycan bu ildən ticarət dövriyyəsini artırmaq qərarına gəldiyindən tərəvəz ixracının yenidən genişlənəcəyi gözlənilir. İqtisadçı ekspert Rəsmiyyə Əşrəfova isə tərəvəz ixracının artırılmasını düzgün saymır. Onun fikrincə, əhalisi sıx olduğu üçün cənub bölgəsinin iqtisadiyyatını təkcə kənd təsərrüfatı hesabına inkişaf etdirmək mümkün deyil. Paralel olaraq sənaye də inkişaf etməlidir. Bu isə tərəvəzin və cənub bölgəsində yetişdirilən sitrus meyvələrinin konservləşdirilməsi ola bilər: «İxracı artırmaqla biz emal müəssisləri üçün xammalı satmış oluruq, halbuki yeni konserv zavodlarının açılması minlərlə yeni iş yerlərinin yaradılması demək olardı».


Rəsmiyyə Əşrəfova deyir ki, məhz iş yerlərinin azlığı səbəbindən Azərbaycanın cənub bölgəsi əhalisi MDB ölkələrinə ən çox miqrasiya edən regionlarından sayılır. Amma bəzi ekspertlər hesab edirlər ki, cənub bölgəsi Azərbaycanda doğum səviyyəsinin yüksək olduğu regionlardan olduğu üçün orada kənd təsərrüfatının inkişaf perspektivləri məhduddur.


Milli Məclisin sosial siyasət komissiyasının sədri, Lənkəran rayonundan seçilmiş millət vəkili Hadı Rəcəbli deyir ki, bu reallıq nəzərə alınmalı və kənd təsərrüfatıyla yanaşı cənub bölgəsində iqtisadiyyatın yeni sahələri inkişaf etdirilməlidir: «Mən şəxsən cənub bölgəsinin gələcəyinin turizm sektorunun inkişafında görürəm. O zonanın turizm imkanları çox genişdir, həm dəniz sahilindədir, həm dağları, meşələri, çayları var, həm də İstisu kimi müalicə mərkəzi. Bütün bunlar ərazini turist üçün cəlbedici edir».


İndi cənub bölgəsində yeni otel və kotteclər tikilir, amma onların reklamında belə ifadəyə tez-tez rast gəlmək olar – «oteldə elektrik enerjisiylə daimi təminat üçün generatorlar da var». Cənub bölgəsində turizm sektorunun inkişafı üçün lazım olan infrastrukturun: yolların vəziyyətinin, işıq, qaz təchizatının yaxşılaşdırılmasına ehtiyac var.


XS
SM
MD
LG