Həmin həbsxanada ömürlük cəza çəkən bir qrup məhbus bir neçə gün əvvəl aclıq aksiyasına başladıqlarını bildirmişdilər. Onlar məhbus yoldaşları Kamandar Aslanovun ölümündən sonra həyatları üçün narahat olduqlarını bildirir və buna görə də hüquq müdafiəçilərinin, ombudsmanın həbsxanaya gələrək real şəraitlə tanış olmasını tələb edirdilər. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun təmsilçisi Novella Cəfəroğlu isə Qobustan həbsxanasına gələn həftə baş çəkəcəklərini deyir. Ombudsman isə artıq avqustun 17-də orada olub şəraitlə tanış olduğu üçün təkrar baxışa ehtiyac görmür.
Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməkdaşı Rafiq Ramazanov isə Qobustan həbsxanasında aclıq aksiyası keçirildiyini təkzib edir. Eyni zamanda o, deyir ki, avqustun 25-də bütün həbsxanalara, o cümlədən Qobustan həbsxanasına da baxış keçirilib: «Biz həmişə həbsxanaya gedəndə, məhbusları qəbul etmişik. Özü də Baş İdarənin əməkdaşları yeddi nəfər yox, daha çox məhbusla görüşüblər».
Rafiq Ramazanov hüquq müdafiəçiləri və ya ombudsmanın istənilən vaxt həbsxanaya getmək imkanı olduğunu da söylədi.