Prezident Aparatının qəbul otağında olanda başa düşdüm ki, ölkənin ən ucqar bölgələrindən gələn onlarla şikayətçinin son güman yeri prezidentdir. Yorğun və əsəbi görünən bu insanlar, yəni həyətində hamam tikə bilməyən də, oğlu öldürülən də, yaxınları şərlənib həbsxanaya salınan da, hətta maddi yardıma ehtiyacı olan da prezidentə pənah aparır. Elə bilir ki, öz dərdini və bildiklərini prezidentlə bölüşsə, bu məsələ dərhal həll olunacaq. Misal üçün Bərdədən gələn İbrahim kişinin oğlu il yarım əvvəl dənizdə batıb. Amma o oğlu Zamin İbrahimovun öz əcəli ilə ölmədiyini, qaçaqmalçılıqla məşğul olduğuna görə öldürüldüyünü iddia edir. İl yarımdı oğlunun meyitinin yenidən ekspertizadan keçirilməsini və onun qatillərinin həbsini tələb edir. Onun görüşdüyü hüquq-mühafizə orqanlarının, onların əməkdaşlarının adlarını sadalasaq çox böyük siyahı alınmış olar. Bircə onu deyə bilərəm ki, əlacı üzülüb prezidentə üz tutub: «İlham Əliyevə məktub yazmışam. Ona şikayət etdim ki, prezidentimizdir kömək edər. Amma, etdiyim şikayət nə prezidentə çatır, nə baş prokuror Zakir Qaralova, nə daxili işlər naziri Ramil Usubova…»
Bu sıravi vətəndaşın söylədikləridir. Amma təkcə vətəndaşlar yox, həm də ictimai qurumlar, hüquq müdafiə komitələri də əlacları kəsiləndə İlham Əliyevdən yardım istəyirlər. Bu günlərdə hüquq müdafiəçiləri milli qəhrəman Rasim Əkbərovun səhhətini pisləşdiyini görüb prezidentə müraciət etdilər. Və ya narkotik maddə saxlamaqda ittiham olunan «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsi də azı beş dəfə ölkə başçısından bu məsələni diqqətdə saxlamasını, jurnalistin azadlığa buraxılmasını istəyib. Əslində, prezidentə üz tutanlar kiminsə bilmədiyini demirlər. Sadəcə, onun müdaxiləsini gözləyirlər…
Prezidentin xanımı Mehriban Əliyevanın qəbuluna düşmək istəyənlər də çoxdurlar. Müşahidəçilərin qənaətincə, prezidentin xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri və YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyəti çox təbliğ olunur. Onun haqqında yerli televiziyalarda, bəzənsə Rusiya kanallarında verilişlər hazırlanır. Bütün bunlarda öz növbəsində ictimai şüurda onun işgüzarlığı və xeyirxahlığı haqqında müsbət rəy yaradır. Hətta ölkə başçısı İlham Əliyev özü də bu günlərdə xarici telekanallardan birinə müsahibəsində Mehriban Əliyevanın nüfuzunun onun nüfuzunu üstələdiyini etiraf etdi. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının təmsilçisi, professor Kamil Səlimovun fikrincə, yerlərdə şikayətlər cavabsız qaldığından vətəndaş ən səmərəli yola əl atmaq haqda düşünür.
Vətəndaşın qənaətincə, ən effektli yol prezidentə və ya onun xanımına üz tutmaqdır. Bu üzdən də kütləvi müraciətlər başlanır. Kamil Səlimovun dedikləri Mehriban Əliyevadan yardım istəyən Nigar Məmmədovanın mövqeyi ilə üstü-üstə üşür. O, Mənzil Kommunal Təsərrüfatı Departamentinin ailəsini iyirmi iki ildir yaşadığı evdən çıxardığını və Ali Məhkəmədə işi uduzduğunu deyir. Özü də, övladlarının da astma xəstəliyindən əziyyət çəkdiyini bildirir: «Biz evdar xanımlar Mehriban Əliyevaya Azərbaycanın birinci xanımı kimi baxırıq. Həm də xoşməramlı səfirdir. Həm Heydər Əliyev ona o boyda fond qoyub. Televiziyada verirlər, nə qədər şikəstə, kimsəsizə əl tutur. Bir ana kimi mən də ondan kömək istədim».
Amma deyir ki, iki il əvvəl Ali Məhkəməyə, Appelyasiya Məhkəməsinə müraciət etməmişdən Mehriban Əliyevadan kömək istəsə də, hələ də ona cavab gəlməyib. O da ümidini üzməyib, yenə də yazmaqdadır. Təyyarə Əsədullayevanın şikayəti isə Mehriban Əliyeva çox tez həll edib. Onun göstərişi ilə Binəqədi bələdiyyəsi təqaüdçüyə yüz min manat yardım göstərib. Bu az olduğundan indi də prezidentə üz tutmaq niyyətindədir.
Amma bu da var ki, bəzən vətəndaşları yönəldənlər də olur. Oğlu həbs edilmiş Təranə Salamova hardan və kimdən kömək istəməli olduğunu bilmədiyini deyir. Odur ki, üz tutduğu adamlar arasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da adı var. Deyir ki, hamı onun böyük adam olmasından danışdığından ondan kömək istəyib. Sonra məsləhət görüblər prezidentə və xanımına da yazsın. O da yazıb.
Hüquq müdafiəçisi Çingiz Qənizadə deyir ki, bu cür anormallığın yaranmasına səbəb Azərbaycanda hüquq dövlətinin formalaşmamasıdır. Düzdür, bəzi sahələrdə islahatlar gedir, qanunlar demokratikləşdirilib. Amma qanun işləmir. Hüquq müdafiəçisinin sözlərinə görə, insanların haqqını müdafiə etməli məhkəmə bu vəzifəsini icra etmir. Rüşvətin olduğunu ölkə başçısı belə etiraf edirsə o zaman məhkəməyə müraciət etməyə nə ehtiyac qalır? «Bu baxımdan da insanlar son şans kimi prezidentə və onun xanımına müraciət edirlər. Mehriban xanım ictimai fəaliyyəti nəticəsində populyarlıq və nüfuz qazanıb. Bəzi məsələlərə təsir etmək imkanı var. Ümidi üzülənlər bir Allaha, bir də prezidentə və xanımına bel bağlayırlar». Amma hüquq müdafiəçisi bunu çıxış yolu saymır və hesab edir ki, ölkədə vətəndaşlar qanunlara güvənməlidirlər.